Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

ÜMUMMİLLİ LİDER — 100

Azərbaycan dünya birliyində öz yerini  tapıb və hər yerdə nəinki tanınır, hər yerdə öz sözünü deyir, öz siyasətini həyata keçirir.

Heydər Əliyev öz davamlı töhfələri ilə Azərbaycanın uzunmüddətli iqtisadi firavanlığının əsasını qoydu. O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması yolunda çox çalışdı. Birləşmiş Ştatlar onun qoyduğu bu möhkəm əsaslar üzərində əlaqələri inkişaf etdirməyi davam edəcək, Azərbaycanın suverenliyini, firavanlığını və demokratik inkişafını dəstəkləyəcəkdir.

Dik ÇEYNİ,

Amerika Birləşmiş Ştatlarının sabiq vitse-prezidenti.

 

Heydər Əliyeviç Əliyev həm öz sırf şəxsi, insani keyfiyyətlərinə görə, həm də özünün bənzərsiz siyasi yoluna görə nadir, bir çox cəhətdən təkrarolunmaz şəxsiyyətdir. Dağıstan xalqlarının həyatına və ənənələrinə bələd olması ilə Heydər Əliyev hər bir dağıstanlının məhəbbət və ehtiramını qazanmışdır.

Məhəmmədəli MƏHƏMMƏDOV,

 Dağıstan Respublikası Dövlət Şurasının sabiq sədri.

 

Qırğızıstanda Heydər Əlirza oğlunu müstəqil Azərbaycanın təşəkkülünə və inkişafına misilsiz töhfə vermiş görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi kimi yaxşı tanıyırdılar.

Onun rəhbərliyi ilə Azərbaycan Respublikası müstəqil inkişaf yolunda böyük uğurlar qazanmış, dünya birliyinin tanınmış və hörmətli üzvü olmuşdur. Heydər Əlirza oğlu özünün bütün istedad və müdrikliyini, Vətənə məhəbbətini, əməksevərliyini və fədakarlığını Azərbaycanın tərəqqisi işinə həsr etmişdir.

Əsgər AKAYEV,

Qırğızıstan Respublikasının sabiq prezidenti.

 

Bütün postsovet məkanında müasir siyasətçilərin bütöv bir nəslinin yetişdirilməsində Heydər Əlirza oğlunun xidməti misilsizdir. Dünya səviyyəli görkəmli dövlət xadimi kimi Heydər Əlirza oğlu ilə şəxsi görüşlərimlə bağlı xatirələri qəlbimdə həmişəlik saxlayacağam.

Kirsan İLYUMJİNOV,

Kalmıkiya Respublikasının sabiq prezidenti.

 

 

Müstəqil və suveren Azərbaycanın çiçəklənməsi və tərəqqisi, ölkədə ictimai-siyasi vəziyyətin sabitləşməsi və regionda yorulmadan möhkəm sülh axtarışı Heydər Əlirza oğluna bütün dünyada yüksək nüfuz və səmimi hörmət qazandırmışdır. Onun işləri və xidmətləri qədirbilən Azərbaycan xalqının və bütün xoşməramlı insanların xatirəsində əbədi yaşayacaqdır.

Emoməli RƏHMON,

Tacikistan Respublikasının prezidenti.

 

Prezident Heydər Əliyev ilkin keçid dövrünün çətin zamanlarında Azərbaycanın sükanı arxasında durdu. O, ölkəni uzaqgörənliyi, nüfuzu və dövlət xadimi məharəti ilə irəli apardı. O, xalqının böyük kütlələrinin dəstəyini və sevgisini qazandı.

Valter ŞVİMMER,

Avropa Şurasının sabiq baş katibi.

 

Müstəqil Dövlətlər Birliyi ölkələrinin siyasi həyatında Heydər Əlirza oğlunun oynadığı rolu lazımınca qiymətləndirmək çətindir. Müdrik siyasətçi olaraq o, ən mürəkkəb vəziyyətlərdə konstruktiv qərarlar tapmağı bacarırdı.

Mintimer ŞAYMİYEV,

Tatarıstan Respublikasının sabiq prezidenti.

 

Bizim hamımız cənab Heydər Əliyevi Azərbaycan Respublikasının inkişafı və vətəndaşlarının firavanlığı üçün yorulmadan çalışan islahatçı, demokratik yönümlü müasir siyasi xadim kimi tanıyırıq.

Boris TRAYKOVSKİ,

Makedoniya Respublikasının sabiq prezidenti.