Azərbaycan dünyaya humanizm nümunəsi göstərdi
Gündəm

Azərbaycan dünyaya humanizm nümunəsi göstərdi

"Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər". Bu sözləri Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciəti zamanı bildirib. Ölkə başçımız vurğulayıb ki, mülki infrastruktura heç bir zərbə dəyilməməsi və ancaq hərbi infrastrukturun sıradan çıxarılması barədə göstəriş verilib. Şübhəsiz ki, Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı, texniki imkanları qarşıya qoyulan vəzifələri şərəflə yerinə yetirməyə şərait yaradıb. Bir daha dünya Azərbaycan əsgərinin həm peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlərinə şahid oldu.

Azərbaycan daim humanist əməlləri ilə seçilib. Sentyabrın 22-də Qarabağda yaşayan etnik ermənilərə hər birinin tutumu 20 ton ərzaq məhsulları və gigiyenik vasitələr olan iki yük avtomobili, eləcə də içərisində çörək olan iki yük maşınının Ağdam-Xankəndi yolu ilə hərəkətə başlaması bunu bir daha təsdiq edir.

Mövzu ilə bağlı deputat Bəhruz Məhərrəmov bildirib ki, Azərbaycan 23 saatlıq antiterror tədbirləri ilə regionun əsas hərbi gücü və həlledici siyasi iradə sahibi kimi dünyaya beynəlxalq humanizm nümunəsi göstərdi: "Bildiyimiz kimi, Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində də ifadə etdiyi kimi, Azərbaycanın Silahlı Qüvvələrinə lokal antiterror tədbirləri zamanı mülki əhaliyə, mülki obyektlərə münasibətdə xüsusi həssaslıqla davranmaq tapşırığı verilmişdi və nəticədə ümumiyyətlə, Qarabağın erməni sakinləri arasında hərbi əməliyyatların iştirakçısı olmayan heç bir şəxs xəsarət almadı. Eyni zamanda, heç bir mülki obyektə zərər dəymədi. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı görüntülərdən də aydın olurdu ki, separatçılar məqsədli şəkildə hərbi vasitələri daha çox mülki obyektlərə yaxın yerləşdirir, yaxud mülki avtomobilləri daha çox hərbi mövqelərin yaxınlığında saxlamaqla hədəfə alınmasını istəyirdilər. Bununla da Azərbaycana münasibətdə beynəlxalq humanitar hüququn pozuntusu görüntüsünü yaratmaq niyyətində idilər. Lakin möhtərəm Prezidentin qəti tapşırığı və Silahlı Qüvvələrimizin bölmələrinin peşəkar davranışları ilə Azərbaycan özünün məqsədləri ilə barəbər beynəlxalq humanitar hüququn aliliyini də təmin edə bildi.

İki gün öncə BMT Təhlükəsizlik Şurasında Azərbaycana münasibətdə çox qərəzli, anti-Azərbaycan mövqeyinin sərgiləndiyi müzakirələr keçirildi. Müzakirələrdə Azərbaycan əleyhinə əsassız ittihamlar irəli sürən bəzi ölkələr - Fransa, Almaniya, o cümlədən Avropa İttifaqı özləri heç vaxt beynəlxalq humanitar hüququn aliliyinin hər hansı formada təmin edilməsinə nail olmayıblar. Almaniya tarixində faşizm kimi bir ləkə olan dövlətdir. Fransanın isə Afrika və Asiya ölkələrində, o cümlədən Amerika qitəsində həyata keçirdiyi soyqırımları, mülki insanların, dinc sakinlərin kütləvi şəkildə məhv edilməsi fonunda bu gün humanitar hüquqdan, dinc əhalinin təhlükəsizliyindən və hüquqlarının qorunmasından danışmağa haqqı yoxdur. Azərbaycan antiterror tədbirlərində Haaqa və Cenevrə konvensiyasına sadiqliyi ilə həmin subyektlərə beynəlxalq humanitar hüquq dərsi keçməklə onların bu regionda insan haqlarından, insan təhlükəsizliyindən danışmağa haqlarının olmadığını göstərdi. 30 il ərzində 1 milyondan artıq məcburi köçkünün, həmçinin 35 ildən artıq 350 mindən çox Qərbi azərbaycanlının ata-baba yurdundan didərgin salınmaqla təməl hüquqlarından məhrum edilməsi fonunda susan həmin dövlətlər, həmçinin qətnamələrinin icrası ilə bağlı addım atmayan BMT Təhlükəsizlik Şurasının bu bölgədə təhlükəsizlik amili barədə danışmağa mənəvi haqqı yoxdur.

Azərbaycan isə bütün bu saxta ittihamlara əsaslanan siyasi hücumlara rəğmən humanitar hüquqa, insan haqlarının qorunmasına sadiqliyini nümayiş etdirdi. Artıq Azərbaycanın aidiyyəti strukturları tərəfindən Qarabağın erməni əsilli sakinlərinə ərzaq və digər məhsullar göndərilib. Sentyabrın 23-də isə Bərdə-Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 24 ton benzin, 40 ton dizel yanacağı yola salınıb. Eyni zamanda, Azərbaycan hərbçilərinin, həmçinin Azərbaycan polisinin Qarabağda mülki əhali ilə xüsusi diqqətlə və nəzakətlə davranışı ittihamçı beynəlxalq subyektlərin mövqeyinin saxta və qərəzdən ibarət olduğunu göstərdi".

Töhfə SƏMƏDOVA,

"Respublika".