Azərbaycan-Özbəkistan əlaqələri intensivləşir
Türk dünyası

Azərbaycan-Özbəkistan əlaqələri intensivləşir

Türk dövlətləri arasında münasibətləri daha da dərinləşdirmək, əlaqələri şaxələndirmək bu gün dünyada nüfuz sahibi olan Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir. Səmimi dostluq münasibətləri əsasında qurulan əməkdaşlıq türk xalqlarının birliyinə, ölkələrimizin inkişafına, mədəni və mənəvi əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə xidmət edir. Qədim tarixə söykənən Azərbaycan-Özbəkistan  münasibətləri dövlətlər  arasında hərtərəfli əməkdaşlıq əlaqələrinin qurulması ilə yanaşı, xalqların milli adət-ənənələri, mədəniyyəti əsasında daha da inkişaf etmişdir. Tarixi dostluq, qarşılıqlı etimad, strateji, o cümlədən hərtərəfli əməkdaşlıq iki ölkənin maraqlarına hörmət əsasında çoxtərəfli əlaqələrin inkişafına istiqamətlənmişdir. Dostluğun və strateji tərəfdaşlığın gücləndirilməsinə, regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönələn siyasət yürüdən ölkələrimizi ortaq din, mənəvi dəyərlər, oxşar ənənələr, dil və mədəniyyət birləşdirir.

Azərbaycan ilə Özbəkistan arasında Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində mövcud əlaqələr   qarşılıqlı faydalı əməkdaşlıq sayəsində daha da möhkəmləndirilir. İkitərəfli münasibətləri yeni inkişaf mərhələsinə yüksəldən Azərbaycan ilə Özbəkistan bu gün etibarlı strateji tərəfdaşlardır. Ölkələr arasında bütün sahələrdə əməkdaşlıq əlaqələri inkişaf etdirilir, birgə layihələr reallaşdırılır, ticarətdə, sənayedə, kooperasiyada dinamik artıma nail olunur.

Ötən il iyunun 21-də ölkə başçımızın Özbəkistan Respublikasına səfəri çərçivəsində keçirilən geniştərkibli görüşdə Prezident Şavkat Mirziyoyev çıxışı zamanı bu barədə demişdir: "Bizim görüşümüz ərəfəsində səmərəli biznes forum keçirilib, yarım milyard dollardan yuxarı həcmdə investisiya sazişləri və ticarət müqavilələri paketi imzalanıb. Onların arasında neft-qaz, neft-kimya sahələrində, energetika, əczaçılıq, tikinti materialları istehsalı, şərabçılıq, yeyinti, toxuculuq məhsullarının və zərgərlik məmulatlarının istehsalı üzrə perspektiv layihələr mövcuddur. Ələt Azad İqtisadi Zonasının bazasında sonradan Avropa İttifaqı bazarlarına çıxmaqla layihələrin icrası üçün imkan var. Həmçinin razılığa gəldik ki, layihələrin icrası üçün birgə investisiya fondu yaradılacaq, artıq növbəti ayda onların sürətli həlli üzrə proqram tədbirlərinin qəbul edilməsi üçün hökumətlərarası komissiyanın iclası təşkil olunacaq". Səfər çərçivəsində Daşkənddə ölkələr arasında qarşılıqlı iqtisadi fəaliyyətin mühüm sahələrini əhatə edən 20-yə yaxın sənəd imzalanmışdır.

Avqustun 21-də Bakıda hər iki ölkənin dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida, tekstil, əczaçılıq, tikinti, turizm, logistika və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin iştirakı ilə təşkil olunan Azərbaycan-Özbəkistan biznes forumda  da  nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlıq, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, yük daşımalarının həcminin artırılması, Orta Dəhliz çərçivəsində tərəfdaşlıq üçün böyük potensialın mövcudluğu, işgüzar və humanitar əlaqələrin möhkəmləndirilməsi, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, əlverişli investisiya mühitinin yaradılması, həyata keçirilən iqtisadi islahatlar barədə geniş məlumat verilib. Tədbirdə qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ciddi addımların atıldığı, bu kontekstdə ölkələr arasında 160-dan çox sənədin imzalandığı diqqətə çatdırılıb. İki dost ölkənin iqtisadiyyatın bütün sahələri üzrə faydalı əməkdaşlıq həyata keçirdiyi və "Strateji tərəfdaşlığın genişləndirilməsi və hərtərəfli əməkdaşlığın artırılması haqqında Bəyannamə"nin qlobal xarakter daşıdığı və ümumilikdə Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələyə keçidinə böyük təkan verdiyi vurğulanıb.

Uzun illərdən bəri qurulan dostluq, əməkdaşlıq əlaqələri bu gün strateji  xarakter alıb, ölkələr arasında  iqtisadiyyatın  bütün sahələrində genişmiqyaslı layihələr reallaşdırılır, nəqliyyat  kommunikasiyalarının inkişafı fonunda  Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımaların həcmi get-gedə artır, yeni dəhlizlərin inkişaf etdirilməsi, multimodal daşımaların genişləndirilməsi istiqamətində işlər aparılır. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin, aqrosektorun rəqəmsallaşdırılması üzrə qarşılıqlı fəaliyyətin həyata keçirilməsi prioritet istiqamət kimi müəyyənləşdirilir. Hacıqabulda birgə avtomobil istehsalı uğurla həyata keçirilir və genişləndirilməsi nəzərdə tutulur, ipəkçilik sahəsində əməkdaşlıq inkişaf etdirilir, hasilat, neft kimyası, əczaçılıq, tikinti materialları və hazır tekstil malları, qida məhsulları, zərgərlik məmulatları istehsalı və şərabçılıq sahələrində  yeni layihələr reallaşdırılır. Hər iki ölkənin sahibkarları arasında işgüzar görüşlərin təşkili, yeni əməkdaşlıq istiqamətlərinin və imkanlarının araşdırılması, birgə layihələrin icrası əməkdaşlıq əlaqələrini şaxələndirir. Ölkələrimiz arasında gündən-günə inkişaf edən əlaqələr iqtisadi əməkdaşlığı daha da dərinləşdirir, münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasına əlverişli şərait yaradır. Siyasi, iqtisadi, elmi-texniki, humanitar, mədəni və digər sahələr üzrə inkişaf edən ikitərəfli əməkdaşlıq bu gün qarşılıqlı fəaliyyət, strateji tərəfdaşlıq fonunda özünün inkişaf dövrünü yaşayır.

Mehparə ƏLİYEVA,

"Respublika".