Azərbaycanla dialoq və əməkdaşlığa önəm verilir
Siyasət

Azərbaycanla dialoq və əməkdaşlığa önəm verilir

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində dövlət başçımızla çoxsaylı görüşlərin məhz qarşı tərəflərin müraciəti ilə reallaşması da bunu bir daha təsdiq edir

Hər ilin fevral ayında Almaniya Federativ Respublikasının ərazisinə görə ən böyük regionu olan Bavariya bölgəsinin inzibati mərkəzi Münxen şəhərində təşkil edilən Münxen Təhlükəsizlik Konfransı (MTK) beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu dünyanın ən aparıcı forumu sayılır, qlobal səviyyədə vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün platforma rolunu oynayır.

Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına növbəti dəfə dəvət alması və bir sıra görüşlər keçirməsi dövlətimizin başçısının dünya miqyasında yüksək nüfuzunun göstəricisidir. Səfər çərçivəsində reallaşan çoxsaylı görüşlərin hər biri rəsmi Bakının yox, məhz qarşı tərəflərin müraciətinə əsasən baş tutub. Bu da bir daha onu göstərir ki, Azərbaycan dünyada özünü təsdiqləməkdə və getdikcə güclənən, inkişaf edən dövlətə çevrilməkdədir. Azərbaycan ərazi bütövlüyünü öz gücü ilə bərpa etmiş qalib ölkədir. Ona görə də dövlətimiz siyasi və hərbi baxımdan güclənmiş bir ölkə kimi Münxendə təmsil olunur. Prezident İlham Əliyevi Münxendə yüksək nüfuzlu şəxs kimi qəbul edirlər. Artıq nəhəng şirkətlərin, böyük dövlətlərin rəhbərləri Prezident İlham Əliyevlə regionun aparıcı dövlətinin və bölgədə söz sahibi olan ölkənin Lideri kimi təmas qururlar. Eyni zamanda dünya ictimaiyyətinə və bir sıra Qərb təşkilatlarına da aydın oldu ki, artıq bu ölkəyə təzyiq etmək mümkün deyil. Çünki Azərbaycan heç bir təzyiqdən çəkinmir, öz hüquqlarını və maraqlarını sonadək müdafiə etmək iqtidarındadır. Bütün bunların fonunda Qərb üçün Prezident İlham Əliyevlə dialoq aparmaq çox vacibdir. Qərbin Azərbaycana daha çox ehtiyacı var.

Ümumiyyətlə Azərbaycan MTK-nın illik görüşlərində müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal iştirak edir. Rəsmi Bakının təmsilçiləri bu tədbirə dəfələrlə qatılıb, ərazi bütövlüyünün pozulduğunu, bu hadisənin dünya üçün xoşagəlməz nümunə olduğunu bildirib. Azərbaycan bu görüşlərdə həm də terrorçuluğun təhlükəsizliyi təhdid edən başlıca amillərdən biri olduğunu vurğulayıb. Ölkəmizin ərazi bütövlüyü və suverenliyini təmin edəndən sonra Prezident İlham Əliyevin bu konfransda ilk iştirakıdır. Ölkə başçısı həm də yenidən prezident seçiləndən sonra bu toplantıya qatılmaqla Azərbaycanın təhlükəsizlik, o cümlədən gündəlikdə olan məsələlərə önəm verdiyini nümayiş etdirib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcəyindən bu tədbir Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının Münxen Təhlükəsizlik Konfransında iştirakı və çıxışları hər zaman maraq doğurub və dünyanın aparıcı kütləvi informasiya vasitələrinin, xarici siyasət və enerji məsələləri üzrə nüfuzlu ekspertlərinin diqqət mərkəzində olub. Azərbaycan Prezidentinə görüş üçün müraciətlərin sayının çoxluğu, görüşlərin intensivliyi isə şübhəsiz ki, dövlət başçısının şəxsiyyətinə, liderlik keyfiyyətlərinə olan yüksək diqqətin göstəricisi kimi dəyərləndirilməlidir.

Prezident İlham Əliyevin regionda və dünyada baş verən proseslərə münasibətdə sərgilədiyi ədalətli yanaşma, hadisələri obyektiv təhlil etməsi və inkişaf perspektivlərini dəqiq şəkildə proqnozlaşdırması, qarşılıqlı faydalı əməkdaşlığa, qlobal təhlükəsizliyə töhfə verə biləcək təşəbbüslərlə çıxış etməsi müxtəlif dövlət və hökumət başçılarının, eləcə də şirkət və təşkilat rəhbərlərinin dövlətimizin başçısı ilə görüşə böyük maraq göstərmələrinin başlıca səbəbləridir. Dövlət başçısının da inaqurasiya mərasimində qeyd etdiyi kimi, Azərbaycan dünyanın müxtəlif bölgələrində fəal tərəfdaşlığı təşviq edən, etibarlı tərəfdaş kimi qəbul olunan, dünyada qlobal problemlərin həllində fəallıq göstərən və buna əməli töhfələr verən ölkə kimi qəbul olunur. Azərbaycan ev sahibliyi etdiyi bütün tədbirlərdə təşkilatlara yeniliklər gətirir və qlobal məsələlərin həllində aktivlik nümayiş etdirir. Məsələn, Qoşulmama Hərəkatına sədrlik etməyimiz bu təşkilatın həyatına yeni nəfəs gətirmişdir. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT-nin Xüsusi Sessiyası çağırılmış və vaksin millətçiliyinin aradan qaldırılması üçün edilən təkliflər dünya tərəfindən qəbul olunmuş, imkanı olmayan ölkələrə də vaksinlərin çatdırılmasında xüsusi rol oynamışdır. Azərbaycan bu il də dünya əhəmiyyətli COP-29 beynəlxalq konfransına ev sahibliyi edəcək. Ölkəmiz bu konfransı da yüksək səviyyədə keçirəcək və iqlim dəyişmələri ilə bağlı məsələdə dünya birliyində bir konsolidasiya yaradacaqdır.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev ilə görüşməyə səy göstərənlər arasında ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqun, ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin, İsrail Prezidenti İsxak Hersoqun, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin, Almaniya kansleri Olaf Şoltsun, ABŞ Dövlət katibi Antoni Blinkenin, Avropa Komissiyasının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və nəzarət üzrə icraçı vitse-prezidenti Maroş Şevçoviçin və Banqladeşin baş naziri xanım Şeyx Hasinanın olması dövlətimizin və onun başçısının artan nüfuzunun göstəricisidir. Almaniya kansleri O.Şoltsun iştirakı ilə Ermənistan baş naziri Nikol Paşinyanla keçirilən üçtərəfli, daha sonra ikitərəfli görüşlər də sammitin yaddaqalan hadisələrindəndir.

Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenin görüşü olub. Görüşdə Kriştof Xoysqen qeyd edib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təhlükəsizliyə münasibətdə əhatəli və müfəssəl bir yanaşma var, ona görə iqlim dəyişikliyi də təhlükəsizlik konsepsiyasının bir hissəsi hesab olunur. O, bu xüsusda, Münxen Təhlükəsizlik Konfransının Katibliyi olaraq Azərbaycanla COP29 çərçivəsində əməkdaşlığa və həmin sessiya zamanı ölkəmizdə birgə tədbirin keçirilməsinə hazır olduğunu vurğulayıb. Bu təklif dövlət başçısı tərəfindən məmnunluqla qəbul edilib. Azərbaycanın COP Təşkilat Komitəsi tərəfindən Münxen Təhlükəsizlik Konfransının Katibliyi ilə bu istiqamətdə birgə işin aparılacağı diqqətə çatdırılıb. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan COP29-un mahiyyət üzrə nəticəyönümlü sessiya olması üçün bütün beynəlxalq tərəfdaşlarla birgə işləməyə hazırdır. Hazırda COP çərçivəsində üçlük mexanizmi yaradılıb ki, bu, Birləşmiş Ərəb Əmirliklərini, Azərbaycanı və Braziliyanı bir araya gətirir. Görüşdə, həmçinin regional məsələlər müzakirə olunub. Dövlətimizin başçısı bu xüsusda Azərbaycanın sülh gündəliyini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini deyib. Bu istiqamətdə Almaniya kansleri Olaf Şoltsun təşəbbüsü ilə təşkil olunan görüşün səmərəli və konstruktiv şəraitdə keçdiyini diqqətə çatdırıb.

Hazırda baş verən proseslər onu göstərir

 ki, yeni dünya nizamında Azərbaycan qabaqcıl dövlətlərdən biri olacaq. Münxen Konfransı ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin daha da möhkəmlənməsinə siyasi və iqtisadi baxımdan mühüm faydalar verəcək.

Mustafa KAMAL,

"Respublika".