Azərbaycan və Almaniya xarici işlər nazirləri birgə mətbuat konfransı keçiriblər
Siyasət

Azərbaycan və Almaniya xarici işlər nazirləri birgə mətbuat konfransı keçiriblər

Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, ərazi adlarına beynəlxalq hüquq çərçivəsində hörmət edilməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 4-də Almaniyanın xarici işlər naziri Annalena Berbokla birgə keçirilən mətbuat konfransında deyib.

O, bildirib ki, Azərbaycan 30 il işğaldan əziyyət çəkib, insanlar evlərindən ən ağır şəraitdə didərgin salınıblar. Vaxtilə buna heç kəsin reaksiyası olmadığı halda, indi sakit, dinc şəraitdə, həm də özlərinin istəyi ilə Qarabağı tərk edən ermənilərə daha çox can yandırılır.

"Azərbaycan sülh sazişinin bağlanması istiqamətində bütün formatda danışıqlara hazırdır və bu istiqamətdə səylərini davam etdirir", - deyə nazir vurğulayıb.

***

Uzun illər ərzində Azərbaycan ilə Almaniya arasında ticarət, enerji, kənd təsərrüfatı, qarşılıqlı sərmayələrin qoyulması, infrastruktur layihələrində qarşılıqlı iştirak sahələrində əlaqələr uğurla inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 4-də Almaniyanın xarici işlər naziri Annalena Berbokla birgə keçirilən mətbuat konfransında söyləyib.

Nazir deyib ki, Azərbaycanda 200-dən çox alman şirkəti fəaliyyət göstərir və onlar müxtəlif sahələrdə layihələrin həyata keçirilməsinə cəlb olunublar.

 "Almaniyanın Cənubi Qafqaz ölkələri ilə olan ticarətinin 70 faizi Azərbaycanın payına düşür. 2022-ci ildə ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsi 1,3 milyard ABŞ dolları olub. 2023-cü ilin ilk doqquz ayının nəticələrini olduqca müsbət qiymətləndirmək olar. İlk 9 ay ərzində ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz artıb", - deyə C.Bayramov əlavə edib.

***

Azərbaycan ilə Almaniya arasında bir çox istiqamətlərdə, o cümlədən enerji, nəqliyyat, tranzit bağlantıları, alternativ enerji və bir sıra digər sahələrdə əməkdaşlığın çox böyük potensialı mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 4-də Almaniyanın xarici işlər naziri Annalena Berbokla birgə keçirilən mətbuat konfransında bildirib.

Almaniyalı həmkarı ilə bölgədə olan son vəziyyət barədə ətraflı fikir mübadiləsi apardıqlarını vurğulayan Ceyhun Bayramov qeyd edib: "Həmkarıma Azərbaycan torpaqlarının 30 illik işğalı, işğalın ağır nəticələri, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın azad olunması, eyni zamanda, postmünaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, həmçinin regionun gələcək inkişafı baxımından Azərbaycanın baxışını bir daha çatdırdım". Nazir deyib ki, eyni zamanda, görüşdə son üç il ərzində ölkəmiz tərəfindən Ermənistan-Azərbaycan postmünaqişə normallaşması kontekstində həm sülh müqaviləsinin irəli aparılması, eyni zamanda, kommunikasiyaların açılması, həmçinin iki ölkə arasında sərhədlərin delimitasiyası istiqamətində atılan addımlar barədə müzakirələr aparılıb.

***

Azərbaycan hesab edir ki, Ermənistanla münasibətlərin normallaşdırılmasının, sülhün alternativi yoxdur. Təəssüf ki, Azərbaycanın bu barədə son təşəbbüslərinə Ermənistan tərəfindən hələ də cavab verilməyib. Ermənistan tərəfinin cavabı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 4-də Almaniyanın xarici işlər naziri Annalena Berbokla birgə keçirilən mətbuat konfransında bildirib.

Azərbaycan son üç ildə məsələnin dialoq yolu ilə həllini tapması üçün mümkün addımları atdığını qeyd edən Ceyhun Bayramov deyib ki, törədilən təxribatların qarşısını almaq mümkün olmadıqda Azərbaycan bütün beynəlxalq hüququ, humanitar hüququ gözləyərək qısamüddətli antiterror tədbirləri həyata keçirib. Bunu BMT-nin bölgəyə səfər etmiş missiyası da təsdiqləyib. Bunu həmin vaxt Ermənistanın baş nazirinin də təsdiqlədiyini xatırladan nazir Paşinyanın sonradan bunu inkar etdiyini və ziddiyyətli açıqlamalar verdiyini diqqətə çatdırıb.

 

Hazırda Cənubi Qafqaz Avropa üçün maraqlı bölgədir. Cənubi Qafqaz, xüsusilə Azərbaycan Avropa üçün strateji tərəfdaşdır. Regionda hamının sülhə ehtiyacı var. Ardıcıl və davamlı sülhün təmin olunması inkişaf üçün çox vacibdir. Almaniya Azərbaycana mina təhlükəsi ilə mübarizədə kömək etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.

Xanım Berbok qeyd edib ki, Azərbaycan müharibədən sonra bərpa və qayıdış prosesini həyata keçirir.

Azərbaycanın və Ermənistanın qonşu ölkələr kimi dinc və yanaşı yaşamağının vacibliyini qeyd edən Almaniya XİN-in rəhbəri rəsmi Bakının sülh sazişi istiqamətində səylərini yüksək qiymətləndirib.

***

Almaniya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində vasitəçi olmağa hazırdır.

AZƏRTAC xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.

Demarkasiyanın çətin və uzun proses olduğunu diqqətə çatdıran nazir normallaşma prosesində Avropa formatının əhəmiyyətini qeyd edib. "Məqsədimiz etimad quruculuğu ilə məşğul olmaqdır. Mina təhlükəsi ilə mübarizə üçün layihəmizi bugünkü görüşdə təqdim etdik. Əməkdaşlığımızı davam etdirəcəyik", - deyə A.Berbok bildirib.

***

Mən hər zaman ifadə etmişəm ki, Qarabağ Azərbaycanın ərazisidir. Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında söyləyib.

Nazir deyib: "Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycanlılar öz torpaqlarına qayıtmalıdırlar".