AZADLIQ CARÇISI
Sosial həyat

AZADLIQ CARÇISI

Süleyman Rüstəmin şeirləri ikiyə bölünmüş Vətənin birliyə çağırış harayıdır

XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Süleyman Rüstəmin yaradıcılığında isə cənub mövzusu daha mühüm yer tutur.

Süleyman Rüstəm (Rüstəmzadə) Əliabbas oğlu 1906-cı il martın 12-də Bakıda fəhlə ailəsində dünyaya göz açıb, qayğısız uşaqlıq illəri  Novxanı bağlarında, mavi Xəzərin sahilində keçib. Babası Sarı Baxışın  sehrli nağılları, xoş söhbətləri, qüssəli mahnıları kiçikyaşlı  Süleymanın qəlbində bir aləm yaratmışdı. O, sonralar xatırlayırdı: "Babam həyatda şahidi olduğu  macəra və əhvalatları  da çox duzlu, canlı və obrazlı danışar, hamını heyran edərdi". Söz, sənət qədri bilən, sinədəftər olan bu qoca öz nəvəsində şeir qoşmaq bacarığını görüb sevinər, qayğı ilə  deyərdi: "Gözümün nuru, bu, Allah vergisidir, hər adama qismət olmur".

1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulanda Süleymanın 14 yaşı yenicə tamam olmuşdu.  Oğlanlarını mühəndis görmək istəyən ata-anası onu Bakı Sənaye Texnikumuna qoyur. O, burada elektrik mexanikası  şöbəsində təhsil alır, texnikumun ictimai həyatında fəallıq göstərir, məktəbin divar qəzetində felyeton və şeirlərlə çıxış edir, hərdənbir "Molla Nəsrəddin"  məcmuəsi redaksiyasına kiçik xəbərlər aparırdı.

1923-cü ildə ilk mətbu şeiri - "Unudulmuş gənc" görkəmli ədib Seyid Hüseynin qayğısı ilə "Maarif və mədəniyyət" jurnalında dərc edilir. Elə ilk şeiri onun bu sahədə qol-qanad  açmasına stimul olur. 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin  şərqşünaslıq fakültəsinə daxil olan Süleyman tələbəlik illərində ədəbi  mühitlə daha sıx əlaqə saxlayır.

Əsrin, zamanın ehtiyaclarını, günün tələblərini dərk etmək, xalqı yeni cəmiyyət quruculuğu uğrunda böyük fədakarlığa  ruhlandırmaq Süleyman Rüstəmin  nikbin poeziyasında  başlıca cəhət idi:

Mənimsədim sevə-sevə öz elimin dilini,

Aşıq kimi şən sazımın  dilləndirdim telini.

Yeni həyat güldü, dərin yaralarım sağaldı,

Ürəyimə sevinc doldu, ələmlərim yoxaldı...

Onun təkcə "Ələmdən nəşəyə" şeiri deyil,  eyniadlı kitabı  bütövlükdə öz yarandığı dövr üçün  həqiqətən poeziyada  bir yenilik, novatorluq idi.

İkinci Dünya müharibəsi  Azərbaycan ədəbiyyatı tarixində  ən ciddi sınaq mərhələsi oldu, çünki  müharibənin lap ilk günlərindən  ədəbiyyatın bütün janrlarında  dövrün qəhrəmanlıq pafosunu əks etdirən, səfərbəredici,  mübarizə dolu əsərlər yarandı.  1941-ci ilin avqust ayında  Süleyman Rüstəm Sovet Ordusu sıralarında Cənubi Azərbaycanda olduğu zaman   Mirzə İbrahimov, Məmməd Rahim, Osman Sarıvəlli, Ənvər Məmmədxanlı, Cəfər Xəndan və digər ədəbiyyat xadimləri ilə birlikdə "Vətən yolunda" qəzeti  redaksiyasında əməkdaşlıq edir.  Həmin dövrdə Cənubi Azərbaycanda hökm sürən feodal  üsuli-idarəsinin  xalqın başına gətirdiyi fəlakətlərin şahidi olan  şair qanlı Rza şah hakimiyyətinin mənfur  mahiyyətini, ictimai  həyatın kəskin  ziddiyyətlərini məharətlə ifşa edir:

Dolubdur nəmli zindanlar, yanır onlarda azadlıq,

Neçin dinmirsən, ey qardaş, soruş bir gör nədən yandı?

Süleyman, qafil olma, yaxşı bax ətrafa, şairsən,

Cinayət aşdı həddindən, haray sal ki, Vətən yandı...

Cənubi Azərbaycan torpağına  ana Vətənin bir parçası,  ayrılmaz və bölünməz hissəsi kimi baxan  şair hər yerdə doğmalıq görürdü: "Təbrizə Şimali Azərbaycanın qabaqcıl ziyalılarından bir qrup gəlmişdi.  Mən də onların sırasında idim...  Təbrizdə biz azərbaycanlıların görünməsi  böyük hadisəyə çevrildi. Qucaqlaşmalar, öpüşmələr... Sevincdən doğan göz yaşları...". Şairin yazdığı kimi, o anlar  poetik incilərə çevrilirdi həm də:

Sənin çiçəyinə, gülünə qurban,

Mənə qardaş deyən dilinə qurban.

Vətəninə qurban, elinə qurban,

Baxdıqca hüsnünə doymayır gözüm,

Təbrizim, Təbrizim, gözəl Təbrizim!

Süleyman Rüstəmin "Təbrizim"  şeirlər silsiləsində bir tərəfdən  böyük fərəh hissi hakimdir, çünki o, həsrətində olduğu güllərin, çiçəklərin ətrini qoxlayır, başıdumanlı Zəncanın, Savalanın qoynunda  gəzir, Təbrizin,  Ərdəbilin küçələrində,  meydanlarında dolaşır, o biri tərəfdən də  doğma bacı və qardaşlarının  ağlasığmaz,  təsəvvürəgəlməz faciəsini görür,  bütün bunlar onun  vətəndaş, şair qəlbini ağrıdır.

Şairin "Cənub şeirləri" Vətənə məhəbbət çələngi idi, cənub mövzusu onun yaradıcılığında həmişəlik məskən salmışdı.  Cənub həsrətini qəlbində yaşadan, bu müqəddəs duyğunu ürək yanğısı ilə qələmə alan Süleyman Rüstəm sənət aləmində  nəcib arzular, humanist  fikirlər abidəsi ucaltmışdır. Cənub şeirlərinin hər misrasında  ürək döyüntüləri,  narahatçılığı, əsarət və ətalət  girdabına düçar olan  cənubluların dərdi duyulur. Bununla belə,  haqsızlıq və zülmlə barışmayan  şairin gələcəyə,  nurlu sabaha inam dolu çağırışı, gur səsi eşidilir:

Araz! Hər yaz çəmən birdir

o sahildə, bu sahildə,

Qərənfil, yasəmən birdir

o sahildə, bu sahildə.

Süleyman, gəl haray sal, qoy

 bütün aləm eşitsin ki,

Əziz, doğma Vətən birdir

o sahildə, bu sahildə.

Şairin "Dəyişməzsə kökündən", "Yad gül dərə bilməz", "Bir üzdə görün", "Zindan", "Söz axdı sinəmdən", "Təbrizim", "Arazın dərdi" və s.  şeirlərinin ideya pafosu,  məzmunu Süleyman Rüstəmin Cənubi Azərbaycana möhkəm  tellərlə bağlılığını  sübut edirdi.  Şair Arazın o biri sahilində yaşayan cənublu soydaşlarının zülmə, əsarətə və məhrumiyyətlərə qarşı mübarizəsini, mənəvi dözümünü təsvir etməklə yanaşı, onlarda gələcəyə-sabaha inam oyadırdı. Bu əsərlərdə Azərbaycan  xalqının dil və mənəviyyat birliyi, ərazi bütövlüyü, milli tarixi vahidliyi əksini tapmışdı.  Onlar günəş ziyası kimi Cənubi azərbaycanlıların ictimai fikrində,  mənəvi dünyasında hakim kəsilmiş ətalət və zülmətin yox olmasına, vətənpərvərlik duyğularının, milli şüurun güclənməsinə təsir göstərirdi.

Süleyman Rüstəm nikbin şair idi. O, xalqının ən böyük dərdi olan Vətənin bir gün birliyini görəcəyinə inanır və bu inamını da şeirlərində dönə-dönə tərənnüm edirdi. Şairin cənub şeirləri vüsal və birlik mahnılarıdır. Onun həsrət üzərində  köklənmiş hər misrasında ümid, inam, arzusunda olduğu xoşbəxt günlərin tərənnümü var. O şeirlər ikiyə bölünmüş Vətənin  birliyə çağıran harayıdır.

1960-cı il mayın 21-də Süleyman Rüstəmə Azərbaycanın Xalq şairi fəxri adı verilmişdi. SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin, Azərbaycan KP MK-nın üzvü olmuşdur. Azərbaycan Ali Sovetinin sədri, Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin daimi üzvü, müxtəlif vaxtlarda "Ədəbiyyat qəzeti"nin baş redaktoru, "Azərbaycan", "Kirpi" jurnallarının, "Sovetski pisatel" nəşriyyatının redaksiya heyətinin üzvü kimi də dövrünün ədəbi prosesinə yaxından kömək etmişdir.

Süleyman Rüstəm 1989-cu il iyunun 10-da dünyasını dəyişib, Fəxri xiyabanda dəfn olunub.

Gənc yaşlarından ömrünün sonunadək usanmadan həm kövrək, həm də qılınc kimi kəsərli şeirlər yazdı, Cənubi Azərbaycanın azadlıq carçısı, ustad şair kimi tanındı, sevildi...

Zümrüd QURBANQIZI,

"Respublika.