ATƏT indiyədək hansısa münaqişəni həll etməyib
Siyasət

ATƏT indiyədək hansısa münaqişəni həll etməyib

ATƏT Avropada təhlükəsizlik və əməkdaşlığın inkişaf etdirilməsində, eyni zamanda müharibənin alternativi kimi regional münasibətlərin qorunmasında, formalaşmasında, gələcəyə yönəlmiş perspektivlərin müəyyən olunmasında və bu imkanların axtarılmasına xidmət edən mühüm bir qurum kimi meydana çıxmışdı. Əvvəl Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi adlanan bu qurum ATƏT-ə çevrildikdən sonra bir sıra ciddi regional münaqişələrdə söz sahibi ola bildi. ATƏT soyuq müharibə dövründə qarşı duran cəbhələri özündə birləşdirən bir təşkilata çevrildi. Bura amansız şəkildə toqquşan sosialist və kapitalist cəbhəsi arasında dialoq üçün tribuna idi.

Məlum olduğu kimi, Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edildikdən sonra Qarabağ münaqişəsi ATƏT-in predmetinə daxil oldu və bu məqsədlə təşkilatın daxilində Minsk qrupu yaradıldı. Təşkilat tərəfindən iki ölkə arasında münaqişənin həllinə yönəlmiş təxminən dörd "sülh plan"ı təqdim edilmişdi. Lakin bunların heç biri Azərbaycanın milli maraqlarını özündə əks etdirmirdi. Həmin dövrdə, yəni 90-cı illərdə Azərbaycanın daxilində də vəziyyət gərgin idi və ölkəmizin dünyanın siyasi xəritəsindən silinməməsi üçün ümummilli lider Heydər Əliyev var gücü ilə çalışırdı. O illərə nəzər saldıqda görürük ki, Azərbaycan bu münaqişədə təklənən tərəfə çevrilmişdi. Ermənistanın arxasında isə böyük güclər dayanırdı. ATƏT də bundan istifadə edib Azərbaycanın mənafeyinə zidd addımlar atırdı. Sülh naminə verdiyi təkliflər əslində, ölkəmizin ərazi bütövlüyünə qəsd idi. ATƏT digər tərəfdən də Azərbaycanı işğalla barışmağa, Ermənistan tərəfinə kompromisə getməyə, həmçinin bu məsələni gələcək nəsillərə buraxmaqla münaqişənin yaralarının unudulmasına çalışırdı. Verilən təkliflər Qarabağdan imtina kimi paradiqmaları özündə əks etdirir və münaqişənin müharibə ilə həll yolunun mümkünsüzlüyünü özündə cəmləşdirirdi.

2020-ci ildə Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən, öz ərazi bütövlüyünü bərpa etdikdən sonra da insan haqlarını özünün başlıca prioriteti qəbul etmiş ATƏT-dən ədalətli yanaşma görmədik. Birincisi ona görə ki, ATƏT müharibədə həlak olmuş mülki Azərbaycan əhalisi ilə bağlı reallıqları dilə gətirmədi, ölkəmizə qarşı törədilmiş müharibə cinayətlərinə, yəni insan haqlarının pozulması kontekstində Azərbaycanın müdafiəsinə qalxmadı. Bundan başqa, Azərbaycana dəymiş zərərə görə də susqunluq nümayiş edirdi. Ərazi bütövlüyümüzü və suvereniyimizi bərpa etdiyimiz zaman ATƏT beynəlxalq hüququ deyil, tamamilə zidd mövqe ortaya qoydu və Azərbaycanı müxtəlif feyk informasiyalar əsasında günahlandırmağa çalışdı. Ona görə də deyə bilərik ki, bütün bu hallar təşkilatın özünün preambulaları, üzərinə götürdüyü öhdəliklər və beynəlxalq hüquq qarşısında bir sınaq idi və ATƏT də bu sınaqlardan çıxa bilməyən regional təşkilatlardan biri oldu. Artıq ATƏT Azərbaycan üçün əhəmiyyət kəsb etmir və hər kəs də başa düşür ki, bu təşkilat vasitəsilə hansısa münaqişəni həll etmək mümkün deyil.                                     

Əziz ƏLİBƏYLİ,

Sosial Tədqiqatlar Mərkəzinin departament müdiri.