Bəzi xarici media qurumları qərəzli mövqeyindən əl çəkir
Digər xəbərlər

Bəzi xarici media qurumları qərəzli mövqeyindən əl çəkir

İstər Birinci, istərsə də İkinci Qarabağ müharibələri zamanı xarici media qurumlarının əksəriyyəti ölkəmiz haqqında həqiqəti əks etdirməyən informasiyalar yaymışlar. İşğalçı dövlət Ermənistan olsa da diqqəti Azərbaycanın üzərinə yönəltmişdilər. İkinci Qarabağ müharibəsi zamanı ölkə başçımız kimin işğalçı, kimin isə haqlı tərəf olduğunu dünyaya sübut etdi. Döyüş meydanında qazandığımız qələbə təbii ki, diplomatik müstəvidə, eləcə də informasiya müharibəsində Qələbəmizə əsaslandı. 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev 30-a yaxın xarici KİV-ə müsahibə verdi. Bunlar arasında Rusiyanın "Rossiya-1", Fransanın "Sky News", ABŞ-ın "Fox News" və digər ölkələrin televiziya kanalları və qəzetləri var idi. Prezident İlham Əliyevin diplomatik və məntiqli cavabları ilə Azərbaycan həqiqətləri bütün dünyaya çatdırıldı.

Dövlət başçısı müsahibələrində Azərbaycanın haqlı mövqeyini, müharibənin başlanma səbəblərini siyasi uzaqgörənlik və diplomatik bacarığı ilə diqqətə çatdırdı. Elə bu müsahibələr də Azərbaycanın informasiya savaşında qələbəsini təmin etdi. Əlbəttə ki, xarici medianın Azərbaycan həqiqətlərini əks etdirmək istiqamətində tutduğu mövqe çox zaman qərəzli olub. Onlar əksər hallarda münaqişə ilə bağlı məlumatları Azərbaycan mediasına rəsmi orqanların məlumatlarına əsasən deyil, transmilli media orqanlarının informasiyalarına istinadən yayırdılar. Həmin media orqanlarının məlumatları isə həqiqəti əks etdirmirdi. Bu da onların ermənipərəst mövqeyindən və yaxud da hər hansı bir qüvvənin təsir dairəsində olmasından irəli gəlirdi.

Artıq xarici media nümayəndələri Azərbaycana gəlib, həqiqətlərin əslində nədən ibarət olduğunu öz gözləri ilə görürlər. Bu yaxınlarda biz bir daha bunun şahidi olduq. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada "Heydər Əliyev İli" çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə 21-23 iyul tarixlərində keçirilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" Qlobal Forumu zamanı dünya mətbuatının Azərbaycana qarşı qərəzli mövqeyini deyil, müsbət münasibətini gördük. Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən 34 ölkənin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumları 60 yerli media rəhbəri və nümayəndələri iştirak edirdilər.

Forumda medianın problemləri ilə yanaşı, ölkəmizdə baş verən mühüm siyasi və iqtisadi yeniliklər də müzakirə olunub. Xüsusilə, Forumun ilk günü ölkə başçısı İlham Əliyev iki saat yarımlıq vaxt ərzində xarici jurnalistlərin suallarını cavablandırıb. Suallar müxtəlif sahələri əhatə etsə də Prezident öz açıqlamalarında kifayət qədər aydın, konkret mesajlar verib. Ermənistan uzun illər həm də Azərbaycana qarşı informasiya müharibəsi aparıb. Qarabağ və regionda baş verən proseslərlə bağlı dezinformasiyalar yaysa da, bu gün nə dünya dövlətləri, nə də onları təmsil edən media qurumları erməni yalanlarına inanmır. Şuşada keçirilən Media Forumu erməni və onları müdafiə edən ermənipərəst media qurumlarına qarşı tutarlı cavab oldu. Forumun üstün cəhətlərindən biri də o idi ki, xarici media orqanlarını təmsil edən nümayəndələr Şuşaya gedərkən Füzuli şəhərindən də keçmişlər. Onlar yolboyu nəinki Şuşa, həm də Füzuli rayonun da Ermənistan tərəfindən ötən 30 il ərzində vandalizmə məruz qaldığının canlı şahidi olmuş, ermənilərin necə bir vəhşi, vandal toplum olduğunu gözləri ilə görmüşlər. Eyni zamanda, torpaqlarımızın işğaldan azad edilməsindən ötən 3 ilə yaxın müddət ərzində Şuşa və ətraf kəndlərdə aparılan tikinti-quruculuq işləri ilə də tanış olmuşlar. Xarici media nümayəndələri hansı ölkənin nə ilə məşğul olduğunu və məqsəd, məramının şahidi olmuşlar.

Artıq erməni lobbisinin pulla satın aldığı Qərb mediası çox zəifdir. Bu gün Azərbaycanın haqlı tərəf, həmçinin regionun əsas güc sahibi olduğunu təbliğ edən xarici media qurumları daha çoxdur. Bu isə Azərbaycanın haqq yolunda, həqiqət savaşında apardığı mübarizədə ən böyük qələbələrindən biridir.

Ramidə YAQUBQIZI,

"Respublika".