Aqrar sahə: ŞƏHƏRDƏN  KƏNDƏ  GEDİRİK
Region

Aqrar sahə: ŞƏHƏRDƏN  KƏNDƏ  GEDİRİK

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC (ATT) tərəfindən həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fermerlərlə görüşlər keçirilir. Layihənin əsas məqsədi, kiçik və orta fermer təsərrüfatlarını inkişaf etdirmək, fermerlər üçün alternativ satış kanalı və gəlir mənbəyi, eləcə də şəhər əhalisi üçün yeni turizm imkanı yaratmaqdır. Layihə çərçivəsində fermerlərə maarifləndirmə təlimləri keçirilir, həmçinin onlar layihənin verdiyi digər imkanlardan yararlana biləcəklər. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən həyata keçirilən "Şəhərdən Kəndə" layihəsi çərçivəsində "Paşa Holding" və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi əsasında "Ailə təsərrüfatlarında aqroturizm fəaliyyətlərinin praktik təşkili", Göygöl rayonunda müraciət etmiş 20 nəfər fermerin iştirakı ilə maarifləndirmə təlimləri keçirilib. Tədbirin məramı regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması,  eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanı yaratmaq məqsədini daşıyır. Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən və 2 gün davam edən maarifləndirmə təlimlərində yerli fermerlər aqroturizmin əsas prinsipləri və beynəlxalq təcrübələri ilə tanış olublar. Onlar təsərrüfatlarında qonaq olan turistlərin qarşılanması, qidalanmanın təşkili, məhsulların qablaşdırılmasının və sərgilənməsinin təşkili, təsərrüfatlarındakı məhsulların satışından gəlir əldə etmənin yolları, bütövlükdə aqroturizm xidmətlərinin göstərilməsi mövzularında məlumatlandırılıblar.

Təlimlərdən sonra mütəxəssislər layihəyə qoşulmuş fermer təsərrüfatlarına səfər edib, baxış keçirib, yaradılan şəraitlə yerində tanış olublar. Eyni zamanda kənd turizmi üçün uyğun olan təsərrüfatlar qeydə alınıb.

                 Zabit XƏLİLOV,

                 “Respublika”.