Birliyimiz, demokratik dəyərlərə sadiqliyimiz nümunədir
Siyasət

Birliyimiz, demokratik dəyərlərə sadiqliyimiz nümunədir

Qloballaşan dünya nizamında coğrafi yaxınlıq, mədəniyyət, din və dil birliyi kimi sarsılmaz mənəvi tellərlə bir-birinə bağlı olan türk xalqlarının birlik nümayiş etdirmələri çox vacibdir. Çünki bütün bunlar türk dövlətlərinin müstəqilliklərini daha da möhkəmləndirmək, dünyada cərəyan edən proseslərə təsir göstərə bilmək, milli maraqları müdafiə etmək baxımından mühüm siyasi elementlərdir.

Azərbaycan Respublikası türk dövlətləri ilə əlaqələrində məhz belə mövqedən çıxış edir və daim bu prinsiplərə sadiq qalır. Bir soydan qaynaqlanan etnik ortaqlıqla, dil və mədəniyyət kimi mənəvi dəyərlərlə bir-birinə bağlı olan Azərbaycan və Türkiyə yalnız mehriban qonşuluq münasibətlərini deyil, ölkələrimizin daha da yaxınlaşmasını şərtləndirən mənəvi amilləri də rəhbər tutaraq tarixən mövcud olmuş əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün bütün zəruri addımları atmışlar. Azərbaycan-Türkiyə əlaqələrinin dünyada analoqu yoxdur. Elə buna görə də, Azərbaycan-Türkiyə əlaqələrindən söz açdıqda diqqəti cəlb edən əsas məsələ əməkdaşlığın genişləndirilməsi və ya dərinləşdirilməsi deyil, bu iki türk dövləti arasındakı dostluq və qardaşlıq münasibətlərinin özünün ən yüksək zirvəsinə çatmasının əsas müzakirə mövzusu olmasıdır.

Əlbəttə, Azərbaycan-Türkiyə qardaşlığı və bundan irəli gələn strateji səviyyəyə yüksələn əlaqələr iki ölkənin maraqlarına nə qədər cavab verirsə, türk düşməni olan dairələr bu münasibətlərə son dərəcə qısqanclıqla yanaşır. Ötən 20 ildə iki qardaş xalqın arasına nifaq salmaq üçün kifayət qədər cəhdlər olmuşdur. Lakin istər erməni lobbisinin, istərsə də Qərbin anti-Azərbaycan və anti-Türkiyə şəbəkələrinin heç bir cəhdi fayda verməmiş, əksinə Azərbaycanla Türkiyə arasında münasibətlər daim yüksələn xətt üzrə inkişaf etmişdir.

Ksenofob, islamofob və türkofob təzahürlərin cəmləşdiyi Avropa bu gün də öz çirkin əməllərinə davam edir. Ötən il qardaş Türkiyədə prezident seçkilərindən öncə apardıqları əks-təbliğatı, indi də Azərbaycanda təkrarlamaq niyyətindədirlər. Bu yaxınlarda AŞPA-nın sərgilədiyi bədniyyət də təsadüfi deyildi. Belə bədxah qüvvələr davamlı şəkildə "qara piar" kampaniyası apararaq ölkəmizin imicinə müxtəlif yollarla xələl gətirməyə cəhd göstərirlər. Avropa Şurası Parlament Assambleyası da məhz bu cür qaragüruh dairələr sırasında yer alır. Avropa Şurasının fəaliyyəti obyektivlikdən və ədalətdən uzaqdır. Fransa və Avropadakı erməni lobbisi AŞPA-nı anti-Azərbaycan platformasına çevirib. Heç şübhəsiz, Azərbaycan əleyhinə atılan addımlar Fransanın təşkilatçılığı və təhriki ilə həyata keçirilir. Fransanın sülhü pozan fəaliyyətlə açıq şəkildə məşğul olduğunu göstərir. Bununla yanaşı, anti-Azərbaycan ritorikası ilə çıxış edənlər AŞPA-nın 7 fevral prezident seçkisini müşahidə etmək üçün dəvət almadığını da bildiriblər. İş ondadır ki, AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi üçün çağırış edənlər ağ yalan danışırlar. "Seçkiyə dəvət" mövzusunu manipulyasiya edərək özlərinin qərəzli davranışlarına haqq qazandırmağa, gerçək niyyətlərini gizlətməyə çalışırlar. AŞPA müşahidə missiyası 2018-ci ilin aprel ayında keçirilmiş prezident seçkilərində Bakıda olub və hətta ATƏT DTİHB-ə nisbətən loyal bəyanat verib. Məntiqə görə, əgər rəsmi Bakı seçkilərin xarici missiyalar tərəfindən müşahidə edilməsindən ehtiyatlansaydı, indi ATƏT DTİHB deyil, AŞPA-nı çağırmalıydı. Bu hal Qərbdə ənənə halını alıb. Qardaş Türkiyədə baş tutan son prezident seçkilərindən öncə də Qərbdə buna bənzər addımlar müşahidə olunurdu.

Lakin tarix sübut edir ki, Azərbaycan və Türkiyəyə yönəlmiş istənilən cəhd nəticəsiz qalır, iflasa uğrayır. Bu qərəzli siyasət islam, türk düşmənçiliyi onları doğru istiqamətə aparmayacaq. Keçən il qardaş ölkənin prezident seçkiləri zamanı dünyanı mat qoyduğu, düşmənləri isə məyus etdiyi demokratiya təntənəsi fevralın 7-də Azərbaycanda təkrarlanacaq.

Aiza ŞABANOVA,

"Respublika".