Bərpa-quruculuq işləri geniş vüsət alır
Region

Bərpa-quruculuq işləri geniş vüsət alır

İşğaldan azad edilmiş ərazilərimizin tez bir zamanda bərpası dövlətimizin müəyyən etdiyi prioritet sahələrdən biridir. Vətən müharibəsinin nəticəsi olaraq, Ermənistanın kapitulyasiya aktı imzalamasından sonra əzəli torpaqlarımızda bərpa işlərinə başlanması, həmçinin ötən müddət ərzində əldə olunan uğurlar, nailiyyətlər dövlətimizin gücünü göstərir. Son illər ərzində möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, həyata keçirilən çoxşaxəli islahatlar, möhkəm əsaslara malik xalq-iqtidar birliyi, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və Vətən müharibəsindəki misilsiz qələbə Azərbaycan xalqının, onun liderinin, qəhrəman ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi.

İşğaldan azad edilən ərazilərimizdə irimiqyaslı minatəmizləmə işləri ilə yanaşı, əsas infrastruktur layihələri də sürətlə reallaşdırılır, yollar, elektrik, su xətləri, dəmir yolları çəkilir, "ağıllı kənd", "ağıllı şəhər"lər salınır, Beynəlxalq hava limanları istifadəyə verilməklə Qarabağın və Şərqi Zəngəzurun tezliklə Azərbaycanın çiçəklənən cənnət diyarına çevriləcəyindən xəbər verir. Prezident İlham Əliyev iyulun 11-də 2023-cü ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Qarabağda və Şərqi Zəngəzurda görülən işlərdən söz açıb. Bildirib ki, artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin edilib. İlin sonuna qədər keçmiş məcburi köçkünlər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də qayıdacaqlar. Beləliklə, düşməndən azad edilən digər ərazilər kimi, Laçın da bərpa olunur, cənnətə çevrilir. Şərqi Zəngəzurda və Qarabağda həyat canlanır, məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdır. İyulun 18-dən avqustun 9-na kimi ümumilikdə 203 ailə, 793 nəfər Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən doğma yurdlarına - Laçına geri dönmüşlər.

Böyük Qayıdış planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Beləliklə, ilin sonuna qədər artıq bərpa olunan beş yaşayış məntəqəsində vətəndaşlar tam məskunlaşacaqlar. Bütövlükdə, birinci mərhələdə 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Ölkə başçısı şəxsən 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak edib. İşğaldan azad edilən ərazilərdəki şəhər və qəsəbələrin Baş planları hazırlanaraq təsdiqlənib, hazırda bir çox yerlərdə sürətli inşaat işləri aparılır. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa, yaxud da onları əsaslı şəkildə bərpa edir.

Ötən altı ayda nəzərdə tutulmuş hədəflərə nail olunub. Belə ki, əvvəlki dövrlərdə olduğu kimi, ölkəmizdə dayanıqlı inkişaf təmin edilib. 2023-cü ilin sonunadək işğaldan azad olunmuş ərazilərin bərpasına 12 milyarda yaxın vəsait nəzərdə tutulub.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda dövlət tərəfindən həyata keçirilən işlər və qarşıdakı müddət ərzində reallaşdırılması nəzərdə tutulan layihələr doğma yurd-yuvalarına qayıdacaq insanların rahatlığına, təhlükəsiz şəraitdə yaşamalarına xidmət edir.

Müşfiq MİRZƏ,

"Respublika".