Avropa Parlamenti ermənilərdən aldığı ianələrin əvəzini anti-Azərbaycan siyasəti ilə qaytarır
Siyasət

Avropa Parlamenti ermənilərdən aldığı ianələrin əvəzini anti-Azərbaycan siyasəti ilə qaytarır

Avropa Parlamenti Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə qəbul edib. Sənəd 473 səslə qəbul edilib, 46 deputat əleyhinə səs verib, 16 deputat bitərəf qalıb. Qurum Avropanın icra orqanlarını, eləcə də ittifaqa üzv olan ölkələri Azərbaycan hökumətinin nümayəndələrinə qarşı məqsədyönlü məhdudiyyətlər tətbiq etməyə çağırıb. Əslində Avropa Parlamenti ənənəsinə sadiq qalaraq beynəlxalq hüququn prinsiplərini deyil, qərəz və ikili standartları seçib. Çünki "etnik təmizləmə"ni 30 il əvvəl məhz Ermənistan azərbaycanlılara qarşı həyata keçirib. Ondan əvvəl isə bu siyasət əzəli Azərbaycan torpaqları olan və indi Ermənistan adlanan ərazidə reallaşdırılıb. 200 minə yaxın insan əsrlər boyu yaşadıqları dədə-baba yurdlarından qovulub, hüquqları pozulub, yüzlərlə insan qətlə yetirilib. Amma indiyə qədər onların pozulan hüquqları ilə bağlı Avropa Parlamenti hər hansı bir qərar qəbul etməyib.

Bu səbəbdən də sözügedən sənəd Azərbaycan ictimaiyyətinin ciddi narazılığına səbəb olub. Xarici İşlər Nazirliyi və Qərbi Azərbaycan İcmasının həmin qətnaməyə cavabında, eləcə də Milli Məclisin qəbul etdiyi bəyanatda bildirilib ki, bu addım Fransanın təşəbbüsü ilə atılıb. Hər kəsə aydındır ki, Azərbaycanla bağlı ədalətin və beynəlxalq hüququn tapdandığı məsələlərdə Yelisey sarayının adı həmişə birinci çəkilir. Bu günədək Xocalı soyqırımı kimi faciələrə laqeyd yanaşan Fransa regionda gərginlik yaratmaq məqsədilə Qarabağdan könüllü şəkildə çıxan erməni sakinlərin zorla köçkün düşmələri ilə bağlı əsassız, qeyri-ciddi bəyanatlar verir. Çünki uzun əsrlər boyu müstəmləkəyə çevirdiyi Afrikada ciddi problemlərlə üzləşən Fransa öz xilasını Cənubi Qafqazda möhkəmlənməkdə görür. Avropa İttifaqındakı imkanlarından və başı Ukraynada müharibəyə qarışmış Rusiyanın zəifləməsindən istifadə edərək Ermənistana hərbiləşmiş missiya göndərir, danışıqlar prosesini pozur.

Digər tərəfdən, Qarabağa səfər edən BMT missiyasının yekun rəyi belə prosesdə nəzərə alınmayıb. Bu da onu deməyə əsas verir ki, Avropa Parlamenti üçün oradakı mövcud vəziyyətin heç bir əhəmiyyəti yoxdur. Bununla belə, xatırlamaq lazımdır ki, bir qrup ermənipərəst deputatın əlində alətə çevrilən bu qurum martın 14-də də Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya "blokada"da olması kimi iddiaları, eləcə də artıq arxivə düşən "Minsk qrupu", "status", "Dağlıq Qarabağ" kimi gündəlikdə ümumiyyətlə olmayan məsələləri ehtiva edən qətnamə qəbul etmişdi. Sözügedən sənədin heç bir nəticəsinin olmaması budəfəki qətnamənin də mənasız kağız parçasından başqa bir şey olmadığını sübut edir. Parlamentin bu qətnaməsi heç bir hüquqi qüvvəyə malik deyil. Rəsmi Bakının Avropada müttəfiqləri var. Onlar bu cəhdlərin qarşısını alacaqlar. Üstəlik, Ursula fon der Lyayenin də dediyi kimi, Azərbaycan Avropanın etibarlı enerji təchizatçısıdır.

Sözsüz ki, Avropa Parlamenti də bu məsələdən agahdır. Bununla belə, qurumun Azərbaycana qarşı sistemli şəkildə səlib yürüşü etməsinin səbəbi var. Parlamentin hədəfi erməni lobbisinin maliyyəsini cəlb etməkdir. Çünki orada oturan deputatların çoxunun seçki kampaniyası erməni maliyyəsi əsasında baş tutur. Kaspar Karapetyan brilyant biznesindən qazandığı çirkli pullarla bir sıra siyasətçini istədiyi kimi idarə edir. Görünür, indi atdığı addımlarla təmsil etdiyi Avropanın belə maraqlarına zidd davranan qurum erməni lobbisinə borcunu qaytarır. Parlamentin Bakıya qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutan qətnaməsinin ermənilərlə yeganə bağlılığı bu deyil. Belə ki, sözügedən sənəddə Ermənistana xüsusi mesaj var. Qətnamədə İrəvanın mövcud hərbi ittifaqlarına yenidən baxacağı təqdirdə Avropa İttifaqının təhlükəsizlik dəstəyini əldə edə biləcəyi vurğulanır. Bu isə o deməkdir ki, Paşinyan hökuməti Rusiyanın 102-ci hərbi bazasından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından imtina edərsə, Brüssel ona müdafiə dəstəyi təmin edəcək. Amma qoca qitə təmsilçisinin bu vədləri reallıqdan tamamilə uzaqdır. Çünki Avropa İttifaqının Ermənistanın təhlükəsizliyinin qorunması praktiki cəhətdən mümkün deyil. Avropa İttifaqının təhlükəsizlik strukturu yoxdur və qurumun öz təhlükəsizliyi belə NATO tərəfindən qorunur.

Ona görə də Avropa Parlamentinin belə bir bəyanatla çıxış etməsi sadəcə olaraq qərbin Ermənistandan Rusiyaya qarşı istifadə etməsini ehtiva edən planın tərkib hissəsidir. Görünən odur ki, kollektiv qərb heç bir əsası olmayan sözlər verərək İrəvanı Kremldən uzaqlaşdırmaq istəyir. Buna da müəyyən mənada nail olub. Son dövrlərdə Ermənistan KTMT-dəki nümayəndəsini geri çağırıb, ABŞ-la birlikdə hərbi təlimlər keçirib, davam edən müharibə çərçivəsində Ukraynaya humanitar yardım edib. Üstəlik, İrəvan və Moskva rəsmiləri arasındakı ziddiyyət artıq "qarşılıqlı atışma" fazasına keçib. Avropa dövlətləri isə yaranan bu vəziyyətdən istifadə edərək Ermənistan üzərindən Cənubi Qafqazda rıçaqlar əldə etmək, Kremli isə regiondan sıxışdırıb çıxarmaq istəyir. Bu isə İrəvanın gələcəyi üçün yaxşı ssenari vəd etmir. İki qütbün mübarizə arenasına çevrilən İrəvanın Ukrayna kimi müharibəyə sürüklənməsi, sonra da müharibə meydanında yalnız buraxılması istisna deyil. Paşinyan hökuməti indi təcili şəkildə sülh müqaviləsini imzalamalı və regiona kənar güclərin daxil olmasının qarşısını almalıdır. Əks halda, yeni müharibə Nikol Paşinyanın hakimiyyəti üçün sonun başlanğıcı ola bilər.

Jalə QASIMZADƏ,

"Respublika".