“Azərbaycan Bayrağı
Sosial həyat

“Azərbaycan Bayrağı" ordenli kapitan

 

Ötən ilin sentyabrın 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissələrində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən düşmənə ağır, sarsıdıcı zərbələr endirilib və atəş nöqtələri zərərsizləşdirilib. Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazisinə və suverenliyinə qarşı təhdidinin qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları şəxsi igidlik və şücaət göstərib, düşmənə qarşı qəhrəmancasına vuruşublar. Şəhidlərimizdən biri Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Fərid Kəmaləddin oğlu Mehbalıdır.

Şəhidin qardaşı Firudin Mehbalı qardaşı ilə fəxr, qürur hissləri keçirir: "Fərid orta məktəbin VIII sinfini bitirəndən sonra Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdu. Sonra Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olundu. Oranı da əla qiymətlərlə bitirdi. Fəridin dövlətə, Vətənə sevgisi çox böyük idi. Seçdiyi bu yolda qismətində şəhidlik də ola biləcəyini bilirdi. O, DSX-nın "N" saylı hərbi hissəsində xidmət edirdi. Fəridlə mənim sonuncu danışığım elə onun müqəddəs şəhidlik məqamına ucalacağı gün olmuşdu. Dedi ki, mənə bir sey olarsa, ailəmiz sənə əmanətdir, məndən sonra sən varsan, özündən və ailəmizdən muğayat ol. Həmin günün axşamı - sentyabrın 12-dən 13-nə keçən gecə Zəngilan istiqamətində təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub. Döyüş yoldaşlarının dediyinə görə, bir neçə postu erməni işğalından azad edilməsində böyük mərdlik və şücaət göstərib. Onda qətiyyən qorxu yox idi, çox cəsur, igid oğlan idi. Fərid Zəfər paradında DSX-nın Zəfər bayrağını şərəflə daşımışdı. Onunla qardaşı olaraq qürur duyuruq. Fərid kimi cəsur, qəhrəman Vətən oğullarının yolu hamımız üçün, bütün gənclik üçün örnəkdir".

Şəhidin həyat yoldaşı Gülnar Mehbalı: "Fərid bir həyat yoldaşı, bir ata kimi çox gözəl ailə başçısı idi. Qızlarına son dərəcə qayğı göstərirdi, tez-tez gəzməyə aparardı. Biz Xızıda hərbi şəhərcikdə qalırdıq, Zəngilana ezamiyyətə gedərdi, oradan qayıdanda saat neçə olursa-olsun uşaqlarının yanına gələrdi, çox bağlı idi qızlarına, ailəsinə. Hətta son sözü belə "Ayan məni gözləyir" olub. Ayan bizim böyük qızımızdır. Heç vaxt xətrimə dəyməz, səsini qaldırmazdı. Bir zabit kimi işinə qarşı son dərəcə məsuliyyətli, dəqiq insan idi. Səhər tezdən durar, vaxtından əvvəl gedərdi işə. Savadı, biliyi sayəsində vəzifəsi böyüyürdü, lakin o qədər sadə bir insan idi ki, özü zabit olsa da, gizirinə belə qulluğundayam deyə müraciət edərdi. Dövlət Sərhəd Xidmətinin fəxri qarovul rəisi idi, həmişə ön sırada yer alardı. Biz də ona fəxrlə baxar, qürur duyardıq. Formasına xüsusi bağlılığı vardı. Fərid özündən sonra ad, iz qoydu, bir ömürlük qürur qoyub getdi. Fərid şəhidliyi ilə ölümsüzlüyə ucaldı, o daim hamının qəlbində yaşayır, onun ruhu hər zaman yolumuza işıq saçır".

Şəhid kapitan Fərid Mehbalı xidmət etdiyi müddətdə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi", "Dövlət Sərhəd Xidmətinin yaranmasının 100 illiyi" yubiley, 10 il "Qüsursuz xidmətə görə", "Xidmətdə fərqlənməyə görə" medalları ilə təltif edilib. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

Fəridin iki qızı Vətənə əmanətdir. Onlar bu gün ata nəfəsini duymasalar da hər zaman başı uca gəzib böyüyəcəklər. Şəhid ataları ilə hər zaman fəxr edəcəklər. Fərid Bakı şəhərində İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Bəli, şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir. Şəhidlik zirvəsinə ucalan vətən övladlarının mübarizliyi həm də Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsidir.

M.MİRZƏ,

"Respublika".