Balakən: Yaponiya tərəfindən içməli su layihəsi davam etdiriləcək
Region

Balakən: Yaponiya tərəfindən içməli su layihəsi davam etdiriləcək

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada rayonda ölkəsi tərəfindən görülən işlərlə tanış olub. Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səfirə rayonun nailiyyətləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, Balakəndə bütün sahələrin, xüsusilə kənd təsərrüfatının, turizmin inkişafı üçün imkanlar mövcuddur. İcra başçısı səfirə rayonda reallaşdırılan və gələcəkdə nəzərdə tutulan layihələr barədə də məlumat verib.

Balakən rayonunda Yaponiya səfirliyi tərəfindən indiyə kimi 5 layihənin həyata keçirildiyi bildirilib. Talalar və Kortala kəndlərində yeni tibb məntəqələri tikilib və  Balakən Məişət tullantıları poliqonu açılıb. Həmçinin Mahamalar və Hənifə kəndlərində artezian quyuları qazılaraq əhalinin istifadəsinə verilib. Görüşdə Yaponiya səfirliyi tərəfindən rayonda növbəti içməli su layihəsinin icrası ilə bağlı razılıq əldə olunub.

Səfər zamanı “Balxurma” MMC-yə baş çəkən səfir istehsal prosesi ilə tanış olub. Diplomata müəssisənin illik istehsal gücü, xammal bazası, ixracı, işçi qüvvəsi haqqında ətraflı məlumat verilib.

 M.QULUYEV,

“Respublika”.