Azərbaycan enerji resursları və Gürcüstanın tranzit imkanları
Digər xəbərlər

Azərbaycan enerji resursları və Gürcüstanın tranzit imkanları

Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti əsasında ölkə başçımızın oktyabrın 8-də Gürcüstana işgüzar səfəri baş tutdu. Səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələlər müzakirə edildi.

Bu barədə danışan deputat Elşad Mirbəşiroğlu bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri, iqtisadi-ticari əlaqələri dinamik inkişaf edir: "Nəzərə almaq lazımdır ki, Azərbaycanla Gürcüstan arasında münasibətlərin inkişafına təsir göstərən əsas amillərdən biri də iki xalq arasında tarixən səmimi dostluğun olmasıdır. Bu baxımdan qeyd edə bilərik ki, Azərbaycan-Gürcüstan münasibətləri həm də dövlətlərarası münasibətlərin qurulması üçün örnək ola bilər. Ölkələr arasında hər zaman səmimi münasibətlər fonunda müxtəlif istiqamətlərdə iqtisadi əlaqələrin qurulması, genişləndirilməsi imkanları mövcud olub. Cənubi Qafqaz regionunda həyata keçirilən çox mühüm layihələrdə Azərbaycanla Gürcüstan birgə və səmərəli iştirak edirlər. Nəqliyyat və enerji layihələri bütövlükdə böyük bir coğrafiyada yeni imkanların yaradılması baxımından strateji əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti Gürcüstana səfəri çərçivəsində iki ölkə arasında münasibətlərin xarakterinə aydınlıq gətirərkən vurğuladı ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Gürcüstanın keçmiş prezidenti E.Şevardnadze iki ölkə arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinə çatması üçün çox böyük əmək sərf ediblər. Və bu gün də bu tendensiya Gürcüstan və Azərbaycan rəhbərləri səviyyəsində davam etdirilir. Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəri idi. Bu il Qaribaşvili də Azərbaycana səfər edib. Hər belə səfərdən sonra tərəflər arasında əlaqələrin yeni keyfiyyət mərhələsini müşahidə edirik. Təkcə regional səviyyədə deyil, beynəlxalq platformalarda da Azərbaycan və Gürcüstan bir-birilərinə çox yaxından dəstək olmaqdadırlar, öz mövqelərində bir-birilərinin maraqlarını dəstəkləyirlər.

Cənubi Qafqaz regionunda Azərbaycanın təşəbbüsü ilə yeni əməkdaşlıq platformasının qurulması imkanı meydana gəlib. Azərbaycan Prezidenti cənab İlham Əliyev "3+3", yəni Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə və İranın iştirakı ilə əməkdaşlıq formatını təklif edib. Azərbaycan bu formatın qurulması üçün ciddi addımlar atmaqdadır. Bu fonda Azərbaycan Prezidentinin Gürcüstana səfəri və orada aparılan müzakirələr də hesab edirəm ki, təsirli olacaqdır. Ümumiyyətlə, diqqət yetirsək, görərik ki, elə müstəqilliklərinin ilk illərindən Azərbaycanla Gürcüstan qarşılıqlı əlaqələrin qurulmasına böyük maraq göstəriblər. 1995-1996-cı illərdə qarşılıqlı şəkildə tərəflərin səfirlikləri fəaliyyətə başlayıb və bundan sonra əməkdaşlığın daha intensiv inkişafı müşahidə olunub. Azərbaycan və Gürcüstan münasibətləri regionda həm təhlükəsizlik mühitinin formalaşması, həm əməkdaşlıq sisteminin dinamik inkişafı baxımından olduqca böyük töhfələr verir və Azərbaycan Gürcüstanda infrastruktur quruculuğunda çox yaxından rolu olan bir dövlətdir.

Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, Gürcüstanda infrastruktur quruculuğunda Azərbaycanın iştirak etmək arzusu böyükdür. Azərbaycanla Gürcüstan birgə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin iştirakçılarıdır və bu dəmir yolu hazırda Azərbaycan, Gürcüstan, Türkiyə arasında nəqliyyat, logistika əlaqələri üçün çox mühüm əhəmiyyət kəsb edir. Gürcüstan ərazisində dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması istiqamətində Azərbaycan yaxından dəstək olmaqdadır. Eləcə də Bakı-Tbilisi-Ceyhan enerji neft boru kəmərinin yaradılması ilə Azərbaycan enerji resurslarını Gürcüstanın tranzit imkanlarından istifadə etməklə Türkiyə və Avropa bazarlarına çatdırmaq imkanı əldə etmişdir. İki ölkə arasında xüsusi nəqliyyat, logistika və enerji sahəsində əməkdaşlıq inkişaf edir. Bu, hər iki ölkənin vacib maraqlarına cavab verir və digər istiqamətlərdə də ölkələr arasında əməkdaşlıq öz dinamik inkişafı ilə diqqəti cəlb edir. Hesab edirik ki, ölkə başçımızın bu səfəri Azərbaycan-Gürcüstan əlaqələrinin yeni inkişaf mərhələsinə yüksəlməsini şərtləndirəcək.

"Respublika".