Azərbaycan və Türkiyə arasında imzalanan sazişlər və əhəmiyyətləri
Siyasət

Azərbaycan və Türkiyə arasında imzalanan sazişlər və əhəmiyyətləri

 Azərbaycanla qardaş ölkə Türkiyə arasında daima dostluq və qardaşlıq münasibətləri hökm sürüb. Zaman-zaman bu münasibətlər rəsmi sənədlərdə öz əksini tapıb. Bu kimi əməkdaşlıq müqaviləsinin bir örnəyi 2010-cu ildə iki dövlət arasında imzalanan strateji əməkdaşlıq barədə sazişdir. Həmin saziş öz gücünü müharibədən əvvəl ordular arasında qarşılıqlı əlaqənin gücləndirilməsində və 44 günlük zəfərdə Ordumuzun müasir texnikalarla təchiz olunmasında xüsusi pay sahibi oldu. Sonralar bu saziş 2021-ci ilin iyununda imzalanan tarixi Şuşa Bəyənnaməsinin də dəstəkçisi rolunda çıxış etdi.

Ehtiyyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyev “Respublika”ya bu sazişin önəmi barədə öz fikirlərini bildirib:

"2010-cu ilin avqust ayının 16-da Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlıq barədə sazişin imzalanması hər iki qardaş ölkənin tarixində mühüm yer tutan hadisələrdəndir. Böyük tarixi əhəmiyyətə malik olan bu sənəd sonrakı dövrdə Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərini daha üstün bir səviyyəyə daşımış oldu. Uzun müddət davam edən bu münasibətlər sonradan Şuşa Bəyənnaməsinin imzalanmasına gətirib çıxardı. İmzalanan sazişdə bir-birinə qarşı olan hərbi hücum və ya təcavüzü digərinə edilmiş hücum kimi dəyərləndirməsi və hücuma uğrayan tərəfə digər tərəfin dəstək verməsi nəzərdə tutulur".

"Hər iki dövlət arasında imzalanan bu cür sazişlərin sayəsində Azərbaycan və Türkiyə müdafiə sənayesi arasında əməkdaşlıq daha da inkişaf etdirilir. Son nəticə olaraq, Azərbaycanın dünya orduları sırasında  ilk 50-likdə olması, Türkiyənin NATO orduları arasında 2-ci yerdə öz mövqeyini möhkəmləndirməsi sazişin önəmini artırdı. Hər iki ölkənin bu sahədə potensialları digər tərəf üçün əlçatılan olması ilə şərtləndirilir ki, bu da Vətən müharibəsi dövründə Azərbaycan tərəfindən Türkiyəyə məxsus silah sistemlərinin uğurlu tətbiqi ilə yadda qaldı” - deyə, ekspert bildirib.

Tacir SADIQOV,

“Respublika”.