Azərbaycan Laçın postundan yük maşınlarının keçməsinə icazə verməyəcək
Gündəm

Azərbaycan Laçın postundan yük maşınlarının keçməsinə icazə verməyəcək

Azərbaycan regionda davamlı sabitliyə və təhlükəsizliyə, əməkdaşlığa, iqtisadi inkişafa təkan verən aparıcı güc mövqeyindən çıxış edir. Heç şübhəsiz, bu prosesdə əsas hədəf Ermənistanla sülhə nail olunması, sərhədlərin delimitasiya və demarkasiya prosesinin reallaşdırılması, Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasının baş tutması, Naxçıvan və Azərbaycan arasındakı kommunikasiyaların qurulmasıdır. Lakin, buna əks olaraq Ermənistan təxribatlara davam edir, Laçın dövlət sərhəddindəki siyasi şousunu hər gün daha da, aktuallaşdırır.

Məsələ ilə bağlı “Respublika”ya açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan tərəfi Laçın dövlət sərhəddində yük maşınlarının keçməsinə icazə verməyəcək:

"Ermənistan sülh prosesinə kölgə salmağa davam edir. Azərbaycan onsuzda bu yüklərin Laçın yolundan keçməsinə icazə verməyəcək. Burda əsas problemlər başqa mövzular ətrafındadır. Ermənistan ilkin növbədə, delimitasiya və demarkasiya prosesini sürətləndirsin, Naxçıvanla Azərbaycan arasındakı quru əlaqəni və digər kommunikasıları bərpa etsin, ən əsası sülh sazişini imzalasın, Qarabağ separatçıları təslim olsun. “Humanitar böhran” şousu məhz bu fikiri yayındırma cəhdləridir. Amma indiki halda əlbəttə ki, biz öz ərazimizə yüklərin istədiyimiz məntəqədən keçirilməsini tələb etməliyik və edirik. Heç kim də bu məsələdə bizə təzyiq göstərə bilməz. Azərbaycan Ağdam-Xankəndi yolunu təklif edir, bununla razılaşmırlar. İndi Ermənistan hakimiyyəti dünyaya car çəkir ki, guya biz Qarabağı blokada vəziyyətində saxlamışıq, ermənilərə qarşı təzyiq göstəririk. Bu, heç də belə deyil. Bizim alternativ təkliflərimiz var və bu, Azərbaycanın haqq işidir. Humanitar yüklər tarixdə əvvəllər olduğu kimi Ağdam-Xankəndi yolu vasitəsi ilə daşına bilər".

Politoloq qeyd edib ki, qlobal güclərin isə gündəliyi olduqca qarışıqdır: 

"Bir tərəfdən Rusiya-Ukrayna müharibəsi gedir, digər tərəfdən Çinlə siyasi və iqtisadi mübarizə mövcuddur. Bu gün regionda Çin-Rusiya İttifaqı güclənir, bu da Qərbi narahat edir. Bununla yanaşı, Afrikada vəziyyət gərginləşib, ermənipərəst Fransa qaranlıq günlər yaşayır. Yəni, 44 günlük Vətən müharibəsində olduğu kimi, Ermənistanın hay-həşirinə heçkim gələn deyil. Buna əlavə olaraq, Azərbaycanın haqlı mövqeyi barizdir. Bu halda Ermənistan hakimiyyətinin iki yolu qalıb. Onlar ya bu yükləri geri çəkəcəklər, ya da bizim dediyimiz tələbi qəbul edəcəklər. Ermənilər anlamalıdırlar ki, "Laçın dəhlizi" ifadəsi yoxdur, Laçın yolu var. Niyə görə Azərbaycan onların qanunsuz yükləri üçün Laçın yolunu açmalıdır? Razılaşdırılmamış şəkildə atılan addımı nəyə görə qəbul etməliyik? Ona görə də, bu məsələ Azərbaycanın maraqları çərçivəsində həll olunacaq və ermənilərin bu şoularının heç bir nəticəsi olmayacaq".

Nurlan ABDALOV,

"Respublika".