Azərbaycan-Türkiyə müttəfiqliyi regional təhlükəsizliyin önəmli amilidir
Siyasət

Azərbaycan-Türkiyə müttəfiqliyi regional təhlükəsizliyin önəmli amilidir

"Prezident Ərdoğanın Türkiyəyə rəhbərlik etdiyi son iyirmi ildə bizim münasibətlərimiz mənim onunla birgə səylərimiz nəticəsində təkcə qardaş xalqlar arasında deyil, eyni zamanda müttəfiqlər arasında olan münasibətlərə çevrilmişdir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib. Ölkə başçısı vurğulayıb ki, biz bunu dəfələrlə nümayiş etdirmişdik. Buna görə əlbəttə ki, bu, regional inkişafın önəmli amilidir.

44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, xalqımızın birliyi, ordumuzun qüvvəti hesabına Azərbaycan güclü orduya malik olduğunu bir daha bütün dünyaya sübut etdi. Vətən müharibəsində qardaş Türkiyə Azərbaycanın haqq işinə hər zaman olduğu kimi, dəstək verdi. Bu, Ümummilli Lider Heydər Əliyevin dediyi kimi "bir millət - iki dövlət" vəhdətinin nə qədər böyük həyati gücə və geniş imkanlara malik olduğunu, xalqlarımız arasındakı tarixi-mədəni bağların, dil və din birliyinin əbədi olduğunu bir daha təsdiq etdi. Müharibə dövründə ilk günlərdən başlayaraq Türkiyə Prezidenti açıqlamalar verdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Qardaş Türkiyənin Prezidenti ilə yanaşı, yüksək vəzifəli rəsmiləri də birmənalı olaraq Azərbaycana çox böyük siyasi və mənəvi dəstək verdilər. Müharibə dövründə bütün dünya Türkiyə müdafiə sənayesinin üstünlüyünü gördü.

Azərbaycan  Prezidenti İlham Əliyev oktyabrın 24-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib. Söhbət zamanı Yaşar Gülərin Azərbaycana səfərinin əlaqələrimizin inkişafına, o cümlədən hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət etdiyi bildirilib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyi vurğulanıb. Bu baxımdan ölkəmizin müxtəlif yerlərində "Mustafa Kamal Atatürk-2023" Azərbaycan-Türkiyə birgə taktiki təliminin keçirilməsindən, təlim zamanı yüksək peşəkarlığın və bacarığın nümayiş etdirilməsindən məmnunluq ifadə olunub. Türkiyə Respublikasının milli müdafiə naziri bu təlimlərin ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayıb. Azərbaycanın və Türkiyənin dövlət başçılarının mütəmadi görüşlərinin və təmaslarının münasibətlərimizin inkişafında rolu qeyd olunaraq, bu ilin sentyabrında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfərinin əhəmiyyətinə toxunulub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə Naxçıvana səfəri həm böyük siyasi, həm də mənəvi əhəmiyyətə malikdir. Bu səfər türk dünyasının, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğunun timsalında bütövlükdə dünyaya birliyin, həmrəyliyin, dostluq və qardaşlığın növbəti bəyanı oldu. Türkiyə ilə Azərbaycan arasında sıx əməkdaşlıq, eyni zamanda regionda uzunmüddətli sülhə və təhlükəsizliyə, yeni əməkdaşlıq mühitinin yaradılmasına yönəlib. Bu baxımdan, səfər regionun gələcək inkişafı, sülhün və sabitliyin qorunub saxlanması və möhkəmləndirilməsi üçün yeni imkanlar açır. Türkiyə sabitləşdirici missiya daşıdığına görə, onun regionda olması ümumi sabitliyə xidmət edən bir mühit yaradır. Çünki artıq bütün dünya Türkiyə reallığı ilə hesablaşır. Naxçıvana baş tutan bu səfər də həmin amilin dünyaya bir daha bəyanıdır.

"Dünən dövlətimizin banisi olan Mustafa Kamal Atatürkün "Türk dünyasının qapısı" adlandırdığı Naxçıvanda qardaşlarımızı ziyarət etdik. Səfərimiz strateji anlaşmalarla yanaşı, həm də mühüm mesajlar verdi. Doğma topraqlarını terrorçu ünsürlərdən təmizləyən müzəffər Azərbaycan Ordusunu bir daha təbrik edirəm. Ermənistanın bundan sonrakı inkişafı yalnız qonşuları ilə dinc münasibətlərindən asılıdır." Bunu prezident Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfərindən danışarkən bildirib. Zərngəzur dəhlizinin əhəmiyyətini vurğulayaraq yeni infrastrukturun Azərbaycanla Türkiyə arasındakı qardaşlıq bağlarını daha da möhkəmləndirəcəyini qeyd edib.

Türkiyə Cənubi Qafqaz bölgəsində sabitliyə böyük əhəmiyyət verir, burada sülh və əmin-amanlığın təmin olunması üçün səy göstərir. Azərbaycan 30 il işğal altında olan torpaqlarını, Qarabağı 44 gün davam edən əməliyyatlarla Ermənistan işğalından azad edib. Bu müddətdə haqlı mübarizəsində Azərbaycanın yanında olan Türkiyə bundan sonra da "Bir millət, iki dövlət" anlayışı ilə öz qardaşlarının yanında olmaqda davam edəcək.

2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Şuşa Bəyannaməsi çoxşaxəli münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir. Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir, ortaq hərbi təlimlər keçirilir. Gələcəkdə Azərbaycanda Türk Ordusunun kiçik modelinin yaradılması da nəzərdə tutulmuşdur. Hərbi və müdafiə sənayesi sahəsində bu gün Azərbaycan-Türkiyə münasibətləri uğurla davam edir. Azərbaycan Ordusunun Türkiyə ordu modelinə keçməsi təsadüfi deyildir. 44 günlük Vətən müharibəsində Türkiyənin ordu modeli özünün üstünlüklərini bir daha sübut etdi. Bu model hələ uzun illər ərzində Azərbaycan Ordusunun professional inkişafında böyük rol oynayacaq. İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrin əməliyyat və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, həmçinin xüsusi şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yeni komando hərbi hissələri yaradılıb. Komandoların Türkiyədə müvafiq hazırlıq kurslarını keçməsi təmin edilib. Bu proses hazırda da davam etdirilir.

Vətən müharibəsində əldə edilən təcrübələrin təhlili əsasında Türkiyə Silahlı Qüvvələrinin də modeli nəzərə alınaraq yeni döyüş təlimatları hazırlanır. Türkiyə Silahlı Qüvvələri zabitlərinin iştirakı ilə təşkil edilən bir çox kurslara ölkəmizin xeyli sayda hərbi qulluqçunun cəlb edilməsi mütəxəssis hazırlığını da yeni səviyyəyə yüksəldib. Türkiyənin Qars şəhərində Azərbaycanla birgə keçirilən və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev-2023" birgə döyüş atışlı taktiki təlimin əsas məqsədi döyüş zamanı qoşunların koordinasiyasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasından ibarətdir. Həmçinin Konya şəhərində keçirilən "Anadolu Qartalı-2023" təlimlərində Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və aviasiya vasitələri ilə təmsil olunur. Bu baxımdan 2020-ci il iyul ayının sonundan Azərbaycanda başlayan genişmiqyaslı Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Qartalı-2020" birgə taktiki-uçuş təlimləri təkcə Azərbaycan Ordusunun güclənməsinə deyil, eyni zamanda bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlmişdi.

Onu da qeyd edək ki,Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən "Mustafa Kamal Atatürk-2023" Azərbaycan-Türkiyə birgə taktiki təliminə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub. Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilib. Əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

Hərbi əməkdaşlığın digər vacib tərəfi müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi olmuşdur. Türkiyənin müdafiə sənayesində son illər qazanılan uğurları da xüsusi qeyd etmək lazımdır.

Oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərlə görüşündə Azərbaycanın ötən ay həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunduğu xüsusi qeyd edilib. Xatırladaq ki, sentyabrın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı lokal xarakterli antiterror zamanı tədbirlərinin başa çatması və Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələrin silahı yerə qoymaları və tərk-silah olmaları barədə fikir mübadiləsi aparılıb. Dövlət başçıları Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduqlarını vurğulayıblar.

Azərbaycanla Türkiyə əməkdaşlığının yüksək səviyyəyə çatmasında hər iki dövlət başçısının səmimi münasibətlərinin əvəzsiz rolu var. İki ölkə arasındakı möhkəm həmrəylik Türk dünyasında əlaqələrin inkişafı baxımından da önəmlidir. Bu, yeni dünya nizamının yarandığı şəraitdə türk dövlətlərinin dövrün çağırışlarına cavab verməklə milli-strateji hədəflərə çatması üçün zəmin və fürsət yaradır, türkdilli ölkələrin qarşısında yeni perspektivlər açır.

Mustafa KAMAL,

"Respublika".