Avropa Parlamentinin xəbis niyyətli təbliğatı puç oldu
Digər xəbərlər

Avropa Parlamentinin xəbis niyyətli təbliğatı puç oldu

Beynəlxalq təşkilatların və Avropa Parlamentinin fəaliyyətinə nəzər salanda görürük ki, Cənubi Qafqazla bağlı məsələlərin müzakirəsi zamanı Azərbaycana qarşı qərəzli münasibət, ikili standartlar sərgilənir. Əslində bu, bütün dövrlərdə belə olub. Avropa Parlamenti hər zaman anti-Azərbaycan təbliğatında aktivlik göstərib. İstər Qarabağ müharibəsindən qabaq olsun, istərsə də İkinci Qarabağ müharibəsindəki qələbəmizdən sonrakı dövr olsun. Yəni Azərbaycan əleyhinə bu gün də kampaniya aparılır və nəticədə görürük ki, bu təsisat artıq müəyyən qrupların əlində bir oyuncağa çevrilib.

Bu isə Avropa Parlamentinin ermənipərəst, anti-Türk və islamofob mövqeyindən irəli gəlir. Avropa Parlamentinin sədri Martin Şults və onun müavini Ulrike Lunaçek, eləcə də Azərbaycana qarşı qərəzli mövqedə dayanan digər parlament üzvləri Avropada kifayət qədər təsir gücünə malik olan erməni lobbisinin və digər qüvvələrin sifarişini yerinə yetirir. Xüsusilə, fransalı nümayəndələr başda olmaqla Azərbaycana qarşı qərəzli mövqe tutan deputatlar bu gün Avropa Parlamentində öz canfəşanlığı ilə seçilir. Ölkəmiz İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra Azərbaycana qarşı olan "hücumlar" daha da artmışdır. Havadarlarının köməyi ilə beynəlxalq aləmi aldatmağa çalışan ermənilər parlamentdə təmsil olunan deputatları da öz yalanlarına şərik qoşmağı bacarmışlar. Təəssüflər olsun ki, Avropa Parlamenti kimi qurumlar da artıq Ermənistan və erməni lobbisinin əlində oyuncağa çevriliblər.

Belə ki, Avropa Parlamenti 2023-cü il 19 yanvar tarixində qeyri-obyektiv və ədalətsiz qətnamə qəbul etmişdir. Ermənipərəst deputatlar Azərbaycana qarşı yalan və saxta məlumatlar əsasında təşkil edilmiş əsassız ittihamlar irəli sürmüşlər. Hansı ki, Ermənistan 2020-ci il noyabr ayının 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəlikləri hələ də yerinə yetirmir. Əsasən də erməni separatçı hərbi birləşmələrini Qarabağ ərazisindən çıxarmır, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsinə maneə törədir. Xüsusilə Azərbaycanın qərb bölgəsi Naxçıvanla nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməkdən boyun qaçırır. Ermənistanın bu məsuliyyətsizliyi və məkrli məqsədləri ucbatından bölgədə yeni nəqliyyat kommunikasiyalarının inşası aparılmır və nəticədə nəzərdə tutulan işlər ləngiyir. Baxmayaraq ki, üçtərəfli Bəyanatın imzalandığı andan Azərbaycan bölgədə sülh və sabitliyin yaranması üçün bütün imkanlardan istifadə edir və bu yöndə böyük səylər göstərir. Lakin Ermənistan tərəfi öz havadarlarının təsiri ilə qəsdən və məqsədyönlü şəkildə həyata keçirilməsi lazım olan işləri ləngidir. Regionun sabitliyinin pozulması və fəlakət zonasına çevrilməsi üçün canfəşanlıq göstərir. Avropa Parlamenti və digər böyük təşkilatlardan dəstək alan Ermənistan sərhəddə təxribatlar törədir, Laçın yolu vasitəsilə silahlı dəstələrin, silah-sursatın, o cümlədən narkotik vasitələrin və minaların daşınmasını davam etdirir. Bu kimi hallara son qoymaq üçün iki aydır ki, Laçın-Xankəndi yolunda ekofəalların etiraz aksiyası keçirilir.

Avropa Parlamentinin qətnaməsində iddia olunur ki, Qarabağda yaşayan 20 mindən çox erməni əsilli Azərbaycan vətəndaşları blokadaya alınıb. O zaman əgər deyilənlər həqiqəti əks etdirirsə buyurub, bölgəyə səfər etsinlər. Vəziyyətlə yerində tanış olub, kimin haqlı, kimin haqsız olduğuna ədalətli qərar versinlər. Burada heç bir blokadadan söhbət gedə bilməz. Yol Rusiya sülhməramlılarının daşıdığı humanitar yüklər üçün hər zaman açıqdır. Hətta ekofəallar özləri belə Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələrini və digər beynəlxalq qurumların əraziyə gəlişini təklif edirlər.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, Avropa Parlamenti və digər təşkilatların erməni lobbisinin təsiri altında süni erməni sevgisi öz işini görür. Lakin Azərbaycan haqq yolunda olduğu və ədalətli mövqe tutduğu üçün dünyada onun müdafiəsinə qalxan dövlət və siyasi partiyalar da az deyil. Bu qüvvələr Avropa Parlamentində də Azərbaycanın haqq işini dəstəkləmiş və erməni sevdalı deputatların qərəzli planlarına və qərarlarına qarşı çıxmışlar. Nəticədə erməni lobbisinin maliyyə və biznes "ortaqlarına" çevrilən deputatların planları baş tutmamışdır. Nə zaman ki, ölkəmizdə beynəlxalq tədbir keçirilir, dərhal bizə düşmən kəsilən qüvvələr hərəkətə keçərək anti-Azərbaycan təbliğatına başlayırlar. Azərbaycanın uğurlarını gözü götürməyən, buna sevinməyən dövlətlər və onların "fəal" nümayəndələri bizə qarşı hücuma keçirlər. Bizim uğurumuz, dünyada artan nüfuzumuz və regionda söz sahibi olmağımız onları sözün əsl mənasında narahat edir.

Ramidə YAQUBQIZI,

"Respublika".