Diaspora

"Azərbaycan rüzgarı" proqramı "TRT Türkü" radiosunda

Türkiyə

2018-2023-cü illərdə Türkiyə telekanallarında Azərbaycanın mədəniyyətini, tarixini, coğrafiyasını təbliğ edən "Azərbaycan rüzgarı" proqramı bu dəfə Türkiyənin "TRT Türkü" radiosunda yayımlanmağa başlayıb. Həftənin hər bazar günü yayımlanan proqramda Azərbaycanın xalq mahnıları və muğamları səsləndirilir. Layihənin müəllifi həmyerlimiz, telejurnalist Səidə Ömərdir.

Bununla bağlı açıqlama verən S.Ömər deyib: "Azərbaycan mədəniyyəti hər zaman Türkiyə ictimaiyyətinin marağındadır. Bu gün UNESCO Dünya İrsi Siyahısında yer alan qədim musiqi alətlərimiz var. Azərbaycan musiqisi, xüsusilə, muğamlarımız, xalq mahnılarımız Türkiyədə həddindən artıq çox sevilir və Türkiyə sənətçilərinin ifalarında tez-tez səslənir. Biz də dünyanın 4 bir tərəfində yüksək nüfuza sahib olan qardaş Türkiyənin həm coğrafi, həm siyasi, həm də Azərbaycana olan səmimi, dost mövqeyinə görə, bu fürsəti qaçırmamağa qərar verdik. İnanıram ki, "Azərbaycan rüzgarı"nın dalğaları bütün dünyaya yayılacaq''.

"Qardaş Türkiyədə Azərbaycanı təmsil etməkdən qürur hissi keçirirəm", - deyən həmyerlimiz S.Ömər vurğulayıb ki, proqramımız vasitəsilə Azərbaycanın ustad xanəndələri və musiqiçilərinin ifaları ilə dinləyicilərə xoş ovqat verməyə çalışırıq.

 Təbii ki, "Azərbaycan rüzgarı" proqramının digər prinsiplərini də radio dinləyicilərinə uyğun formata salaraq təqdim edəcəyik.

Səidə Ömər Azərbaycan mədəniyyətinin Türkiyə radiosunda təbliğinə göstərdikləri dəstəyə görə "TRT" media qurumuna və TRT İstanbul Radiosunun müdiri Ali Fuad Gülməzə öz təşəkkürünü bildirib.

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.