Vardanyanın qollarına qandal taxıldı
Gündəm

Vardanyanın qollarına qandal taxıldı

Təkcə Vardanyanın deyil, həm də Qarabağdakı qatı separatçıların və cinayətkarların, əlləri xalqımızın qanına bulaşan terrorçuların, xəbis və xain erməni xislətinin, riyakarlığın, "miatsum"un, kiflənmiş niyyətlərin, azğınlığın, çürük ideyaların qollarına qandal taxıldı.

Başqalarının kölgəsində gizlənən xuntaçılar və separatçılar elə zənn edirdilər ki, dünyanı kələf kimi dolaşdıran ermənipərəst dövlətlər, erməni lobbisi, ermənidən çox ermənilik edənlər onları müdafiə edəcək. Məhz buna görə də yayı burulmuş kuklalar kimi Azərbaycana qarşı sərsəm bəyanatlar səsləndirir, sona qədər mübarizə aparacaqlarını deyirdilər.

Sentyabrın 19-da qəhrəman Silahlı Qüvvələrimizin başladığı və cəmi 23 saat çəkən antiterror tədbirləri bir daha onu göstərdi ki, Azərbaycanın siyasi iradəsi əleyhinə heç bir qüvvə fəaliyyət göstərə bilməyəcək. Başqalarının əllərində həmişə alətə çevrilən erməni separatçıları torpaqlarımızda yaşasalar da, bizi təhdid edir, hədələyir, Qarabağın ürəyində terror "dövlət"i qurmağa cəhd edirdilər. İki yüz illik erməni separatizminin kökü birdəfəlik kəsildi, terrorun, cinayətlərin qarşısına sipər çəkildi.

Xankəndi və ətraf ərazilərdə məskunlaşmış haylar bu torpaqlarda qəflətən peyda olan "div görkəmli cin" Vardanyanın sayıqlamalarına qulaq asaraq zənn etdilər ki, onların "xilaskar"ı gəlib. Azəbaycanın qədim yaşayış məskəni olan Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərin "xilaskar"ı, "xeyirxah mələyi" Ruben Vardanyan saxtakarlıqla, talançılıqla əldə etdiyi pulların bir hissəsini xunta rejiminin qorunmasına sərf edərək saman altından su yeritməyə başladı. R.Vardanyan ermənilərin "xilaskarı" rolunda öz ambisiyalarını həyata keçirir, arada bir səhnədən yoxa çıxır, sonra yenidən yalançı "xaç atası" kimi zühur edirdi. Qarabağdakı qızıl və mis mədənlərini talamaq iştahasını gizlətmədi, torpaqlarımızın sərvəti onun gözlərini çox tez qamaşdırdı. Bəzi məlumatlarda qeyd olunur ki, Ruben Vardanyanın demək olar ki, bütün aktivləri onun korrupsiya fəaliyyəti ilə bağlıdır.

Vardanyan beynəlxalq pulların yuyulması sistemində mühüm rol oynayan Rusiyanın "Troyka" bankının rəhbəri olub. Siyasi niyyətini gizlətməyən oliqarx ötən il Ermənistanda "vətəndaş cəmiyyəti" hərəkatını yaratdı. Vardanyan düşünürdü ki, keçmiş Dağlıq Qarabağda işləməsi ona Ermənistandakı siyasi karyerası üçün tramplin olar. Bəzi erməni ekspertləri bildirirdi ki, Ruben Vardanyan Ermənistanın baş naziri Nikol Paşinyana siyasi alternativ olaraq bölgəyə göndərilib. Dəqiq və qərəzsiz ehtimallar, əslində Vardanyanın gələcək siyasi karyerasını bütün çılpaqlığı ilə göstərirdi. Vardanyan bir müddət Xankəndidən dəlicəsinə qışqırırdı ki, Laçın-Xankəndi yolu "blokadadadır, aclıq xalqı məhvə aparır", hər vəchlə suyu bulandırmağa çalışırdı. Haqq naminə deyək ki, ermənilərin əksəriyyəti onu Rusiyanın adamı kimi tanıyır və bildirdilər ki, çirkli biznesi Rusiya ilə bağlı olan, yalançı və hiyləgər Vardanyan ermənilərin "xilaskarı" rolunda öz ambisiyalarını həyata keçirir.

Məlum olub ki, uzun müddət Rusiyada biznes fəaliyyəti ilə tanınan və erməni ictimaiyyətinə gah "milyarder", gah "iş adamı", gah da "xeyriyyəçi" kimi təqdim olunan Vardanyan rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Qarabağ bölgəsində indiyədək 700 milyon dollardan çox pul xərcləyib, separatçıları və erməni silahlı dəstələrini maliyyələşdirib, terroru, cinayətkarlığı dəstəkləyib. Üç il bundan əvvəl, İkinci Qarabağ müharibəsində Azərbaycanı dayandırmaq üçün o dövlət qalmadı ki, ona yalvarmasınlar, bir vaxtlar başqasının kölgəsində lovğalanan erməni "vətənpərvər"lər qaçıb gizlənməyə yer axtardılar, erməni cinayətkarlar Xankəndidən, Ağdərədən, Əsgərandan kütləvi şəkildə qaçmağa məcbur oldular. Oyuncaq hökumətdə bir müddət "dövlət nazir"i postuna yiyələnən Vardanyan BBC telekanalına müsahibəsində bildirirdi ki, diasporumuz erməni xalqının ikinci ordusudur. Heç vaxt olmadığı kimi, indi bizim sözümüzlə konkret fəaliyyətimiz bir olmalıdır. "Ermənilər çox güclüdürlər, onlar min illərdir ki, bu torpaqları qoruyurlar, blokada, aclıq bizi qorxuda bilməz". Bu məqamda qeyd etməliyik ki, erməni-daşnak ideoloqlarının ən böyük silahı yalandır, təxminən iki yüz ilə qədər onlar bu ağ yalanla dünyanı aldadırlar, öz mənfur xislətlərinə başqa don geyindirirlər, utanıb qızarmadan, həyasızlıqla, qondarma, saxta, çürük xəyalları həqiqət kimi qələmə verirlər.

Vətən müharibəsində Azərbaycan həm ərazi bütövlüyünü bərpa etdi, həm də düşmənin ilan kimi qabıq qoyaraq yaratdığı erməni mifini dağıtdı, döyüş meydanında, eyni zamanda siyasi arenalarda erməni ideoloqları, lobbiləri, ermənipərəst qüvvələr, sözün əsl mənasında məğlub edildi, Ermənistanın yalan üzərində qurulmuş ideoloji, hərbi dayaqları çökdürüldü, ağır məğlubiyyət nəticəsində kapitulyasiya aktına qol çəkməyə məcbur edildi. Ermənistanda baş verən hadisələr, aparılan siyasət, ayrı-ayrı siyasi partiya nümayəndələrinin dili ilə verilən mesajlar, bəyanatlar onu göstərir ki, erməni iqtidarı başına dəyən "dəmir yumruq"dan nəticə çıxarmayaraq müharibəyə hazırlaşır, bəzi Qərb dövlətlərinin, xüsusilə Fransanın köməyinə arxalanaraq çox çirkli və kirli bir oyun oynayır. Halbuki, baş nazir Nikol Paşinyan dəfələrlə çıxışlarında bildirirdi ki, Ermənistan Qarabağdakı qondarma rejimə hər hansı bir dəstək vermir, Ermənistanın Qarabağda silahlı birləşmələri mövcud deyil, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Çox təəssüf ki, atılan addımlar tamamilə bunun əksini göstərdi. Nikol Paşinyan bir gün əvvəl ölkəsinin parlamentində çıxışı zamanı açıq şəkildə bildirdi ki, "Ermənistan Respublikası son 3 ildə Qarabağa (separatçılar nəzərdə tutulur) bir milyard dollardan artıq maliyyə yardımı edib. Bəlkə də indi Paşinyan bizim Məşədi İbad kimi dizlərinə döyə-döyə həmin pulların xiffətini çəkir, Azərbaycanın keçirdiyi bir günlük antiterror tədbirləri uzun illər ərzində xərclənən çirkli pulları bir anda göyə sovurdu, separatizmin tamah dişləri sındırıldı.

Azərbaycanın təhlükəsizlik xidmətinin qəhrəman əməkdaşları "sehrbaz" Ruben Vardanyanı sentyabrın 27-də Laçın sərhəd-buraxılış məntəqəsində saxlayaraq Bakıya gətiriblər. Erməni əsilli Ruben Vardanyana ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Separatçı "Dağlıq Qarabağ respublikası"nın "dövlət naziri" olmuş Ruben Vardanyan azı üç maddə ilə ittiham olunur. Bu barədə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir ki, o, Azərbaycan Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə və Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur. Qeyd edək ki, Vardanyanın həbsindən bir gün sonra sentyabrın 28-də qondarma rejim özünü buraxdığını bəyan etdi. Bundan əvvəl isə separatçı qurum silahları və hərbi texnikanı Azərbaycana təhvil verməyə başladı. Azərbaycan öz tarixinin ən ağrılı səhifələrindən birini qapatdı, rəsmi Bakının təzyiqi ilə separatçı qurumun özünü buraxması 35 illik separatizm hərəkatının sonunu gətirdi.

Oktyabrın 5-də Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında moderator Fyodor Lukyanovun "Azərbaycan rəhbərliyi çox sərt şəkildə Qarabağın keçmiş rəhbərliyini "təmizləyir". Orada Rusiyaya yaxşı məlum olan insanlar var. Misal üçün Ruben Vardanyan. Biz Azərbaycan rəhbərliyini mərhəmət göstərməyə çağıra bilərikmi?" sualına cavabında bildirib ki, Ruben Vardanyan Rusiya vətəndaşı deyil, o, vətəndaşlıqdan imtina edib. Biz hər zaman bunu etmişik, indi də edirik. Mən telefonla Azərbaycan Prezidenti İlham Əliyevlə danışmışam. Əvvəllər də danışmışıq. O hər zaman məni əmin edib ki, Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyi təmin olunacaq. İndi orada erməni qalmayıb, hamı gedib. Ola bilsin ki, 1000-1500 nəfər qalıb. O ki, qaldı keçmiş rəhbərlərə, mən bilmirəm, detallara da varmaq istəmirəm. Anladığım qədərilə onları İrəvanda görmək istəmirlər. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi məlum məsələdə, Azərbaycan üçün bütün ərazi məsələləri həll olunduğu vaxtda, humanitar xarakterli mülahizələrə əsaslanacaq.

Bax, belə. Qarabağa kabab iyinə gələn Vardanyan qəflətən də dağlandı. Onu tanıyanların dediklərinə görə, Ruben qızıl boyunbağını, qızıl bilərziyi çox sevir. Qarabağa da qızıl parıltısına gəlmişdi, ancaq qollarına dəmir qandallar taxıldı. Azərbaycana qarşı separatçılıq, terrorçuluq edənlərin, qan tökənlərin, körpə qatili olanların hamısını eyni aqibət gözləyir.

Salman ALIOĞLU,

"Respublika".