Bölgə xəbərləri: Tullantılardan gübrə istehsal olunur
Region

Bölgə xəbərləri: Tullantılardan gübrə istehsal olunur

Hacıqabul Sənaye Məhəlləsində tullantılardan zülal və üzvi gübrə istehsal edən müəssisə - "Provive" MMC müəssisəsinin açılışı keçirildi. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev, yeni müəssisənin məsul işçiləri iştirak etdilər.

KOBİA-dan mətbuata bildirildi ki, müəssisədə innovativ texnologiyaya əsaslanaraq “Black soldier fly” milçəyinin sürfələrindən istifadə olunmaqla qida tullantılarından zülal (heyvan mənşəli) və “Zoohumus” üzvi gübrəsi istehsal olunacaq. Bu, tullantıların atılmasının qarşısını alacaq, eyni zamanda, atmosferə atılan zərərli tullantıların miqdarını azaldacaq. Nəticədə ekoloji təmiz, təbii və proteinlə zəngin məhsullar əldə olunacaq.

İnvestisiya həcmi 2,3 milyon manata yaxın olan müəssisədə 20 nəfərə yaxın işçi çalışacaq. Hazırda müəssisənin istehsal gücü aylıq 15 tondur və yaxın vaxtlarda bu həcmin 30 tona çatdırılması planlaşdırılır. Müəssisə bir hektar ərazidə fəaliyyət göstərir.

"Provive" MMC-yə 2020-ci ilin fevralında İZİA-nın idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsinin rezidentlik statusu verilib. Müəssisəyə KOBİA tərəfindən də dəstək göstərilib.

Tofiq HÜSEYN,

“Respublika”.