Bol suvarma torpağı canlandırır
Region

Bol suvarma torpağı canlandırır

Baharın gəlişi ilə təbiət oyanır, torpaqda -güc artır. Kənd əməkçiləri sahələrdə aqrotexniki tədbirləri vaxtında həyata keçirməyə tələsir, cari ilin bol məhsulunun bünövrəsini qoyurlar. Torpaqdan yüksək məhsul götürməyin ən vacib şərtlərindən biri əkinlərin vaxtında lazımi qədər suvarılmasıdır. Bu işdə melioratorlar kənd təsərrüfatı istehsalçılarının ən yaxın yardımçısıdır. Bu günlər melioratorlar əkin, bağ, tərəvəz, bostan, yem bitkiləri sahələrinin bol suvarma suyu ilə təmin olunması üçün əllərindən gələni əsirgəmirlər.

Şabran Rayon Suvarma Sistemləri İdarəsinin kollektivi mövsümə hazırlıq işlərini vaxtında başa çatdırmaq üçün bütün qüvvə imkanlarından səmərəli  istifadə edir. Suvarma arxları təmizlənir, yerləri qazılır, torpaq məcralı arxlara beton üzlük çəkilir. Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Azər Əzizov deyir ki, hazırda rayonumuzda uzunluğu 769,9 kilometr olan suvarma arxları mövcuddur. Bunun 115 kilometri beton, 654 kilometri torpaq məcralı arxlardırMelioratorlarımız 18 min 493 hektar suvarılan sahəyə xidmət göstərirlər. Bu torpaqlarda əsasən taxıl, yonca, qarğıdalı, meyvə, bostan, tərəvəz yem bitkiləri  əkilib-becərilir. Mövcud sahələri bol suvarma suyu ilə təmin etmək məqsədilə son 2 ildə rayonun Aygünlü, Padar kəndləri Şabran şəhəri ərazisində 3 subartezian quyusu qazılmışdır. Bu mövsümə hazırlıq məqsədilə Ağalıq kəndi ərazisində 10 torpaq məcralı suvarma arxı təmir olunmuşdur. Həmin arxın 1,06 kilometrlik hissəsi əsaslı təmir olunaraq beton üzlüklə əvəzlənmişdir. Cari ilin yanvar-fevral ayları ərzində 82 kilometr suvarma arxı lildən kol-kosdan təmizlənmişdir. Yeri gəlmişkən deyim ki, Taxtakörpü Su Anbarı istifadəyə verildikdən sonra su istifadəçilərini lazımi qədər suvarma suyu ilə təmin edirik. Bu su anbarından bir çox təsərrüfatlar, xüsusilə "Şabran Aqrokompleks" MMC daha çox yararlana bilir. Onu da qeyd edim ki, bu  aqrokompleks hər il 1100 hektar ərazidə taxıl, 400 hektar ərazidə dən üçün qarğıdalı, 300 hektarda isə təkrar qarğıdalı əkir.

Suvarma suyundan qənaətlə istifadə edilməsi, təsərrüfatlar arasında düzgün bölüşdürülməsi məqsədilə rayonda 3 - Ağalıq, Rəhimli Dəvəçi Sudan İstifadəedənlər Birlikləri (SİB) yaradılmışdır. Tərəfimizdən həmin SİB-lər vasitəsilə mövcud suvarma suyunun verilməsi nizamlanır.

Ziyafəddin BAYRAMOV.