Bəstəkarlar İttifaqında konfrans
Digər xəbərlər

Bəstəkarlar İttifaqında konfrans

Ümummilli lider Heydər Əliyevin xalqı qarşısında xidmətləri ölçüyəgəlməzdir və onun böyüklüyü zaman keçdikcə daha aydın görünür. Azərbaycan mədəniyyətinin hamisi olan ulu öndər Heydər Əliyev milli musiqimizin inkişafına da qayğı ilə yanaşıb. Dövlət başçısının Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi bu böyük şəxsiyyətin həyat və fəaliyyətinə verilən yüksək dəyərdir. Elə bu məqsədlə də Azərbaycan Bəstəkarlar İttifaqı da "Heydər Əliyev-100" silsiləsindən geniş tədbirlər planı hazırlayıb həyata keçirir.

Martın 3-də Azərbaycan Bəstəkarlar İttifaqında "Heydər Əliyev-100" silsiləsindən "Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında Heydər Əliyevin rolu" mövzusunda keçirilən konfransda ulu öndərin xidmətləri barədə ətraflı danışılıb.

Konfransı giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə Heydər Əliyevin bəstəkarlarımıza göstərdiyi qayğı və diqqətdən, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev kimi görkəmli bəstəkarlarla olan səmimi dostluq münasibətlərindən, musiqi janrlarına xüsusi diqqət yetirməsindən, bu istiqamətdə bəstəkarlara verdiyi tövsiyələrdən geniş söhbət açdı. Firəngiz xanım öz çıxışında "Heydər Əliyev-100" silsiləsindən keçiriləcək növbəti tədbirlərdə də musiqişünasların mövzu ilə bağlı tədqiqatlarının və bəstəkarların Heydər Əliyevə həsr olunan əsərlərinin təqdimatlarının, konsertlərinin keçiriləcəyini də qeyd etdi. Elmi konfransda çıxış edən digər şəxslər də Heydər Əliyevin Azərbaycan musiqi sənətinin inkişafına göstərdiyi yüksək xidmətlərindən danışdılar.

Konfrans Xalq artisti Azər Dadaşovun ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr etdiyi qiraətçi və simfonik orkestr üçün 16 saylı simfoniyasının dinlənilməsi ilə başa çatdı.

Səadət TƏHMİRAZQIZI,

sənətşünaslıq üzrə fəlsəfə doktoru,

Əməkdar mədəniyyət işçisi.