Azərbaycan yeni mərhələyə qədəm qoyur
Siyasət

Azərbaycan yeni mərhələyə qədəm qoyur

Sentyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciət etdi. Ölkə başçısı çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunaraq qeyd etdi ki, erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində ikisi mülki şəxs olmaqla 6 Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub. Bu, Ermənistanın Azərbaycana qarşı törətdiyi ilk terror aktı deyil. Prezident İlham Əliyev, həmçinin İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşının mina terrorunun qurbanı olduğunu, yaxud yaralandığını da diqqətə çatdırdı.

Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramov birgünlük antiterror tədbirlərində Azərbaycanın bütün ərazilərində suverenliyini tam bərpa etdiyini bildirib: "Cənab Prezidentin çıxışında bir sıra mühüm məqamlar var idi. Əvvəla, Prezident bir daha qeyd etdi ki, Azərbaycanla heç kim diktə yolu ilə danışa bilməz. Azərbaycan müstəqil siyasət həyata keçirir və öz ərazisində suverenliyini tam bərpa edib. Bu baxımdan, lokal xarakterli antiterror tədbirlər Qarabağdakı erməni əhalisinə, etnik qrupa deyil, terrorçu qruplara qarşı keçirilmişdir. Bu, eyni zamanda ölkəmizin suveren hüququdur.

Prezident İlham Əliyev Qarabağda yaşayan ermənilərin Azərbaycan Konstitusiyası çərçivəsində reinteqrasiyasının həyata keçiriləcəyini də bildirdi. Bu isə o anlama gəlir ki, Qarabağda hazırda yaşayan ermənilər digər etnik qruplar kimi Konstitusiyamızın verdiyi hüquqlardan istifadə etməklə Azərbaycan cəmiyyətinə inteqrasiya oluna bilər. Bu gün Azərbaycanda 16 etnik azlıq yaşayır. Onların təhsil almasında, dövlət və özəl sektorda çalışmasında və bütövlükdə cəmiyyətdə mövqe tutmasında hər hansı bir problem yoxdur. Azərbaycan multikultural və sekulyar ölkədir. Qarabağda yaşayan ermənilər də məhz Azərbaycan Konstitusiyası çərçivəsində Azərbaycan vətəndaşlığını qəbul edərək ölkəmizdə yaşaya bilərlər. Prezident İlham Əliyevin çıxışı bir daha təsdiq etdi ki, Azərbaycanda uzun müddət həyata keçirilən strategiya və əsası ümummilli lider tərəfindən formalaşdırılan həm daxili, həm xarici siyasət, o cümlədən buna uyğun olaraq həyata keçirilən siyasət Azərbaycan vətəndaşlarının rifahının artırılmasına, hüquqlarının qorunmasına ünvanlanıb. Lokal xarakterli antiterror tədbirləri Azərbaycanın regionda geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə gətirib çıxaracaq.

Bu gün artıq Azərbaycan yeni bir mərhələyə qədəm qoyur. Yeni açılan səhifədə yalnız biz uzun müddət işğal altında qalmış Qarabağın deyil, bütövlükdə regionun, Qafqazın inkişafını müşahidə edəcəyik".

Nəzrin ELDARQIZI,

"Respublika".