Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsi beynəlxalq təşkilatlara müraciət edib
Digər xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsi beynəlxalq təşkilatlara müraciət edib

Müraciətdə deyilir:

"Ermənistan tərəfi münasibətlərin normallaşması, yekun sülhə nail olunması istiqamətində aparılan danışıqları pozmaq, proseslərin axarını dəyişmək məqsədilə müxtəlif təxribatlara əl atır, təcavüzkar siyasətini davam etdirməyə çalışır. Belə ki, Azərbaycan öz sərhədlərinə nəzarət etmək, Ermənistanın təxribatlarının, qaçaqmalçılığının, icazəsiz yük avtomobillərinin ölkəyə göndərməsinin qarşısını almaq məqsədilə Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurub. Azərbaycan öz ərazisində - Qarabağda yaşayan ermənilərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi və digər alternativ yollar təklif edib. Həmin təkliflər həmçinin Avropa İttifaqı, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən məqbul hesab olunub və dəstəklənib. Amma buna baxmayaraq, Ermənistanın öncədən heç bir razılaşma aparmadan Azərbaycan ərazilərinə Laçın yolu vasitəsilə daxil olması üçün avtomobil karvanı göndərməsi vəziyyəti gərginləşdirməyə hesablanmış qəbuledilməz haldır. Birbaşa Azərbaycanın suverenliyinə qəsd, ərazi bütövlüyünə isə kobud müdaxilə cəhdidir.

Azərbaycan hər zaman Qarabağda yaşayan ermənilərə Ermənistandan humanitar yüklərin daşınmasına şərait yaradıb. Onlar isə mütəmadi olaraq Laçın yolunda Azərbaycan sərhədçilərini atəşə tutub, əsgərləri yaralayıb, yolun normal və təhlükəsiz fəaliyyətinə mane olublar. Bu əməllərdən aydın görünür ki, ermənilərin əsl niyyəti başqadır.

O ki qaldı Ermənistan tərəfinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin ərzaq və dərman çatışmazlığı ilə bağlı səsləndirdiyi fikirlərə, bu, tamamilə yalandır, beynəlxalq ictimaiyyəti çaşdırmaqdan başqa bir şey deyil. Onlar bu yolla yerli ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına mane olmağa çalışır, vəziyyəti gərginləşdirirlər.

Odur ki, biz Azərbaycan Həmkarlar İttifaqları olaraq bütün beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına, Ümumhəmkarlar İttifaqları Konfederasiyasına, Pan Avropa Regional Şurasına, Qlobal Sahə Həmkarlar İttifaqlarına müraciət edərək vurğulayırıq ki, yuxarıda göstərilənlərə qarşı məsuliyyətli mövqe sərgiləsinlər, Ermənistan tərəfinin reallıqları ört-basdır edən uydurmalarına inanmasınlar, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə müdaxilə cəhdlərini qınasınlar".

Müraciəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin sədri Səttar Möhbalıyev və daha 31 üzvləri imzalayıb.