Bərdədə KİV nümayəndələri ilə görüş keçirilib
Gündəm

Bərdədə KİV nümayəndələri ilə görüş keçirilib

Bərdə rayon İcra Hakimiyyətində Ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində 22 iyul Milli Mətbuat günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib.

“Respublika” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tədbir iştirakçılarını Milli Mətbuat Günü münasibətilə təbrik edərək bildirdi ki, 148 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşüb.

Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərib. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılıb, onun vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülüb. Hazırda ölkədə azad medianın fəaliyyətinə və inkişafına yönələn bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Kütləvi informasiya vasitələrinə birdəfəlik yardımların edilməsi, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlar üçün yaşayış evlərinin tikilib istifadəyə verilməsi bu sahəyə göstərilən xüsusi qayğının bariz nümunəsidir.

Görüşdə çıxış edən mətbuat nümayəndələri rayon İcra Hakimiyyəti ilə sıx əməkdaşlıq etdiklərini bildirərək, görüşə görə minnətdarlıq ediblər. Qeyd olunub ki, indi ölkəmizdə mətbuat və söz azadlığına ən yüksək səviyyədə dövlət qayğısı var.

Sonda rayonun media nümayəndələrinə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən  fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Vəli VƏLİYEV,

“Respublika”