Bitməyən mina terroru
Sosial həyat

Bitməyən mina terroru

Bəzi hesablamalara görə, dünyada minalarla çirklənmiş ərazilər çoxdur və hər il təxminən 10 min insan bu minaların qurbanı olur, ya da müxtəlif dərəcəli xəsarətlər alır. Çox təəssüf ki, Azərbaycan ərazilərinin minalanmasından əziyyət çəkən ölkələr sırasındadır. 1991-ci ildən ötən dövr ərzində Azərbaycanda minalardan zərərçəkənlərin ümumi sayı üç mini keçib.

Cari il yanvarın 21-də saat 13 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində mina partlayışı baş verib və nəticədə 1980-ci il təvəllüdlü Ağcabədi rayon Kürtlər kənd sakini Faiq Abışov ayağından xəsarət alıb. Mina insan həyatına qarşı törətdiyi ciddi təhdid və işğal dövründə viran qoyulmuş ərazilərin yenidən qurulması işlərinə yaratdığı maneələrlə bu gün yenidən gündəmə gəlib. Bu barədə Azərbaycan Xarici İşləri Nazirliyi də  "X" (Twitter) sosial şəbəkəsində paylaşım edərək bildirib ki, hər kəs mina xəritələri ilə bağlı dəqiq məlumat almaq üçün Ermənistana təzyiq etməlidir.

Otuz ilə yaxın işğalçılıq dövründə bu əraziləri minalamış ermənilər beynəlxalq konvensiyalara zidd olaraq xəritələri Azərbaycan tərəfinə təqdim etmir. Yalnız müəyyən ərazilərin mina xəritəsi əsirlərin qarşılığında verilib ki, bunun da 75 faizi yanlışdır. Qarabağ ərazisinin relyefi və minaların çoxluğu nəzərə alınsa, demək olar ki, ümumilikdə minaların təmizlənməsi uzun illər çəkə bilər. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri zamanı Ağdamda basdırılmış minaların sayını biləndə çox təəccüblənmişdi. Yəni təkcə Ağdam şəhərində 97 min mina basdırılıb. Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlara məlumat versə də, Ermənistan bu gün müxtəlif bəhanələrlə minalanmış sahələrin tam xəritəsini təqdim etməkdən boyun qaçırır.

Görünən odur ki, Ermənistan biabırçı məğlubiyyətə məruz qalacağını əvvəlcədən bildiyi üçün bizdən bu yolla qisas almağa çalışıb. Ermənilər işğal dövründə Azərbaycan torpaqlarına 1 milyondan çox mina basdırıblar. Bu isə Ermənistan dövlətinin münaqişə bitəndən sonra Azərbaycan və azərbaycanlılara qarşı terror siyasətinin açıq-aydın sübutudur. Mənfur qonşular 30 il ərzində Qarabağ torpaqlarını mina "tarlalarına" çevirib, həm də şəhər və kəndləri birləşdirən yollara, tarixi abidələrə, əkin sahələrinə, hətta, qəbiristanlıqlara belə mina basdırıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub. Böyük Qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərinin aparılmasından keçir. Minatəmizləmə əməliyyatlarına əsasən yaşayış məntəqələrinin salınacağı ərazilər, əkin sahələri və yollardan başlanılıb. Hazırda bu istiqamətdə gərgin iş hələ də davam edir. Minatəmizləmə işləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilir.

Əslində bu proseslərə aidiyyəti beynəlxalq təşkilatlar və ölkələr dəstək olub, yardım göstərməlidirlər. Amma bəzi qərb dövlətləri bizi ittiham edərək ermənilərə dəstək verirlər. Ermənistanın törətdiyi müharibə cinayətləri beynəlxalq qurumlar tərəfindən araşdırılmalı, ərazilərin minalanması və xəritələrin təqdim edilməməsinə hüquqi-siyasi qiymət verilməli və işğalçı ölkə törətdiyi bütün cinayətlərə görə cəzalandırılmalıdır.

Heç bir halda minadan xəsarət alan şəxslərin pozulmuş hüquqları gözardı edilə bilməz. Yaşamaq hüququ insanın ən təbii, fundamental hüquqlarından biridir. Bu problem Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərinə əsas maneədir və yüz minlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz, layiqli şəkildə qayıtmasını məhdudlaşdırır.

Röya RÜSTƏMLİ,

"Respublika".