Azərbaycan və Bolqarıstan parlamentləri arasında əlaqələr müzakirə olunub
Digər xəbərlər

Azərbaycan və Bolqarıstan parlamentləri arasında əlaqələr müzakirə olunub

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Milli Assambleyasının sədri Rosen Jelyazkov ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə parlament sədrləri spikerlər arasında təkbətək görüş baş tutub. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair müzakirələr aparılıb.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Azərbaycan parlamentinin sədrini səmimiyyətlə salamlayan Rosen Jelyazkov bu səfərin iki ölkə, o cümlədən parlamentlərimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib. O, Azərbaycan və Bolqarıstan arasında dərin dostluq əlaqələrinin olduğunu qeyd edərək, ölkələrimizin bir çox sahələrdə əməkdaşlığını diqqətə çatdırıb.

Rosen Jelyazkov dövlətlərimiz arasında olan yüksək səviyyəli münasibətlərin qanunverici orqanlar arasında da əməkdaşlığın daha da inkişafı üçün yaxşı imkanlar yaratdığını, parlamentarilərin, dostluq qruplarının təmaslarının önəmini vurğulayıb.

Sahibə Qafarova Azərbaycan Milli Məclisinin sədri kimi Bolqarıstana ilk rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

İki ölkənin qanunverici orqanları arasında da əməkdaşlıqdan danışan Milli Məclisin sədri deyib ki, Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərin qarşılıqlı fəaliyyətidir. Qarşılıqlı səfərlər bu əməkdaşlığın inkişafına təkan verir. Parlamentlərimiz arasında müxtəlif beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlığın daha da inkişafı üçün yaxşı imkanlar var. Bu mənada, dostluq qruplarının birgə fəaliyyəti vacibdir. Onlar müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi ilə parlamentlərimiz arasında körpü rolunu oynayır. Sahibə Qafarova, həmçinin parlament komitələrinin işi vasitəsilə parlamentlər arasında əlaqələrin daha da dərinləşdirilməsi imkanları barədə də danışıb.

Milli Məclisin sədri Vətən müharibəsindən sonra regionda yeni yaranmış vəziyyət haqqında məlumat verib. Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsinin yaradılmasını Azərbaycanın qanuni hüququ olduğunu və Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də tanındığını qeyd edib.

Bolqarıstan Milli Assambleyasının sədrinə, həmçinin Ermənistanın "blokada", "ciddi humanitar böhran"la bağlı siyasi manipulyasiyaları barədə məlumat verilib.

Rosen Jelyazkov ölkəsinin Azərbaycanın sülh planını dəstəklədiyini bir daha bəyan edib, vasitəçilərin də iştirakı ilə aparılan danışıqlar nəticəsində tezliklə sülh sazişinin imzalanacağına ümidvar olduğunu bildirib.