BMU-da “44 günün qəhrəmanları” layihəsi çərçivəsində qazilərlə görüş
Sosial həyat

BMU-da “44 günün qəhrəmanları” layihəsi çərçivəsində qazilərlə görüş

Bakı Mühəndislik Universitetində (BMU) 44 günlük Vətən müharibəsi zəfərinə həsr edilmiş “44 günün qəhrəmanları” layihəsi çərçivəsində qazilərlə görüş keçirilib.

Tədbir Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Böyük Qayıdış İctimai Birliyinin təşkilatçılığı və BMU-nun tərəfdaşlığı ilə baş tutub.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş 44 günlük hərbi əməliyyatların Azərbaycan tarixinə Vətən müharibəsi kimi əbədi həkk olunduğunu bildirib. 44 günə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdiyini vurğulayan rektor daha sonra qeyd edib ki, məhz milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi.

H. Məmmədov Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda igidlik və şücaət nümayiş etdirmiş, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş hərbi qulluqçuların Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı, müxtəlif orden və medallarla təltif olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Rektor diqqətə çatdırıb  ki, bu təltiflər Vətən müharibəsində iştirak edən hərbi qulluqçuların xidmətlərinin ölkə başçısı tərəfindən yüksək qiymətləndirilməsinin təsdiqi olmaqla yanaşı, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Daha sonra çıxış edən ATGTİ-nin sədri Pərviz Mirələmli ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdiyini, ordumuzun düşmənə sarsıdıcı zərbələr endirərək tarixi Qələbəyə imza atıldığını qeyd edib.

Sonda 44 günlük Vətən müharibəsi kadrlarını özündə əks etdirən videoçarx nümayiş olunub.

                                                    BMU-nun ictimaiyyətlə əlaqələr şöbəsi.