Avropanın enerji xəritəsini dəyişən layihə
İqtisadiyyat

Avropanın enerji xəritəsini dəyişən layihə

Ölkəmizin enerji təhlükəsizliyi siyasəti 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ndən sonra başlayıb. Azərbaycanın zəngin enerji resursları ölkəmizin iqtisadi potensialını gücləndirməklə yanaşı, beynəlxalq müstəvidə əməkdaşlıqların qurulmasında da çox mühüm rol oynayır. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq aləmdəki nüfuzu artır. Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən layihələr nəinki region ölkələrinin, hətta beynəlxalq güclərin də diqqətini cəlb edir. Cənub Qaz Dəhlizi də bu layihələrdəndir. Strateji baxımdan mühüm əhəmiyyətə malik olan dəhlizin istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqları baxımından da üstünlüyü var. Bunun səbəbi planetimizdə baş verən dəyişikliklərlə bağlı yaranmış beynəlxalq münasibətlər şəraitində enerji təhlükəsizliyi məsələsinin aktual olmasıdır.

Cənub Qaz Dəhlizinin açılışı ABŞ, Böyük Britaniya, OPEC kimi dövlət və beynəlxalq təşkilatların da maraq dairəsində idi. Elə bu baxımdan layihənin həm də siyasi tərəfləri var. Bakıdan başlayıb Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya ərazisindən keçərək İtaliyaya qədər uzanan dəhliz ölkə iqtisadiyyatına mühüm töhfə verir. Cənub qaz dəhlizini yaradan üç kəmərdən birincisi 42 düymlük Cənubi Qafqaz boru kəməridir (CQBK). Ümumi uzunluğu 692 kilometr olan bu xəttin 443 kilometri Azərbaycanın, 249 kilometri Gürcüstanın ərazisindən keçir. “Şahdəniz” yatağından hasil olunan qaz Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) kəmərləri vasitəsilə İon-Adriatik boru kəmərinə çatdırılır və Şərqi Avropa ölkələrinə paylanılır. Layihənin ilkin mərhələsində 10 milyard kubmetr qaz ixracı planlaşdırılsa da Avropanın təbii qaza olan tələbatı dəhlizin genişləndirilməsi məsələsini aktuallaşdırıb.

Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə ölkəmiz həm öz qazını, həm də Orta Asiya ölkələrində hasil edilən qazı tranzit olaraq Avropaya ötürmək imkanı əldə edir. Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropa məkanına çıxış əldə etməsi bu dəhliz vasitəsilə mümkün olub. Bu isə ölkəmizə Avrasiyanın enerji xəritəsini yenidən tərtib etməyə şərait yaradıb. Həmin layihə bu gün regionun yeni enerji damarı olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayır. Çünki layihə reallaşdırılarkən iştirak edən bütün tərəflərin maraqları balanslı şəkildə qorunub. Qeyd etdiklərimiz Cənub Qaz Dəhlizinin əhəmiyyətini bir daha təsdiqləyir.

Qeyd edək ki, cari il martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. İclasda çıxış edən dövlət başçımız bildirib ki, Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir, bu layihə həqiqətən də uğur hekayəsidir: “Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı”.

Röya RÜSTƏMLİ,

“Respublika”.