Astana Beynəlxalq Forumu
İQTİSADİYYAT

Astana Beynəlxalq Forumu

Astana Beynəlxalq Forumunda iştirak edən energetika naziri Pərviz Şahbazov “Bərpa olunan enerji sahəsində regional inkişaf: enerji təhlükəsizliyinin təmin olunmasının alternativ yolları” mövzusuna həsr olunmuş sessiyada çıxış edib. 9 iyun Energetika Nazirliyindən verilən məlumatda bildirilir.

Hazırda “yaşıl enerji”nin inkişafını enerji keçidi, ətraf mühitin mühafizəsi siyasəti ilə yanaşı enerji təhlükəsizliyi ilə bağlı narahatlıqların təşviq etdiyini vurğulayan nazir deyib ki, bərpa olunan enerji mənbələri dayanıqlı enerji təchizatı üçün diversifikasiyanı təmin edən alternativlərdəndir.

Azərbaycan “yaşıl enerji”ni özünün deyil, tərəfdaşlarının enerji təhlükəsizliyini təmin etmək və 2030-cu ilədək təmiz ətraf mühitə malik yaşıl artım ölkəsinə çevrilmək üçün inkişaf etdirir. Avropa İttifaqı ilə yenilənmiş strateji enerji tərəfdaşlığımıza uyğun olaraq  Azərbaycandan Avropa ölkələrinə əlavə qaz tədarükünün mənbələrindən biri məhz “yaşıl enerji”dir. Bərpa olunan enerji mənbələrindən geniş istifadə imkan verir ki, Azərbaycan həm “yaşıl enerji”nin ixracatçısı olsun, həm də böyük həcmlərdə qənaət edilmiş qaz hesabına ixrac imkanlarını artırsın.

Həmçinin beynəlxalq enerji şirkətləri ilə 28 QVt-dan çox “yaşıl enerji” layihələri üzrə əməkdaşlıqdan, AYİB-in dəstəyi ilə həyata keçirilən “yaşıl hidrogen”in istehsalı və ixracının kommersiya məqsədəuyğunluğunu təsdiqləyən bazar araşdırmasından, 2030-cu ilə qədər 7 QVt həcmində istehsal güclərinin istismara verilməsi və “yaşıl enerji”nin ixracı ilə bağlı planlardan bəhs edilib.

“Respublika”.