Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"World Oil": Neft və qaz ölkələri iqlimlə bağlı müzakirələrdə iştirak etməlidir

"World Oil" xəbər saytı COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı məlumat yayımlayıb. Məlumatda neft və təbii qaz ixrac edən ölkələr üçün qlobal iqlim danışıqlarına evsahibliyi etmənin vacib olduğu öz əksini tapıb.  Məlumatda, həmçinin Azərbaycanın Rusiya və Qazaxıstandan sonra ən böyük neft hasil edən ölkə olduğu da qeyd edilib. Xəbərdə, eyni zamanda ölkəmizin 2020-ci ildən Avropaya təbii qaz ixrac edən ölkəyə çevrildiyi də yer alıb. Ölkə keçən il Avropaya təxminən 12 milyard kubmetr qaz ixrac edib. 2027-ci ilə qədər göstəricilərin 20 milyard kubmetrə qədər yüksəldiləcəyi də bildirilib.

"Vestnik Kavkaza": Azərbaycanda növbədənkənarprezident seçkilərinin təşviqat kampaniyası yanvarın 15-də başlayıb

Dünən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına start verilib.

"Vestnik Kavkaza" xəbər verir ki, fevralın 6-sı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq.

Azərbaycan Respublikası Seçki Məcəlləsinə əsasən qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.

"Enerdata": 2023-cü ildə Azərbaycanda qaz hasilatı və elektrik enerjisi istehsalı artıb, neft hasilatı isə azalıb

Azərbaycanın Energetika Nazirliyi 2023-cü il üçün qaz, neft və elektrik enerjisi göstəricilərini açıqlayıb. Nazirliyin məlumatına görə, 2023-cü ildə Azərbaycanda 48,3 milyard kubmetr təbii qaz hasil edilib. SOCAR dövlət şirkəti il ərzində 8,4 milyard kubmetr qaz hasil edib (2022-ci ildə 8,1 milyard kubmetr). 2023-cü ildə qaz ixracı 23,8 milyard kubmetr (+5%) təşkil edib, bunun 11,8 milyard kubmetri Avropaya, 9,5 milyard kubmetri Türkiyəyə və 2,5 milyard kubmetri Gürcüstana satılıb.

Azərbaycan ötən ildə 30,2 milyon ton xam neft (kondensat daxil olmaqla) hasil edib (-7%). "Azəri-Çıraq-Günəşli" yatağının payına 17,8 milyon ton, "Şahdəniz"in payına 4,3 milyon ton (kondensat), "Abşeron"un payına isə 0,3 milyon ton neft düşüb. 2023-cü ildə neft ixracı 25,2 milyon ton (-5%) təşkil edib.

2023-cü ildə Azərbaycanda ümumi elektrik enerjisi istehsalı 29,3 TVt/saat (+1%) təşkil edib ki, bunun da 27,2 TVt/s istilik elektrik stansiyaları, 1,8 TVt/saat su, 57 GVt/saat külək, 79 GVt/saat günəş, 223 GVt/saat isə tullantıların yandırılmasıdır. İstehsalın böyük hissəsi "Azərenerji"nin (26,4 TVt/saat, o cümlədən 24,7 TVt/saat istilik və 1,6 TVt/saat su elektrik enerjisindən), Naxçıvan MR Dövlət Energetika Agentliyinin (481 GVt/saat), "Azərişıq" (42 GVt/saat külək enerjisi) və digər İES-lərin payına düşür). Elektrik enerjisi ixracı 3,3 TVt/saat (+8%), idxalı isə 212 GVt/saat (+54%) təşkil edib.

"AnArt4life": Qafqaz - Azərbaycan

"AnArt4life" bloqu Azərbaycanın füsunkar təbiəti, gəzməli-görməli yerləri və tarixiliyi ilə bağlı yazının ikinci hissəsini oxucularla paylaşıb. Qeyd edilib ki, qədimliyin yeniliklə qovuşduğu Bakı şəhərində yerləşən tarixi məkanlardan biri də Bakı qalası - İçərişəhərdir. İçərişəhərin Qərb qapısından daxil olan kimi Şirvanşahlar Sarayı minarə və günbəzlərinin əzəməti ilə diqqət çəkir. Şirvan hökmdarlarının iqamətgahı olan Şirvanşahlar Sarayı qədim şəhərdə xüsusi rol oynayır.

Bu gün sarayın əsas hissələri muzey kimi istifadə olunur, burada orta əsrlərdə Azərbaycanda istifadə edilmiş əşyalar və geyimlər nümayiş etdirilir. Məqalədə qeyd edilib: "Köhnə şəhəri gəzərkən Puşkin, Dostoyevski, Qoqol və Çukovski kimi müəlliflərin azəri, rus, ingilis, alman dillərində yazılmış minlərlə kitabını nümayiş etdirən Miniatür Kitablar Muzeyində olduq. Qarşılaşdığımız şeylər bizi həyəcanlandırdı".

"İslamabad Post": Özəl sektorun Azərbaycan-Pakistan əlaqələrində rolu

"İslamabad Post" yazır ki, Azərbaycanın səfiri Xəzər Fərhadov Pakistan və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın təşviqində özəl sektorun, o cümlədən Pakistan hökumətinin rolunun təqdirəlayiq olduğunu bildirib. Pakistan Turizm İnkişafı Korporasiyasının müdiri Aftab Rahman Rana Pakistan hökuməti tərəfindən təşkil edilmiş bir çox yeni turizm istiqamətli layihələrin sürətlə tamamlandığını qeyd edib.

"Respublika".