Azercell-in dəstəyilə həyata keçirilən “Techcell
Digər xəbərlər

Azercell-in dəstəyilə həyata keçirilən “Techcell" hakatonu başa çatıb

Azercell və UFAZ-ın birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn hakatonun qalibləri mükafatlandırılıb

"Azercell Telekom" MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçirilən "Techcell" hakatonu yekunlaşıb. Qaliblərin mükafatlandırma mərasimi UFAZ universitetində baş tutub.

Tədbirdə çıxış edən Azercell-in İnsan Kapitalının İdarə Edilməsi Departamentinin direktoru Dilarə Hüseynova bu əməkdaşlığın əhəmiyyətini vurğulayıb. "Azercell innovativ düşüncə tərzi, bilik və bacarıqları ilə fərqlənən gənclərin inkişafına töhfə verən layihələri daim dəstəkləyir. Xüsusilə də gənc nəsil İKT mütəxəssislərinin yetişdirilməsi, onların peşəkar kimi formalaşması üçün lazımi şəraitin yaradılması hər zaman diqqət mərkəzimizdədir", - deyə D.Hüseynova bildirib.

UFAZ-ın icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova qalibləri təbrik edərək gənclər arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, eləcə də innovasiya və texnologiyaya həvəsin artırılması üçün bu cür tədbirlərin önəmli olduğunu bildirib.

Münsiflər heyətinin qərarına əsasən hakatonun builki qalibi UFAZ tələbələrindən ibarət "Night Ops" komandası olub. İkinci yerə Bakı Ali Neft Məktəbini (BANM) təmsil edən "Sentinels" komandası, üçüncü yerə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən "Delusion" komandası layiq görülüb. Qalib komandalara pul mükafatı və dəyərli hədiyyələr təqdim edilib.

Ümumilikdə 15 universitetdən 96 komandanın müraciət etdiyi müsabiqədə 30 komanda finalda yarışmaq hüququ qazanıb. 18-19 may tarixlərində baş tutan hakatonda iştirakçılar Azercell və UFAZ-ın peşəkar mentorlarının dəstəyilə üç nəfərdən ibarət komandalar şəklində yarışıblar. Onlar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işləyiblər, bu mövzuları əhatə edən proqramlaşdırma tapşırıqlarını yerinə yetiriblər.

Qeyd edək ki, "Techcell" hakatonu Azercell və UFAZ -ın birgə əməkdaşlığı nəticəsində həyata keçirilən sayca üçüncü hakatondur.

“Respublika”.