Avropanın
Siyasət

Avropanın "demokratiya" maskası

Avropa İttifaqı növbəti dəfə ölkəmizə qarşı qərəzli addım atıb. Bu dəfə alyansın Cənubi Qafqaz böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar anti-Azərbaycan mövqeyi sərgiləyib. O, sosial şəbəkə hesabında yazıb ki, sərhədin delimitasiyası ilə bağlı real danışıqlara ehtiyac var və bütün ərazi mübahisələri sülh yolu ilə həll edilməlidir. Eyni zamanda bildirib ki, Azərbaycan mətbuatında Ermənistana qarşı təhdidlər qəbuledilməzdir.

Görünür, Qazaxın Bağanis-Ayrım bölgəsində azərbaycanlılara qarşı törədilən qətliam və həmin kənd daxil olmaqla bir sıra ərazilərin erməni işğalı altında saxlanılması ilə bağlı mediada yer alan məlumatlar xüsusi nümayəndəni narahat edir. Buna görə də alyans rəsmisi Paşinyan hökumətindən işğal edilən Azərbaycan kəndlərindən geri çəkilməyi tələb etmək əvəzinə, həmin əraziləri "mübahisəli" adlandırıb. Yəni Klaar bir növ İrəvanın destruktiv və işğalçı siyasətini ört-basdır etmək üçün rəsmi Bakıya kütləvi informasiya vasitələrinin senzurası üçün çağırış edib. Onun bu çıxışına isə Azərbaycan tərəfindən cavab gecikməyib. Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib ki, Toivo Klaar qərəzli münasibətdən qurtula bilmədiyindən Azərbaycan kəndlərinin qaytarılması ilə bağlı qanuni diskursu şər kimi görür. Ermənistan mətbuatında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışlarına isə tamamilə məhəl qoymur.

Qərbi Azərbaycan İcması da Avropa İttifaqının sərgilədiyi anti-Azərbaycan mövqeyini sərt şəkildə qınayıb. İcma təşkilatdan yanlış və təhlükəli siyasətindən əl çəkməyi, regionda sülhün bərqərar olmasına mane olmamağı və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışı məsələsində ədalətli mövqe tutmağı tələb edir. Bu da haqlı yanaşmadır. Çünki erməni mediası hələ də ölkəsinin beynəlxalq səviyyədə tanınmış ərazisinə, yəni 29,743 kv.km-ə daxil olmayan, buna baxmayaraq, işğal altında saxlanılan Qazaxın 7 kəndinin geri qaytarılmaması üçün təxribatçı təbliğatını aktiv şəkildə davam etdirir. Bu ölkənin terror təşkilatları olan "Döyüş qardaşlığı" və "Milli Demokratik Qütb"də sözügedən kəndlərdə faktiki terror fəaliyyətini müdafiə edir.

Beynəlxalq təşkilatların mütəmadi olaraq anti-Azərbaycan mövqe sərgiləməsi təəccüblü deyil. Müəyyən Qərb dairələri mətbuat azadlığı ilə bağlı müxtəlif qətnamələr və bəyanatların qəbul edilməsi ilə ölkəmizə qarşı təzyiqlər göstərməyə çalışırlar. Bütün bu açıqlamaların və bəyanatların arxasında isə təbii ki, siyasi səbəblər və Avropanın maraqları dayanır. Belə ki, Qərb bloku İrəvanın əli ilə Cənubi Qafqaza inteqrasiya olmaq niyyətindədir. Amma hazırkı prosesin Ermənistan üçün hansı faciələrlə nəticələnə biləcəyi onları qətiyyən maraqlandırmır. Qoca qitə bu yolla yalnız Rusiyanı regiondan sıxışdırıb çıxarmağa və bölgədə hegemon güc olmağa cəhd edir. Buna görə də Cənubi Qafqazla bağlı problemlərin bölgə müstəvisində həllini qəti şəkildə istəmir. Bu kontekstdə qlobal institutların atdığı addımlar ölkəmizə qarşı təzyiqlərin genişləndirilməsinə xidmət edir. İttifaqın xüsusi nümayəndəsinin Ermənistana yönəlik təhdidlərin olması ilə bağlı narahatlığı və dolayısıyla senzuraya çağırış etməsi də əslində qoca qitənin "demokratik" simasının göstəricisidir.

Görünən odur ki, Avropa İttifaqı və onun kimi digər təşkilatlar bölgədə beynəlxalq hüquq və tarixi ədalətin bərqərar olmasında deyil, eskalasiyanın, yeni münaqişə ocağının yaranmasında maraqlıdırlar. İşğalçı Ermənistanı dəstəkləmək də bu məkrli planın tərkib hissəsidir. Amma bu məqamda İrəvanın hərbi-siyasi rəhbərliyi düşünməlidir ki, Qərbin maşası kimi çıxış etmək ölkələri üçün necə nəticələnə bilər. Paşinyan hökuməti anlamalıdır ki, İrəvanın mütərəqqi inkişafı yekun sülh müqaviləsinin imzalanmasından, Azərbaycan və Türkiyə ilə regional əməkdaşlıqdan asılıdır. Əks halda, Ermənistan dövlətçiliyinin ləğvi hər zaman bir versiya kimi həm Qərbin, həm də Rusiyanın masasında qalmaqda davam edəcək.

Jalə QASIMZADƏ,

"Respublika".