Bakıda “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat
Sosial həyat

Bakıda “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat" mövzusunda forum işə başlayıb

Dekabrın 6-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və ANAMA-nın tərəfdaşlığı ilə "Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat" adlı beynəlxalq forum işə başlayıb.

AZƏRTAC xəbər verir ki, forumda çıxış edən Agentliyin icraçı direktoru Aygün Əliyeva mina və müharibənin digər partlayıcı qalıqlarının işğaldan azad edilmiş ərazilərin inkişafına, insanların öz doğma yurd yerlərinə qayıtmasına əngəl törətdiyini, ətraf mühit üçün də ciddi problem yaratdığını bildirib.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Ombudsman Aparatının aparat rəhbərinin müavini Rəşid Rumzadə, BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuchi, "Beynəlxalq Avrasiya Mətbuat" Fondunun sədri Umud Mirzəyev çıxış edərək minanın insanların həyat və sağlamlığına, ümumiyyətlə bəşəriyyətə ciddi təhdidlərindən danışaraq mina və partlamamış hərbi sursatların işğaldan azad edilmiş ərazilərdə dayanıqlı inkişafa törətdiyi maneələrdən söhbət açıblar.

Forumda, həmçinin ANAMA stendinin təqdimatı və Azərbaycanın minatəmizləmə fəaliyyəti ilə bağlı film də nümayiş olunub.

Tədbirin ikinci hissəsində isə qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün ANAMA-nın əməkdaşları tərəfindən "Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə və təhlükəli ərazilərdə davranış qaydaları, minaların törətdiyi fəsadlar və psixoloji nəticələri, təhlükəli ərazilərin əlamətləri" adlı təlim keçirilib.

Dekabrın 7-də forum işini dünyanın mina ilə ən çox çirklənmiş şəhərlərindən biri olan Ağdamda davam etdirəcək.