Ölkəmizin yaratdığı yeni reallıqlar, müasir baxışlar
Siyasət

Ölkəmizin yaratdığı yeni reallıqlar, müasir baxışlar

Əldə olunan uğurlar firavan gələcəyin möhkəm təməli olmaqla beynəlxalq etimadı daha da artırır

Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi Qələbə qazanan Azərbaycan həm ərazi bütövlüyünün, həm də tarixi ədalətin bərpasına nail oldu. Hazırda regionun lider və qalib ölkəsi kimi özünün firavan gələcəyini qurur.

Dünyanın sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanın regionda əsas söz sahibinə çevrilməsi, qlobal enerji layihələrinin reallaşdırılması, ölkənin müdafiə potensialının gücləndirilməsi, beynəlxalq nüfuz və mövqelərinin möhkəmləndirilməsi Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdir. Daxili və xarici siyasətdə varislik ənənələrinin qorunması, diplomatiyanın əsas istinad mənbəyi olan təməl prinsiplərinin dəyişməz qalması Azərbaycanın çoxşaxəli uğurlarını təmin edir. Ölkə başçısı Ulu Öndərin böyük uzaqgörənliklə əsasını qoyduğu müstəqil xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun davam etdirir, ölkənin beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, milli maraqlarının maksimum səviyyədə qorunmasına nail olur. Bu nailiyyətlər isə Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, diplomatik siyasətinin yaratdığı reallıqdır. Verdiyi vədlərin hər birini ardıcıl şəkildə həyata keçirən cənab İlham Əliyevin atdığı addımlar, müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanın qabaqcıl ölkələr sırasında yer almasını şərtləndirir.

İndi qalib ölkə olaraq Azərbaycan qaydaları özü müəyyənləşdirir, diktə edir, tərəfdaşları, müttəfiqləri ilə yeni əməkdaşlıq təkliflərini ortaya qoyur. Bütün görüş və çıxışlarında, müsahibələrində regionda yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını xüsusi qeyd edən dövlətimizin başçısı yeni reallıqların çoxşaxəli münasibətlərin daha dinamik inkişafına xidmət etdiyini vurğulayır. Artıq qonşu dövlətlər də Azərbaycanla eyni mövqeni bölüşürlər. Bu səbəbdən, regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı fikir ayrılığı yoxdur. Qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması imkanlarından faydalanmaq bütün tərəflərə iqtisadi dividendlər vəd edir. Bu da birmənalı şəkildə onu deməyə əsas verir ki, regionun gələcək inkişafı üçün kifayət qədər imkanlar yaranıb. Tam müstəqil siyasət yürüdərək həyata keçirdiyi uğurlu diplomatiya ilə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyev bu gün postmüharibə dövrünün reallıqlarını da müəyyənləşdirir.

Azərbaycanın xarici siyasətdə ən ciddi uğurlarından biri, sözsüz ki, Qoşulmama Hərəkatına üzvlüyü və ona sədrlik etməsidir. Məhz təşkilata dörd illik sədrliyi dövründə ölkəmiz Qoşulmama Hərəkatının təşkilatlanmasına, struktur və institusional nöqteyi-nəzərdən inkişaf etməsinə mühüm töhfələr verib. Hərəkatın gənclər şəbəkəsi formalaşdırılıb, parlament məclisi təsis edilib. Bu da onu deməyə əsas verir ki, cənab Prezident qlobal siyasi gündəliyi düzgün müəyyənləşdirir və Hərəkata üzv olan dövlətlərin qarşılaşdığı problemləri cəsarətlə dilə gətirir. Prezident İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatı qlobal gücə çevrilərək dünyada sülhə, insan hüquqlarının qorunmasına, ədalətin bərqərar olmasına böyük töhfələr verib.

Bugünkü Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə sayılır, özünəməxsus inkişaf modelləri ilə tanınır. Son illərin mənzərəsi göstərir ki, həm siyasi və hərbi müstəvidə, həm də ölkəmizdə gedən proseslər baxımından getdiyimiz yol düzgün yoldur. Milli maraqlara cavab verən siyasət həyata keçirməklə ölkəmizin beynəlxalq nüfuzunu gündən-günə yüksəldən cənab İlham Əliyevin yeni inkişaf strategiyası Azərbaycana həm də mühüm tərəfdaşlar qazandırır. Bu gün həmin tərəfdaşlar işğaldan azad edilmiş torpaqlarımızda reallaşacaq layihələrin iştirakçısı olmaqda maraqlıdırlar.

Azad edilmiş ərazilərdə reallaşan mühüm infrastrukturlar, qlobal layihələr onu deməyə əsas verir ki, artıq Azərbaycanın və regionun inkişafında yeni dövr, yeni era başlayır. Bu layihələrin gerçəkləşməsi isə regional inkişaf, əməkdaşlıq üçün daha əlverişli imkanlar yaradacaq. Xarici investorların azad edilmiş torpaqlarımızda yeni layihələrə sərmayə yatırmaları, əlbəttə ki, iqtisadiyyatımızın daha da yüksəlişini təmin edəcək. Azərbaycan həm Qarabağın şöhrətini özünə qaytaracaq, həm də iqtisadi dividendlər qazanacaq. Bütün bunlar Azərbaycanın Cənubi Qafqaz regionunda ən sabit, qüdrətli və lider ölkə statusunu, mövqeyini daha da möhkəmləndirəcək. Cənubi Qafqazda və bütövlükdə regionda nəzərdə tutulan bütün meqalayihələr ölkəmizin iştirakı olmadan və milli maraqları nəzərə alınmadan həyata keçirilə bilməz. Coğrafi şəraitdən və siyasi sistemin xarakterindən asılı olmayaraq, burada liderlik fenomeni mühüm rol oynayır. Neft strategiyasının həyata keçirilməsi və Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin istifadəyə verilməsi təkcə sosial-iqtisadi məsələ deyil, həm də xarici siyasət problemlərinin həlli üçün geniş imkanlar yaradıb. Vaxtilə Azərbaycan borcu olan ölkədən indi donor ölkəyə çevrilib.

"Dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Biz demək olar ki, bunu hər gün görürük. Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar". Bu barədə Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib. Dövlət başçısı qeyd edib ki, ona görə də, ilk növbədə, özümüzü, müstəqilliyimizi, seçimimizi, həyat tərzimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışdıq və mən bunu artıq bildirmişəm, bir də demək istəyirəm, bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq, çünki bu proses dayanmır və dayanmamalıdır. Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkə olduğunu təsdiq edir.

Ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Prezident İlham Əliyev xarici siyasət kursunu bu prinsiplər əsasında qurur. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, həmçinin daxili işlərə qarışmama prinsipləri əsasında əməkdaşlığa hazır olduğunu həyatda təsdiqləyib. Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür. Məhz buna görə də dünya Prezidentimizin irəli sürdüyü beynəlxalq və regional təşəbbüslərə dəstək verir.

Beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycan qonşu ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir. Nüfuzlu qurumlarla səmərəli əməkdaşlıq əlaqələri qurması ölkəmizin qlobal imicinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin dünya miqyasındakı nüfuzunun göstəricisidir. Prezident İlham Əliyev Azərbaycanın "yaşıl enerji" ölkəsi statusunun dünya miqyasında möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparır. Artıq bu sahədə potensialın miqyası müəyyənləşib, böyük investisiyalar cəlb olunur, ixracat bazarı olaraq Avropa İttifaqı ilə anlaşma imzalanıb. Bütün bu layihələrin həyata keçirilməsinin, investisiyaların yatırılmasının ən əsas özəlliyi Azərbaycanın hadisələri qabaqcadan görməsi və çağırışlara çevik reaksiya verməsidir. Ötən ilin dekabr ayında dünya ölkələri ən böyük beynəlxalq konfransın - COP29-un Bakıda keçirilməsi haqqında yekdil qərar qəbul etdilər. Bu, Azərbaycana və onun liderinə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətin ifadəsi olmaqla, eyni zamanda ölkəmizin yaşıl enerjiyə keçidinə verilən böyük qiymətdir. Azərbaycan yeni reallıq formalaşdırmaqla özünə mühüm strateji perspektiv təmin edib.

Mustafa KAMAL,

"Respublika".