Azərbaycanın növbəti tarixi qələbəsi
Siyasət

Azərbaycanın növbəti tarixi qələbəsi

Türkiyə

Bu həftə ərzində baş verən iki böyük əhəmiyyətli hadisə göstərdi ki, ötən il dekabr ayının 7-də Azərbaycan Respublikası Prezident Administrasiyası ilə Ermənistan Baş naziri aparatı arasında qəbul edilmiş birgə bəyanat tarixi bir sənəd olub.

Həmin sənəddə Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmət, dəstək ifadə etmişlər. Qazax rayonunun indiyədək erməni işğalında qalan 4 kəndinin boşaldılması və Azərbaycana təhvil verilməsi barədə yekun qərarın qəbul edilməsi də həmin sənəd əsasında baş tutdu.

Əsası odur ki, Ermənistanla Azərbaycan bu razılığa vasitəçilər olmadan, birbaşa danışıqlar aparmaqla gəldilər. Bu dəfə danışıqlara nə Brüssel, nə Paris, nə Vaşinqton qarışa bilmədi. Əslində hələ münaqişənin ilk illərində Azərbaycan və Ermənistan həm döyüş meydanında, həm də diplomatik müstəvidə baş-başa buraxılsaydı, arada bu qədər qan tökülməzdi. Ancaq o illərdə Ermənistan bəzi dövlətlərdən açıq, bəzilərindən gizli dəstək alır və himayədarlarına güvənirdi. 2020-ci ildən sonra isə vəziyyət tam şəkildə dəyişdi:

''Sərhədlərin delimitasiyası üzrə işçi qrup səviyyəsində qəbul edilən birgə bəyanat və Qazağın 4 kəndinin qaytarılması, Azərbaycanın öz haqqının uzun əziyyətlərdən sonra əldə etdiyi növbəti bir uğur hekayəsidir. Bu, son 4 ildə Azərbaycana ardıcıl zəfərlər, uğurlar qazandırmış Prezident İlham Əliyevin tarixi və fenomenal xidmətinin bəhrəsidir". Bu fikri siyasi ekspert Bilgehan Öztürk deyib.

Siyasi ekspert vurğulayıb ki, çox böyük əhəmiyyətə malik tarixi günlər yaşayırıq. Rusiyanın sülhməramlı hərbi qüvvələrinin vaxtından əvvəl Azərbaycandan çıxarılması isə başqa bir uğurlu siyasətin nəticəsidir. Yaşadığımız tarixi hadisə Azərbaycan dövlətinin Cənubi Qafqazın ən güclü ölkəsi olmasının, eyni zamanda İlham Əliyevin uzaqgörənliyinin, liderliyinin növbəti sübutudur. Əlbəttə, bu fəaliyyət Türkiyə, Azərbaycan və Rusiya arasında aparılan koordinasiyalı işin, verilmiş qərarların məntiqi nəticəsidir. Uzun müddət idi ki, Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində də fəaliyyət zəifləmişdi. Azərbaycanın gördüyü bütün humanist tədbirlərə rəğmən ermənilərin könüllü şəkildə Qarabağı tərk etməsindən sonra əslində rus sülhməramlıların missiyası bitmişdi.

Bütün tələlərə baxmayaraq, cənab İlham Əliyev səbirlə, inad və qətiyyətlə Türkiyə ilə koordinasiyalı şəkildə və Moskva ilə münasibətlərdə balansı qoruyaraq prosesin tam formalaşmasını gözlədi və nəticədə rus sülhməramlılar ölkəni tərk etməyə başladı. Baş verənlər həm də Ermənistan siyasətinin iflasının təzahürüdür. Fikrimcə, Zəngəzur dəhlizinin açılmasından sonra orada rus sərhədçilərin fəaliyyəti ilə bağlı qeyri-müəyyənlik də qısa zamanda ortadan qaldırılacaq. 2012-ci ildə Qəbələ RLS-in Azərbaycana təhvil verilməsində olduğu kimi, sülhməramlıların da ölkəni tərk etməsi problemsiz şəkildə həyata keçirilir. Ermənistanın son dörd ildə hadisələri şişirtmə cəhdləri iflasa uğradı. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini uğurla həyata keçirdi.

Azərbaycan və Ermənistan arasında aparılan sakit və vasitəçisiz diplomatiya onu göstərir ki, ABŞ və Fransa kimi imperialist qüvvələrin müdaxiləsi olmasa, Azərbaycan və Ermənistan öz aralarında sülh yarada, dinc və birlikdə yaşamaq imkanı əldə edə biləcəklər''.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.