Azərbaycanın xarici işlər naziri Avropa ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb
Gündəm

Azərbaycanın xarici işlər naziri Avropa ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa ölkələrinin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Avropa ölkələri arasında münasibətlərin cari vəziyyəti və perspektivləri, Azərbaycanın son antiterror tədbirlərindən sonra regional vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh və normallaşma prosesindəki mümkün inkişaf perspektivləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından bəri müxtəlif platformalarda öz suveren ərazilərində qanunsuz Ermənistan silahlı qüvvələrinin mövcudluğu məsələsini dəfələrlə qaldırdığını, bunun əsas təhdid mənbəyi olduğunu xatırladaraq, ölkəmizin bu il 19-20 sentyabr tarixlərində həyata keçirdiyi legitim antiterror tədbirlərinin bölgədə sülh və sabitlik üçün əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin təhlükəsizliyi, habelə dil və mədəni hüquqlarına zəmanət veriləcəyinin bildirildiyi, bu məqsədlə reinteqrasiya portalında qeydiyyat həyata keçirildiyi diqqətə çatdırılıb.

Nazir 30 ilə yaxın işğal dövründə qondarma rejim tərəfindən BMT-nin heç bir qurumunun əraziyə səfər etməsinə imkan yaradılmadığı halda, Azərbaycan tərəfindən antiterror tədbirləri başa çatdıqdan dərhal sonra BMT-nin Azərbaycandakı ofisinin əlaqələndirilməsi ilə Cenevrə və Nyu-York bölmələrinin nümayəndələrinin də daxil olduğu iki missiyanın Qarabağ bölgəsinə səfərinin təşkil edildiyini bildirib.

Ceyhun Bayramov Azərbaycan və Ermənistanın öz müstəqilliklərini bərpa etməsindən bəri regionda sülh üçün unikal tarixi imkanın yarandığını vurğulayıb.

Daha sonra, nazir Ceyhun Bayramov iştirakçıların suallarını cavablandırıb.