Antisemitizm və islamofobiya: irqçiliyin 2 üzü
Siyasət

Antisemitizm və islamofobiya: irqçiliyin 2 üzü

Bəşəriyyət yarandığı gündən insanlar da daxil olmaqla bütün canlılar öz aralarında mübarizə aparıblar. Heyvanlar yalnız ac qalmamaq üçün bu mübarizədə yer almışlarsa, insanlıq bütün bunlardan öz maraqları üçün istifadə etmişdir. Nəticə göz önündədir: müharibələr, qətliamlar, antimeyillər. Ancaq bunların heç biri insanlıq tarixinin üzləşdiyi faciələrə rəvac verə bilməz.

Bəşəriyyətin bu qədər inkişaf etdiyi XXI əsrdə cinayətlərin və meyillərin daha da güclənməsi isə düşündürücüdür. Qərbin bəzi xristian dairələrinin antisemitizm adı altında həm də islamofob təsirləri özündə ehtiva etməsi dərin narahatlıq doğurur. İstənilən ərazilərdə münaqişə ocaqları yaratmaq istəyən həmin qüvvələr öz əməllərinə siyasi don geyindiməkdən də çəkinməmişlər. Bir tərəfin öz mənafeyi naminə digərini ölüm-qalım mübarizəsinə təhrik etməsi fonunda bir sual insanı daha çox narahat edir: Sülh kimə lazımdır?

İlk öncə antisemitizm anlayışına nəzər salsaq, görərik ki, bu düşüncə yəhudi əleyhdarlığından əlavə, onlara qarşı düşmənçilik meyillərini də özündə birləşdirir. Ötən əsrdə, yəni 1933-1945-ci illər arasında faşist Almaniyası və onun dəstəkçiləri tərəfindən Avropa yəhudilərinin dövlət tərəfindən maliyyələşdirilən təqibi və qırğını olan "Holokost" tarixdə antisemitizmin ən ifrat nümunəsidir. 1879-cu ildə alman jurnalisti Vilhelm Marr yəhudilərə nifrətə və XVIII-XIX əsrlərdə ümumiyyətlə yəhudilərlə bağlı olan müxtəlif liberal, kosmopolit və beynəlxalq siyasi meyillərə istinad edərək antisemitizm terminini işlətdi. Hücuma məruz qalan tendensiyalar bərabər vətəndaş hüquqları, konstitusiya demokratiyası, azad ticarət, sosializm, maliyyə kapitalizmi və pasifizmi əhatə edirdi. Bununla belə, yəhudilərə qarşı açıq-aşkar nifrət müasir dövrdən və antisemitizm sözünün yaranmasından əvvəl formalaşıb. Yəhudilərə qarşı tez-tez hökumət rəsmiləri tərəfindən təşviq edilən qırğınlar və şiddətli üsyanlar tarix boyu antisemitizmi əks etdirmişdir.

Müasir dövrdə antisemitlər nifrət ideologiyasına siyasi ölçü də əlavə etdilər. XIX əsrin sonunda Almaniya, Fransa və Avstraliyada antisemit siyasi partiyalar yaradıldı. Siyasi antisemitizmin komponentlərindən biri millətçilik idi. Millətçilik tərəfdarları ümumiyyətlə yəhudiləri satqın olmaqda ittiham edirdilər. Lakin burada da tarixi paradoks özünü göstərir. İlk başlarda yəhudilərə dəstək verən Qərb dövlətləri daha sonra Hitlerin "Holokost"una qarşı səssiz qaldılar. Riyakar xristian dairələri özlərinə sərf edən nəticəni əldə etmək üçün mənsəb və məqsəd dəyişdirməkdən əl çəkmədilər.

XIX əsrdə yəhudi mənəviyyatının germanizmə düşmən olduğunu iddia edən alman mütəfəkkirləri, alimləri və sənətçiləri tərəfindən irəli sürülən ksenofobik "xalq hərəkatı" yəhudi anlayışını "qeyri-alman" kimi xarakterizə etdi. İrqi antropologiya nəzəriyyəçiləri də bu fikri saxta və elmi olmayan dəlillərlə dəstəklədilər. 1919-cu ildə qurulan və Adolf Hitlerin rəhbərlik etdiyi nasist partiyası irqçi nəzəriyyələrə siyasi ifadə verdi. Nasist partiyası qismən antisemitizm təbliğatı aparmaqla ictimaiyyət arasında populyarlıq qazandı. Milyonlarla insan Hitlerin "Mein Kampf" (Mənim mübarizəm) kitabını aldı.

1933-cü ildə nasistlər hakimiyyətə gələndə partiya antisemit iqtisadi boykotlar, ictimai kitabların yandırılması əmrini verdi və ayrı-seçkilik xarakterli antisemit qanunlar qəbul etdi. 1935-ci ildə Nürnberq Qanunları yəhudiləri daşıdıqları qana görə təyin edərək irqçi bir yanaşma tətbiq etdi. Bu şəkildə irqçi iyerarxiya da qanuniləşdirildi. 1938-ci il noyabrın 9-na keçən gecə bütün Almaniya və Avstraliyada nasistlər sinaqoqların və yəhudi dükanlarının şüşələrini sındırdılar (indi sınmış şüşə gecəsi kimi tanınır). Bu, keçidin başlanğıcı idi.

Orta dövrlərdən XX əsrin ortalarına qədər həm yəhudilərə, həm də müsəlmanlara "semit" kimi baxılırdı. "Semitizm" termini də bir insan tipini və mədəniyyətini təsvir etmək üçün istifadə edilmişdir və xristian Qərb dünyası yəhudiləri və müsəlmanları eyni dini quruluşa mənsub olan icmalar kimi görürdü. İvan Davidson Kalmar, "Antisemitizm və İslamofobiya" başlıqlı məqaləsində intibahdan sonra hakim olan görüşü açıqlayır; O, bunun "müsəlmanlar haqqında formalaşmağa başlayan stereotiplərə bənzər şəkildə yəhudiləri qəbul etmək" olduğunu və bir çoxları tərəfindən yəhudiliyin, ümumiyyətlə ərəb dininin bir hissəsi olduğunu düşündüyünü yazdı. Antisemitizmlə yanaşı, bu "ərəbləşmə" xristian avropalıların gözündə yəhudilərin imicini təbliğ edirdi.

Antisemitizmin komponentləri irq, mentalitet və dindir. Bu gün irqə istinadlar böyük ölçüdə yoxa çıxsa da, din, mədəniyyət və mentalitet arasındakı əlaqə hələ də davam edir. Antisemit əsərlər oxunduqda din və mədəniyyətlə bağlı iddiaların nə qədər aydın olduğu nəzərə çarpır. Mədəniyyət, din və mentalitet arasındakı bu əlaqələri müqayisə edərkən, antisemitizm üçün nasist ideologiyasından əvvəlki antisemitizm nümunələri, islamofobiya üçün isə gündəlik qəzet nümunələri təqdim edilə bilər.

Beləliklə, XXI əsrə əmanət qoyulan antisemitizm meyilləri Fransa və Almaniya tərəfindən davam etdirilir. Elə Cənubi Qafqazın Ermənistanı da bu mübarizədə öz yerini alıb. İkinci Qarabağ müharibəsi dövründə Azərbaycana haqlı dəstək verən İsrail dövləti ilə münasibətləri gərginləşən rəsmi İrəvan həmin dövrdən sonra öz ölkəsində yerləşən sinaqoq və yəhudilərə məxsus abidələrdə urbisid cinayətləri törədərək açıq-aşkar antisemitizm meyillərini büruzə verdi.

Qərb isə ötən əsrlərdə olduğu kimi, bu dəfə də öz siyasi xəttini davam etdirərək sülhü dəstəkləmək əvəzinə münaqişə tərəflərindən birinə təzyiq göstərərək onu daha da qızışdırmağa çalışır. Fransada Yaxın Şərqdəki eskalasiya fonunda oktyabrın 7-dən indiyədək 1000 nəfərdən çox şəxs barəsində antisemit hərəkət qeydə alınıb, 500-ə yaxın fransalı saxlanılıb. Almaniya isə fərqli məcradan irəliləyərək öz ölkəsində baş verən antiseminist hərəkətləri müsəlmanların üzərinə yıxmağa çalışır. Hansı ki, sözügedən meylin mərkəzində yer alan ölkənin bu məsələdə ayrı-seçkilik edərək müsəlmanları günahlandırması antisemitizmin təkcə yəhudilərə deyil, həm də müsəlmanlara qarşı yönəldiyini sübut edir. Beləliklə, XXI əsrdə bəzi xristian dairələrin xristian olmayanlara qarşı təhrikçi və sionist yanaşmaları bəşəriyyətin utopik şəraitini əlçatmaz edir. Tarix boyu ardı-arası kəsilməyən müharibə və törədilən qırğınların fonunda bu gün əli qana batmış ünsürlərin sülhü dəstəkləməsi birmənalı qarşılanmır. Hələ də neokolonist və antiseminist ab-havasında olan bəzi qüvvələr mümkün sülhdən ancaq öz maraqları üçün istifadə edəcək, növbəti münaqişəyə qədər "qısa fasilə" yaranacaq. Bu baxımdan, tarixin ən böyük zəfəri cinayətkarların və davamçılarının aşkarlanması, onlara layiqli cəzanın verilməsi və separatçı ünsür və meyillərin aradan qaldırılması olar. Bu halda dünyada sülhün bərqərar olmasına inanmaq ehtimalı yaranır. Digər bütün hallarda isə sülh heç kimə lazım deyil...

Tacir SADIQOV,

"Respublika".