BMT TŞ 31 ildən sonra Somaliyə tətbiq etdiyi silah embarqosunu ləğv edib
Dünya xəbərləri

BMT TŞ 31 ildən sonra Somaliyə tətbiq etdiyi silah embarqosunu ləğv edib

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) 1992-ci ildən Somaliyə tətbiq etdiyi silah embarqosunu ləğv etmək qərarına gəlib.

"Respublika" "BBC" nəşrinə istinadla xəbər verir ki, Somaliyə silah embarqosunun ləğvi ilə bağlı qətnamə layihəsi 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurasının iclasında səsə qoyulub. Qanun layihəsi yekdilliklə qəbul edilib.

Somalinin BMT-dəki daimi nümayəndəsi Abukar Dahir Osman səsvermədən sonra çıxışında bu qərarın Somalinin təhlükəsizlik təhdidləri ilə mübarizəsinə töhfə verəcəyini bildirib.

BMT Təhlükəsizlik Şurası ordunun silah, sursat və bomba hazırlama materiallarının Somalidə yerləşən "Əl-Şəbab" terror təşkilatının əlinə keçməsinin qarşısını almaq üçün 1992-ci ildən Somaliyə silah embarqosu qoymuşdu.

Tacir SADIQOV,

"Respublika".