Bir ailənin iki övladı
Siyasət

Bir ailənin iki övladı

Azərbaycan-Türkiyə liderlərinin mütəmadi xarakter alan telefon zəngləri yüksək etimadı, dünyaya verilən mesajı ifadə edir

Azərbaycan-Türkiyə dostluq, qardaşlıq, müttəfiqlik əlaqələri bütün sahələrdə inkişaf edir, çətin, xoş günlərin dostları hər zaman bir-birinin yanındadır.

Bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev müxbirlərdən birinin bir neçə il əvvəl Davos İqtisadi Forumunda moderatorun: "...Azərbaycan Prezidenti olaraq siz ilk növbədə, kimə zəng edərdiniz?" - sualını təkrar edərək: "Bu gün dövlət müstəqilliyini, suverenliyini bərpa etmiş bir liderə həmin sualı vermək istəyirəm. Azərbaycan Respublikasının Prezidenti kimi siz kimə zəng edərdiniz?" - sualına dövlət başçısı belə cavab vermişdi: "...Amma yəqin bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram". Bax, bu da dostluğun, qardaşlığın daha bir gözəl nümunəsi.

Bəzən dövlətlər, millətlər, xalqlar da sınağa çəkilir, dostluq, qardaşlıq münasibətləri də həmin dar, çətin günlərdə yaranır, möhkəmlənir. Azərbaycan-Türkiyə tarixin belə çətin sınaqlarından çox çıxıb, yeddi min illik türk tarixinin bu soydan olanlara qürur yaşatdığı məqamlar da çoxdur. Qədim tarixə, dövlətçilik ənənələrinə malik olan xalqlarımız əcdadlarımızın yolunu davam etdirməklə ən yeni tariximizin qızıl səhifələrini yazırlar.

2023-cü il martın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə dövlət başçısı deyib: "Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması ölkənin inkişafı üçün, Türk dünyası üçün önəmli şərtdir... Əminəm ki, əziz qardaşım bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfələr verəcəkdir".

Məhz elə bu xidmətlərinə görə də Rəcəb Tayyib Ərdoğan "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilib. Türkiyə-Azərbaycan münasibətləri də məhz sayın Ərdoğanın hakimiyyətə gəlişindən sonra ən yüksək inkişaf mərhələsinə çatıb. İki ölkə arasında hərbi sahədə əməkdaşlığın nəticələri isə İkinci Qarabağ müharibəsində daha aydın göründü. Əlbəttə ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti, dövlət adamları, ilk gündən son günə qədər Azərbaycanın yanında oldu. Onun verdiyi siyasi və mənəvi dəstək sadəcə xalqımıza həmrəylik ifadəsi deyildi, müharibəyə qarışmaq istəyənlərə ciddi bir mesaj idi. Türkiyə Prezidenti tez-tez zəng edir, müharibənin gedişatı ilə maraqlanırdı. Təsadüfi deyil ki, tarixi Şuşa qələbəsi münasibətilə dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevi ilk təbrik edən də məhz Rəcəb Tayyib Ərdoğan olub.

2023-cü ilin fevralında qardaş ölkədə baş verən yeraltı təkanlardan sonra Türkiyə liderinə zəng vurub başsağlığı verən Prezident İlham Əliyevin göstərişi ilə zəlzələ bölgəsinə ilk humanitar yardım da Azərbaycandan göndərildi. Xalqımız Türkiyənin acısını öz acısı bildi, ölkəmizdə yardım kampaniyasına başlanıldı. Azərbaycanın bu dəstəyini Türkiyə Prezidenti yüksək qiymətləndirdi.

Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlıq yalnız ölkəmizin silahlı qüvvələrinin gücləndirilməsi deyil, eyni zamanda bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. 2010-cu il sentyabrın 15-də imzalanmış "Azərbaycan və Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması" haqqında Birgə Bəyannamə əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoydu. Bu əlaqələr artıq ən yüksək inkişaf mərhələsindədir.

Bu gün dünyada gərginliyin artması fonunda təşkil olunan müdafiə sənayesi sərgiləri hərbi ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Cənubi Qafqazdakı vəziyyət, Rusiya-Ukrayna, İsrail-Fələstin müharibələri, Balkan yarımadasında, Aralıq dənizində Türkiyə və Yunanıstan arasında gərginliyin artması ehtimalı, Qərb blokunun Cənubi Qafqaza müdaxilə cəhdinin güclənməsi Azərbaycan-Türkiyə hərbi əməkdaşlığında yeni yanaşmaları zəruri edir.

2022-ci ilin sentyabrında Bakıda keçirilən IV Beynəlxalq ADEX-2022 sərgisi bu baxımdan böyük əhəmiyyət kəsb edir. Həmin ilin oktyabrında İstanbulda təşkil olunmuş "SAHA EXPO 2022" müdafiə, aerokosmik və kosmik sənaye sərgisini ziyarət edən Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib: "Bu gün azərbaycanlı qardaşlarımız da buradadırlar. İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq uğurla davam etdirilir və daha da yüksək səviyyəyə çatdırılacaq. Azərbaycanla Türkiyə arasında da müdafiə sənayesi sahəsində yeni razılaşmaların əldə olunacağı qənaətindəyəm. Türkiyənin nəyi varsa, Azərbaycan da onlara sahibdir. Burada gördüyünüz nələr varsa, onlara Azərbaycan tərəfindən hansı tələb, ehtiyac olduğu təqdirdə, istənilən səviyyədə danışıqlar aparacağıq, bu məsələləri müzakirə edəcəyik".

Bu gün "Yurdda sülh, cahanda sülh" çağırışı ilə birgə addımlayan Azərbaycan-Türkiyə dünyada baş verən proseslər fonunda iki ölkə arasında əlaqələrin genişləndirilməsində maraqlıdır. Prezident İlham Əliyev martın 15-də andiçmə mərasimində çıxışı zamanı bu həssas məsələyə toxunaraq iki ölkənin beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarını birgə atacağını, ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səyləri davam etdirəcəyini və bunun prioritet olduğunu deyib. "Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır", - deyən dövlət başçımız haqlı olaraq vurğulayıb: "Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər".

Azərbaycan-Türkiyə. Bir ağacın iki qolu, bir ananın iki oğlu, böyük bir ailənin iki ulu övladı... Tarixən belə olub və dünya durduqca belə də davam edəcək...

Zümrüd QURBANQIZI,

"Respublika".