Belaruslu diplomat: Minsk qardaş Azərbaycanla bütün sahələrdə qarşılıqlı fəaliyyəti davam etdirir
Siyasət

Belaruslu diplomat: Minsk qardaş Azərbaycanla bütün sahələrdə qarşılıqlı fəaliyyəti davam etdirir

Minsk qardaş Azərbaycanla bütün sahələrdə, o cümlədən hərbi-texniki məsələlər üzrə qarşılıqlı fəaliyyəti davam etdirir.

"Respublika" "AZƏRTAC"-a istinadla xəbər verir ki, bu barədə Belarusun Rusiyadakı səfirliyinin müşavir-elçisi Aleksandr Şpakovski Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatına cavabında bildirib. Sonuncu bəyan etmişdi ki, Aleksandr Lukaşenkonun Prezident olduğu müddətdə Belarusa səfər etməyəcək. Paşinyan, həmçinin Belarusun dövlət başçısını Azərbaycanı dəstəkləməkdə ittiham edib.

Belaruslu diplomat “Telegram” kanalındakı səhifəsində yazıb: “Belarus Respublikası Ermənistanın daxili işlərinə, həmçinin İrəvanın xarici siyasət kursuna qarışmır. Qarşılıqlılıq prinsipinə əsaslanaraq, biz tərəfdaşlarımızdan və müttəfiqlərimizdən də bənzər yanaşmalar gözləyirik, ona görə də Ermənistan rəhbərliyinin nümayəndələrinin belaruslu siyasi ekstremistlərin başçıları ilə təmaslarını bir qədər çaşqınlıqla izlədik”.

Diplomat qeyd edib ki, rəsmi Minsk tərəfdaşlarını və müttəfiqlərini seçmək üzrə suveren hüquqa malikdir. Aleksandr Şpakovski vurğulayıb: “Belə olan təqdirdə, ikili yanaşma bizim üçün qəbuledilməzdir. Biz qardaş Azərbaycanla bütün sahələrdə, o cümlədən hərbi-texniki məsələlər üzrə qarşılıqlı fəaliyyət göstəririk və bunu davam etdirəcəyik. Nikol Paşinyanın impulsiv bəyanatlarını təmkinlə qiymətləndiririk. Əvvəllər olduğu kimi, Belarusu çoxəsrlik tarixi bağlarla birləşdirən qardaş erməni xalqına hörmət etməkdə davam edirik”.