Birlik və həmrəylik nümunəsi
Siyasət

Birlik və həmrəylik nümunəsi

Türkdilli dövlətlərin təşkilatlanması türkofobiyaya ən yaxşı cavabdır

Türkofobiya və ya antitürkçülük - türkdilli xalqlara, onların mədəniyyətinə, tarixi irsinə qarşı düşmənçilik, nifrət, ayrı-seçkilik və ya qərəz hisslərini ifadə etmək üçün istifadə edilən termin, etnofobiyanın istiqaməti.

Türkofobiya təkcə türkdilli xalqlara yox, Balkan yarımadasında yaşayan müsəlmanlara, xüsusən də boşnaklar, albanlar, pomaklar və tobeşlərə, eləcə də türk diasporuna istiqamətləndirilir. İndiki dövrdə tükdilli xalqların nümayəndələri Yunanıstan, Almaniya, Belçika, Bolqarıstan, Çin, Polşa, Ermənistan, ABŞ, İsveç, Danimarka, Fransa, Avstriya, İran və Rusiya kimi ölkələrdə irqçi hücumlara məruz qalırlar.

Əslində türkofobiya islamofobiya ilə əlaqəlidir.  Tarixə qısa bir nəzər salaq. Türkofobiyanın kökləri hunların Avropaya gəlməsinə təsadüf edir. Onların gəlişi avropalılarda böyük qorxuya səbəb olmuşdu. Onlar hətta Atillanı "Tanrının qırmancı" adlandırırdılar. Böyük Səlcuq imperiyasının Anadoluya daxil olması və Bizans imperiyasının tənəzzül etməsi ilə Roma papası II Urban bütün xristian dünyasını türklərə qarşı müharibəyə çağırmış, Birinci Səlib yürüşü başlamışdı. XV əsrdə Osmanlı imperiyasının yüksəlişi Avropada təşviş yaratmış, Konstantinopol şəhərinin fəthi və Osmanlının Avropadakı müharibələri türkofobiyanı daha da gücləndirmişdi.

Türkofobiyanın ən yüksək həddə çatdığı ölkələrdən biri Ermənistandır. Ermənistan və ermənilərin türklərə olan münasibətlərinin qədim tarixi var. XVIII əsrdə ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı surətdə Cənubi Qafqaza köçürülməsiylə onlar azərbaycanlılarla qarşılıqlı əlaqəyə girdilər. 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsinin nəticəsi olaraq, 40 minə yaxın erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ildə bağlanan Ədirnə sülh müqaviləsinin şərtlərinə görə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90 minə yaxın erməni də Azərbaycanda yerləşdirildi. Hazırda ermənilərin Türkiyə türkləri və Azərbaycan türkləri ilə münasibətləri həddən artıq gərgindir. Ermənilərin Türkiyə ilə olan münasibətləri "erməni soyqırımı", Azərbaycan ilə olan münasibətləri isə keçmiş Qarabağ münaqişəsinə görə daha da gərginləşib. Bu mübahisələrin təməli isə XX əsrin əvvəllərində qoyulub.

1905-ci ildə Azərbaycanın müxtəlif ərazilərində türkofob hücumlar, qırğınlar gerçəkləşir. Fevral ayında erməni terror təşkilatları Bakı, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər yerlərdə azərbaycanlılara qarşı kütləvi qırğınlara başlayır, 50 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilir. Dekabr ayının 26-da Umudlu kəndinin 500 nəfər sakini Avram Hampanın dəstəsi tərəfindən qətlə yetirilir.

1918-ci ildə daha böyük həcmli hücumlar gerçəkləşir. Birinci Dünya müharibəsi zamanı ermənilərin Daşnaksütyun, Armenikan və Hncak partiyaları erməni döyüşçüləri ilə Osmanlı imperiyasında yaşayan türk-müsəlman əhaliyə qarşı soyqırımı törədirlər. SSRİ-nin Cənubi Qafqazı işğal etməsindən sonra da türkofob hadisələr davam edirdi...

1878-ci ildən əvvəl Bolqarıstan əhalisinin üçdə birini təşkil edən türklər də türkofobiyanın qurbanı oldular. Belə ki, 1923-1949-cu illərdə 200 min, 1949-1951-ci illərdə 155 min türk Bolqarıstanı tərk edərək Türkiyəyə köçmüş, Yunanıstan, Yuqoslaviya, Almaniya, Niderland və s. ölkələrdə də türklərə qarşı ayrı-seçkilik göstərilmiş, onlar zorakılığa məruz qalmışdılar.

1960-cı ildə öz dövlət müstəqilliyini elan etmiş Kipr adasında dövlət Kipr yunanları və Kipr türkləri kimi iki yerə bölünsə də, 1963-cü ilin dekabrında baş verən "Qanlı milad" hadisələrindən sonra Kipr türkləri hökumətdən qovulmuş, onlara qarşı hərbi kampaniya başlamışdı. Bu, 11 il davam edən etnik münaqişəyə səbəb olmuş, nəticədə 25 min Kipr türkü məcburi köçkünə çevrilmişdir. 1960-cı illərin sonlarında bu rəqəm 60 minə çatmışdır.

Axısqa türklərinin başına gətirələnlər də təəssüf hissi doğurur. SSRİ dövründə ermənilərin Türkiyəyə ərazi iddialarına dəstək olan İosif Stalin Sovet İttifaqı ilə Türkiyə arasında gözlənilən müharibə ilə bağlı sovet hökumətinin qərarına qarşı çıxacaq etnik türkləri, təqribən 115 min türkü Mərkəzi Asiyaya, xüsusən də Özbəkistana deportasiya etmişdir.

Dünyanı bürüyən türkofobiya artıq türk dünyasını silkələyib oyatmışdır. İndi türkdilli dövlətlərin təşkilatlanması istiqamətində gələcəyə hesablanmış işlər həyata keçirilir. Bu dövlətlər arasında bütün sahələrdə əlaqələr genişləndirilir. Ortaq əlifba, ortaq dil formalaşdırılması məsələsi gündəmə gətirilib. Bu işdə hər zaman bir-birinin yanında olan Türkiyə və Azərbaycanın rolu isə danılmazdır. Ölkəmizin regionda yaratdığı reallıqlarla çoxları barışır, Azərbaycanın gücünü, qüdrətini etiraf edir. Türkiyənin artan hərbi gücündən danışılır. Fransanın "L`Opinion" qəzetinin əməkdaşı Jan Dominik Merşetin: "Türkiyə könüllü şəkildə Avropanın bir üzvü olmaq istəsə də qitə dövlətləri qapıları onun üzünə bağlayıb. Bunun səbəbi 80 milyon müsəlman əhalisi olan bir dövləti Avropanın öz aralarında görmək istəməməsidir", - sözləri də elə türkfobiyanın qaynaqlandığı mühüm məqamları göstərmək baxımından əhəmiyyətlidir.

Beləliklə, türkofobiya gücləndikcə, türkçülüyün, turançılığın tərəfkeşlərinin birliyi, təşkilatlanması məsələsi daha da sürətlənir. Bu isə türkofobiyaya ən tutarlı cavabdır.

Zümrüd QURBANQIZI,

"Respublika".