Azərbaycan dünyanın 149 ölkəsi ilə ticarət əlaqələri qurub
İqtisadiyyat

Azərbaycan dünyanın 149 ölkəsi ilə ticarət əlaqələri qurub

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 149 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 93 ölkəyə məhsul ixrac olunmuş, 144 ölkədən idxal olunmuşdur. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 9905,5 milyon ABŞ dolları təşkil etmişdir.

Ticarət dövriyyəsinin 6193,9 milyon dollarını və ya 62,5 faizini ölkədən ixrac olunmuş məhsulların, 3711,6 milyon dollarını (37,5 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 2482,3 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 20,0 faiz, real ifadədə 13,9 faiz, o cümlədən idxal 20,2 faiz, ixrac isə 10,8 faiz azalmışdır. 2024-cü ilin yanvar-mart aylarında qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 26,2 faiz, real ifadədə 33,3 faiz azalaraq 673,7 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 21,6 faizi İtaliya, 15,2 faizi Türkiyə, 9,2 faizi Rusiya, 7,7 faizi Çin, 6,5 faizi İsrail, 5,2 faizi Hindistan, 4,3 faizi Almaniya, 2,3 faizi Tailand, 1,8 faizi Gürcüstan, 1,7 faizi ABŞ, 1,6 faizi Bolqarıstan, 1,4 faizi İran, 1,3 faizi Tunis, hər biri 1,2 faiz olmaqla Rumıniya və Çexiya, hər biri 1,1 faiz olmaqla Fransa, Portuqaliya, Ukrayna və Belarus, 13,4 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.

“Respublika”.