Atəşkəs, ordu quruculuğu, hücum diplomatiyası, tarixi Qələbə
Digər xəbərlər

Atəşkəs, ordu quruculuğu, hücum diplomatiyası, tarixi Qələbə

Müasir tariximizin səhifələrində qara ləkə kimi qalan AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə işğal, məcburi köçkünlük, hərbi təcavüz, yarıda qırılan insan taleləri, xəyanət, dövlətçiliyin itirilməsi təhlükəsi, vətəndaş müharibəsi qorxusu, iqtisadiyyatın çökməsi, həyat şəraitinin ağırlaşması, ərzaq qıtlığı, qanunların işləməməsi, dərəbəyilik, xaos, anarxiya xalqımızda ümidsizlik yaratmışdı, "nə edək, hara üz tutaq, axırımız necə olacaq" kimi suallar insanları məngənə kimi sıxırdı. 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi - Xankəndi şəhəri, Ağdərə, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi işğal olundu.

Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü, 20 min nəfərdən çox azərbaycanlı hərbi əməliyyatlar dövründə öldürüldü, 50 min nəfərdən çoxu isə əlil oldu. Birinci Qarabağ müharibəsi nəticəsində aralarında 71 uşaq, 267 qadın, 326 qoca olmaqla, itkin düşmüş 3890 azərbaycanlının, o cümlədən əsir və girov götürüldüyü müəyyən edilmiş, 872 nəfərin (2020-ci il dekabrın 1-nə olan məlumata əsasən) sonrakı taleyi hələ də məlum deyil. Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri düşmən tərəfindən qarət edilərək dağıdıldı. Havadarlarının köməyi ilə erməni işğalı durmadan irəliləyir, artıq müharibə küləyi Mil, Muğan düzlərində hiss olunur, məğlubiyyətlər qorxulu kabus kimi hər tərəfdə dolaşırdı. Belə çətin, ziddiyyətli və təhlükəli bir vaxtda xalqımız öz dahi oğlu Heydər Əliyevə müraciət etdi, onun hakimiyyətə qayıtması üçün səfərbər oldu. Ulu öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra çox qısa bir müddətdə, cəmi altı ay ərzində milli ordu quruculuğu sayəsində 1994-cü il yanvarın 4-də Ermənistan ordusuna qarşı əks-hücum əməliyyatları başlandı. Buna qədər isə ulu öndər cəbhə bölgələrinə səfərlər edir, səngərlərdə əsgər və zabitlərlə görüşür, real vəziyyəti qiymətləndirir, əməliyyat planları hazırlanırdı. Yüksək peşəkarlıqla həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində çox qısa müddətdə Füzuli rayonunun Horadiz qəsəbəsi və 22 kənd işğaldan azad edildi. Xalq qələbə sevincini daddı, ümidlər dirçəldi, inam yarandı, millət öz liderinin arxasında dayanaraq yumruq kimi birləşdi.

Tarixi xronologiyaya nəzər salanda aydın olur ki, ulu öndər həmin illərdə çox gərgin işləyib, əsl fədakarlıq göstərib, məğlubiyyətlərin acısını yaşayan xalqa ümid verib, Azərbaycanın gələcəyi haqqında nikbin fikirlər söyləyib. Horadiz qələbəsindən dörd ay sonra, 1994-cü il mayın 3-dən 5-dək Prezident Heydər Əliyev Azərbaycanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulması üçün Belçikada rəsmi səfərdə olub. Brüsseldə NATO Şurasının iclasında çıxış edən ulu öndər Azərbaycanın daxili və xarici siyasətinin əsas prinsiplərini açıqlayıb, bütün görüşlərində və çıxışlarında diqqəti ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğuna yönəldib, həmçinin ozamankı Minsk qrupunun fəaliyyətsizliyini cəsarətlə tənqid edib. Brüssel görüşlərindən bir neçə gün sonra ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti, böyük nüfuzu sayəsində üç il davam edən qanlı döyüşlərdən sonra ATƏT-in keçmiş Minsk qrupu çərçivəsində beynəlxalq vasitəçilərin iştirakı ilə tərəflər arasında atəşkəs müqaviləsi imzalanıb. 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs elan olunub. Beynəlxalq politoloqların qənaətinə görə, keçmiş Dağlıq Qarabağ konflikti SSRİ ərazisində yaranmış və böyük insan tələfatıyla nəticələnmiş ilk etnik münaqişədir. Erməniləri atəşkəsə məcbur edən səbəblərdən ən birincisi o oldu ki, Azərbaycan əks-hücum əməliyyatları ilə bəzi əraziləri işğaldan azad etdi, işğalçılar anladılar ki, zəbt etdikləri əraziləri saxlamaq üçün atəşkəs müqaviləsini imzalayaraq mövcud vəziyyəti dondursunlar və sonrakı illərdə bu özünü daha qabarıq şəkildə büruzə verdi. Daha doğrusu, münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in keçmiş Minsk qrupu daha çox ermənipərəst mövqedə dayanaraq işğalçılara keçmiş Dağlıq Qarabağdakı bir ovuc erməniyə müstəqillik vəd edir, işğal faktını görməməzlikdən gəlir, ermənilərin öz müqəddəratını təyinetmə xəyallarına şərik olurdular. Eyni zamanda, Ermənistana şərait yaradılırdı ki, başqa yerlərdən gətirilən erməniləri işğal olunmuş bəzi Azərbaycan ərazilərində məskunlaşdırsın, keçmiş Dağlıq Qarabağ iqtisadiyyatını Ermənistana inteqrasiya edən infrastruktur layihələr reallaşdırsın.

Atəşkəs müqaviləsinin imzalanmasından sonra Azərbaycan regionda beynəlxalq əhəmiyyətli böyük enerji və infrastruktur layihələrini reallaşdırmağa başladı və çox böyük, həm də əhəmiyyətli neft kontraktları imzalandı. Bu, ilk növbədə neft və qaz ehtiyatları ilə zəngin olan Azərbaycanı dünyada neft ölkəsi kimi tanıtdı, iqtisadiyyatımız yeni bir dövrə qədəm qoydu. Təbii ki, Qərb ölkələri həmin neft kontraktları ilə öz enerji təhlükəsizliklərini təmin etməyə, Rusiyadan asılılığı azaltmağa çalışsalar da, Azərbaycanda görünməmiş iqtisadi yüksəliş baş verdi: 2006-cı ildə ÜDM 36 faiz artdı. Qeyd edək ki, atəşkəsdən sonra yaranmış sabitlik həm Azərbaycana, həm də Ermənistana Avropa təşkilatlarına və NATO-ya inteqrasiya prosesini başlatmaq imkanı verdi. Yaranmış sabitlik həmçinin regionda beynəlxalq əhəmiyyətli böyük enerji və infrastruktur layihələrini reallaşdırmağa şərait yaratdı.

Azərbaycan sürətli inkişaf mərhələsinə qədəm qoyaraq müasir ordu quruculuğuna, müdafiə sənayesinin qurulmasına, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına nail oldu. Yeri gəlmişkən qeyd edək ki, neft kontraktlarından gələn ilk gəlirlər keçmiş məcburi köçkünlər üçün qəsəbələrin salınmasına, onların sosial müdafiəsinin gücləndirilməsinə sərf edildi.

Atəşkəs 26 il davam etdi. Lakin bu illər ərzində uzunmüddətli siyasi razılaşma əldə etmək mümkün olmadı. Danışıqlarda Azərbaycan öz ərazi bütövlüyü və beynəlxalq miqyasda tanınmış sərhədlərin toxunulmazlığı prinsipindən çıxış edir, Ermənistan isə Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərin öz müqəddəratını təyinetmə hüququna və atəşkəs imzalanan andakı hərbi üstünlüyünə əsaslanır, Rusiya ilə təhlükəsizlik və hərbi əməkdaşlıq müqaviləsinə, o cümlədən Qərb ölkələrindəki erməni diasporlarının ənənəvi siyasi dəstəyinə söykənirdi. Digər tərəfdən işğalçı Ermənistan tez-tez cəbhə xəttində atəşkəs rejimini pozur, silahlı qüvvələrimizin mövqelərini, dinc yaşayış məntəqələrini atəşə tutur, hərbi cinayətlər törədir, "yeni ərazilər, yeni müharibə" iddiası irəli sürür, bir sözlə, cığal oyunçu kimi qaydaları pozurdu. Nəhayət, 2016-cı ilin aprel ayında cəbhə xəttində çox ciddi toqquşma baş verdi. Belə ki, Ermənistan ordusu Tovuz rayonu istiqamətindəki döyüş mövqelərimizi, sərhəd kəndlərini ağır artilleriya atəşinə məruz qoydu. Müdafə Nazirliyinin gördüyü cavab tədbirləri nəticəsində 4 gün davam edən gərgin döyüşlərdən sonra Azərbaycan işğal olunmuş torpaqlarının 2 min hektarını geri qaytardı, mühüm strateji əhəmiyyət daşıyan Lələtəpə yüksəkliyi işğalçılardan azad edildi, hərbi üstünlük qazandığımız döyüşlərdən vəlvələyə düşən düşmən ölkə Rusiyanın əli ilə yenidən atəşkəs elan etdi. Azərbaycanın hərbi güc nümayiş etdirməsi Ermənistanda çaxnaşmalara səbəb oldu. Həmin hadisə erməni korrupsioner hakimiyyətin tərifini göyə qaldırdığı Ermənistan ordusunun döyüş qabiliyyətinin aşağı olduğunu, köhnə və yararsız hərbi texnikalardan istifadə etdiyini göstərdi. Dördgünlük müharibə həm də Ermənistan əhalisinin cani Robert Köçəryana, Serj Sərkisyana, ermənilərdən alət kimi istifadə edən "Qarabağ klanı"na qarşı narazılığını daha da artırdı və İrəvanda mitinqlər keçirildi. Nəticə etibarilə keçmiş jurnalist və deputat Nikol Paşinyan hakimiyyətə gətirildi.

Ermənistanın baş naziri Nikol Paşinyan 2019-cu il avqustun 5-də Xankəndidə "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə" açıqlaması ilə sülh danışıqlarına ciddi zərbə vurdu. Eyni zamanda, Ermənistan BMT-nin 4 qətnaməsini saya salmadı. Əlbəttə, Paşinyanın bu sərsəm çıxışı cavabsız qala bilməzdi. Hücum diplomatiyasına üstünlük verən dövlətimizin başçısı İlham Əliyev 2019-cu il oktyabrın 3-də "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı həmin bəyanata sərt şəkildə cavab verdi: "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə". Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi". Ardınca isə, 2020-ci il sentyabrın 24-də dövlətimizin başçısı BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını bəyan etdi. Bir gün sonra, sentyabrın 25-də Prezidentimiz Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edərkən bir daha qeyd etdi ki, Azərbaycan tərəfinin kəşfiyyat məlumatları göstərir ki, Ermənistanda Azərbaycana qarşı çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm. Bütün xəbərdarlıqlara baxmayaraq Ermənistan hərbi qüvvələri 2020-ci il sentyabrın 27-də genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Dinc sakinlər hədəf alındı, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəydi. Ordumuz düşmənin hücumlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatına başladı.

Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlayan Vətən müharibəsi 44 gün davam etdi və əldə edilən parlaq qələbə hərb tariximizin ən şərəfli səhifəsi oldu. Döyüş meydanında rüsvayçı şəkildə məğlub olan düşmənin ordusu tar-mar edildi, hərbi texnikaları sıradan çıxarıldı, canlı qüvvəsi məhv edildi. 2020-ci il noyabrın 10-da "Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı" qəbul edildi və Ermənistan kapitulyasiya aktını imzaladı. Bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Dövlətimizin başçısı bu barədə deyib: "Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır". Beləliklə, bu sənədə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan, şəhid vermədən azad edildi. Zəngəzur dəhlizinin yaradılması tarixi zərurətə çevrildi.

Salman ALIOĞLU,

"Respublika".