Azərbaycanın taleyini dəyişən qurtuluş
Siyasət

Azərbaycanın taleyini dəyişən qurtuluş

Milli Qurtuluş Gününün 31-ci ildönümünün böyük təntənə ilə Azərbaycanın bütün ərazisində keçirilməsi xalqımız üçün yaddaqalan tarixi hadisədir. Doğma dədə-baba yurdlarından didərgin salınmış soydaşlarımızın böyük coşqu ilə isti ocaqlarına qayıtmaları və Milli Qurtuluş Gününü doğma torpaqlarında özünəməxsus təntənə ilə daha möhtəşəm qeyd etmələri hər birimizdə qürur hissi yaradır. Artıq dünya ictimaiyyəti də şahiddir ki, Qarabağ Azərbaycandır! Müstəqilliyimizin tarixinə əbədi həkk olunmuş 2020-ci ilin noyabrında Ermənistan üzərində qazanılan tarixi Zəfər Azərbaycanın dünya birliyindəki nüfuzunu daha da artırdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızı azad edərək Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan Şanlı Qələbə qazandı. Bu gün Azərbaycan dünyada bütöv, suveren müstəqil dövlət kimi tanınır.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan bu günə qədər xalqımızın milli dövlətçiliyimizin formalaşdırılması, həmçinin müstəqilliyimizin möhkəmləndirilməsi və əbədi olması uğrunda apardığı mübarizələrdə qazandığı ən böyük qələbələri Milli Qurtuluş Günündən başlanır. Bu gün xoşbəxt gələcəyimizin əsasının qoyulduğu, müstəqil Azərbaycan dövlətinin dünyaya inteqrasiya olunmasına aparan yolun başlanğıcıdır. Milli Qurtuluş Günü bütün şərəfli ömrünü Azərbaycan dövlətinin müstəqilliyinin inkişafına, dövlətçiliyin möhkəmləndirilməsinə, xalqın firavan yaşamasına həsr etmiş ulu öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıdışı şərəfli bir tarixdir. Məhz həmin gün ümummilli lider Heydər Əliyevin xalqın təkidli xahişlərindən sonra hakimiyyətə ikinci dəfə qayıdışı respublikamızı, dövlətçiliyimizi, xalqın qanı bahasına qazanılmış müstəqilliyimizi düçar olduğu bütün bəlalardan, vətəndaş müharibəsindən, yetişməkdə olan qardaş qırğınından xilas etdi.

Milli Qurtuluş Günü yeni bir dövrün, inkişaf və tərəqqinin əsasını qoydu. Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə dövlət quruculuğuna başlanıldı. Məhz bunun nəticəsidir ki, Milli Məclis 1997-ci il 27 iyun tarixli qərarı ilə dahi şəxsiyyətin 15 iyun 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etmişdir.

Ömrünün qalan hissəsini də xalqına həsr edən ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi, polad iradəsi, siyasi uzaqgörənliyi və müdrikliyi tarixi şəxsiyyətin ömür yolunu Vətənə, millətinə xidmət nümunəsinə çevirib. Hələ ötən əsrin 70-80-ci illərində, Azərbaycan sovetlər birliyinin tərkibində olduğu bir zamanda xalqımızın böyük gələcəyinə hesablanmış islahatlara imza atmışdır. Görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan indiki Hərbi liseyin məhz həmin dövrdə yaradılması Heydər Əliyevin müdrikliyindən və uzaqgörənliyindən xəbər verirdi. Müasir Azərbaycan Ordusunun formalaşmasında, milli zabit kadrların hazırlanmasında həmin təhsil müəssisəsinin müstəsna rolu olmuşdur. Bu, müstəqlliyimizin əsasının qoyulmasında, bu sahədə qətiyyətli addımların atılmasında çox mühüm bir amil idi.

Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə respublikamızda vəziyyət getdikcə ağırlaşır, 1991-1992-ci illərdə cəbhə xəttində vəziyyət gündən-günə kəskinləşirdi. Xəyanət nəticəsində artıq Şuşa şəhəri düşmənə təslim edilmiş, Xocalı faciəsi baş vermişdi. Ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki səriştəsizliyi siyasi və iqtisadi böhranı gündən-günə gərginləşdirirdi. Respublikamızın müstəqilliyini bərpa etməsini gözü götürməyən xarici düşmənlərimiz daxildəki xəyanətkarlarla birləşərək vəziyyəti daha da ağırlaşdırır, müstəqilliyimizi addım-addım uçuruma aparırdılar. İllərlə istiqlaliyyət, azadlıq, müstəqillik arzusu ilə yaşayan xalqımız mərd oğul və qızlarımızın qanı bahasına yenicə bərpa etdiyi dövlət müstəqilliyini itirməyin bir addımlığında idi. Tez-tez baş verən hakimiyyət dəyişikliyi gərginliyi daha da artırırdı. Ölkədə hegemonluq edən ayrı-ayrı vəzifəli şəxslərə xidmət edən qeyri-qanuni silahlı birləşmələr əhali arasında xof yaradır, soyğunçuluq və quldurluq edir, insanları qorxu içərisində saxlayırdılar.

Qeyri-konstitusion yolla hakimiyyəti ələ almış təcrübəsiz iqtidarın yanlış qərarları, bir tərəfdən də xarici havadarlarının himayəsi ilə özbaşınalığı, mənəm-mənəmliyi, dövlət idarəçiliyindəki yarıtmaz fəaliyyəti xalqın gələcəyə inamını sarsıdırdı. Yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan beynəlxalq əlaqələrini genişləndirmək, qonşu dövlətlərlə münasibətlərini yaxşılaşdırmaq əvəzinə, gündən-günə tənəzzülə uğrayırdı. Ziyalılarımıza, tanınmış ictimai-siyasi xadimlərə qarşı saymazlıq, hörmətsizlik onların ölkədən baş götürüb getməsinə səbəb olmuşdu. Bundan istifadə edən xain qonşumuz Ermənistan xarici havadarlarının köməyi ilə torpaqlarımızı işğal edirdi. Respublikamızda yaranmış ağır böhran öz taleyinin sahibi ola bilməyən xalqımızı vətəndaş qarşıdurmasına yuvarlandırdı. Belə bir dövrdə Azərbaycanı düşdüyü ağır böhrandan xilas etməyə, dövlət idarəçiliyində zəngin təcrübəsi olan, xalqı arxasınca apara bilən liderə böyük ehtiyac vardı. Ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa edəndən sonra, sözün həqiqi mənasında, belə güclü liderə ehtiyac yaranmışdı. Belə bir ziddiyyətli və mürəkkəb mərhələdə dövlətin xilası məhz vətənpərvər, dövlət idarəçiliyində zəngin təcrübəsi olan, xalq arasında nüfuzlu liderlərdən asılı olur. Xalqın taleyinə biganə qala bilməyən ziyalılar, sadə zəhmət adamları başa düşürdülər ki, ölkəni gözləyən fəlakətlərdən ancaq Heydər Əliyev müdrikliyi xilas edə bilər. Xalqımız haqlı olaraq müdrik dövlət xadiminə üz tutdu və onun timsalında həqiqi xilaskarını tapdı.

Hakimiyyəti əldən vermək istəməyən ovaxtkı iqtidar nəyin bahasına olursa-olsun, müdrik şəxsiyyət Heydər Əliyevin Bakıya gəlməsinə imkan vermir, hətta o illərdə ümummilli liderin Naxçıvanda da rahat yaşamasına problem yaradırdı. Ancaq xalqın iradəsini sındırmaq mümkün deyildi, ulu öndərə olan inam və etimad gündən-günə möhkəmlənirdi. 1993-cü il iyunun 4-də Gəncədə qardaş qanı töküləndən sonra respublikamızda yaranmş ağır siyasi böhran pik həddə çatdı və bütün ümidlər ümummilli lider Heydər Əliyevə yönəldi. Dünyanın mütərəqqi dövlətlərinin ölkəmizə diqqətinin artdığı bir dövrdə cinayətkar ünsürlərin törətdiyi qardaş qırğını həm də təcavüzkar Ermənistanın ölkəmizə qarşı işğalına yol açırdı. Gəncədə baş vermiş qardaş qırğınından sonra ovaxtkı ölkə rəhbərləri çaşqınlıq içərisində qaldılar. Onlar bu qarşıdurmadan salamat qurtarmaq üçün çıxış yolunu Heydər Əliyevi Bakıya dəvət etməkdə görürdülər. Vətənin və xalqın ən ağır vaxtlarında, dövlətçiliyimizin çətin məqamında heç nədən qorxub-çəkinməyən, həyatını riskə ataraq sinəsini irəli verib millətinə arxa-dayaq olan ulu öndər Heydər Əliyev bu dəfə də ona ümidlə baxan insanların təkidli tələb və xahişini nəzərə alaraq Bakıya gəldi.

Bu qayıdış Azərbaycanın müstəqilliyini möhkəmləndirdi ölkəmizi bir dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Respublikada tüğyan edən ictimai-siyasi böhran aradan qaldırıldı və inkişafın təməli qoyuldu. Belə çətin və mürəkkəb bir dövrdə xalqının yanında olan ulu öndər demişdi: "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır". Heydər Əliyev problemlərin aradan qaldırılması üçün ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin edilməsini son dərəcə vacib sayırdı: "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz".

Prezident İlham Əliyev də ulu öndərin xalqın təkidli xahişini yerinə yetirərək respublikaya qayıdışını yüksək qiymətləndirərək demişdir: "O dövrü düzgün təhlil edərkən, biz gələcəkdə də özümüzü hər hansı bir risklərdən sığortalamış olarıq. O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq? Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, yarımmüstəmləkə kimi yaşaya bilərdi".

Ümummilli lider, ilk növbədə, Gəncəyə getmək, insanlarla görüşmək, baş vermiş hadisə ilə yerində tanış olmaq istədiyini bildirdi. Təbii ki, bu, çox riskli bir hadisə idi. Həmin vaxt azğınlaşmış qeyri-qanuni silahlı birləşmələr hər an ulu öndərə sui-qəsd edə bilərdi. Lakin Heydər Əliyev bu təhlükədən qorxmadı və Gəncəyə getməkdə israrlı olduğunu bildirdi. Müdrik şəxsiyyətin 1993-cü il iyunun 13-də vəziyyətlə tanış olmaq üçün Gəncəyə gəlişi ölkə əhalisində böyük ümid, gələcəyə inam yaratdı. Heydər Əliyev Gəncədə 709 saylı hərbi hissənin döyüş meydanına çevrilmiş ərazisinə baş çəkdi, şəhər sakinləri, hərbi qulluqçularla görüşüb söhbət etdi, yaranmış vəziyyəti gəncəlilərlə birlikdə təhlil etdi. Yerli sakinlər öz xilaskarını gül-çiçəklə, böyük hörmət və ehtiramla qarşıladılar.

Heydər Əliyevin bu səfəri ölkəmizi ağır faciələrdən xilas etdi. Topsuz, tüfəngsiz, cangüdənsiz, mühafizəsiz, həm də olduqca çətin dövrdə, respublika rəhbərlərinin Gəncəyə gəlmək və yaranmış vəziyyətə aydınlıq gətirmək iqtidarında olmadığı gündə, heç bir dövlət vəzifəsi olmayan, amma xalqın məhəbbətinin zirvəsində duran Heydər Əliyev öz həyatını təhlükəyə ataraq bu şərəfli və son dərəcə ağır missiyanı - qurtuluş missiyasını yerinə yetirdi. Bu riskli və təhlükəli səfər belə bir hikməti xatırladırdı: "Əsl rəhbər xalqın şad günündə də, dar günündə də onunla birlikdə olmalıdır".

Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü. Həmin gün parlamentin tarixi iclasındakı çıxışında ulu öndər Heydər Əliyev demişdir: "Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır".

Ümummilli lider bu sahədə daim çalışacağını və ömrünün bundan sonrakı hissəsini, harada olursa-olsun, yalnız və yalnız Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyini bildirdi. Heydər Əliyev qəti olaraq bildirdi ki, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.

Milli Qurtuluş Günündən sonra ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli dövlətə çevrildi. Qısa müddətdə hüquqi-demokratik dövlət quruculuğu istiqamətində potensial baza yaradıldı. Müasir hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiya qəbul edildi. Nəticədə, çox qısa müddətdə müstəqil Azərbaycanın sosial, iqtisadi, siyasi və mədəni həyatında ciddi islahatlar aparıldı. Bu islahatlar bütün sahələrdə olduğu kimi, hüquq-mühafizə, prokurorluq orqanlarının, məhkəmələrin fəaliyyətində də əsaslı dönüş yaratdı. Məhz ulu öndərin diqqət və qayğısı sayəsində ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında", "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında", "Prokurorluğun rəsmi emblemi haqqında" və digər qanunvericilik aktlarının qəbul edilməsi, "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnamə və digər normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətində yeni mərhələnin əsası qoyuldu.

Bu gün Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada durmasının əsası məhz Milli Qurtuluş Günü ilə qoyulmuşdur. Prezident İlham Əliyev də çıxışlarında bunu xüsusi qeyd edərək deyib: "Müasir tariximiz, şanlı tariximiz 1993-cü ildən başlayır. O ildən 2003-cü ilə qədər Azərbaycan böyük və uğurlu yol keçmişdir, dövlətçiliyin əsasları qoyulmuşdur. Mütərəqqi Konstitusiya qəbul edilmişdir, ümumi dövlət quruculuğu prosesi başlamışdır, əsaslı siyasi və iqtisadi islahatlar reallaşmışdır, Azərbaycan dünya miqyasında özünü tanıtdıra bilmişdir və beynəlxalq təşkilatlara üzv olmuşdur".

İsmayıl ABİYEV,

Sumqayıt şəhər prokurorunun

müavini, ədliyyə müşaviri.