Azərbaycanda keçiriləcək prezident seçkilərinə son hazırlıq
Diaspora

Azərbaycanda keçiriləcək prezident seçkilərinə son hazırlıq

Azərbaycanda fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə əlaqədar Seçki Məcəlləsinə uyğun olaraq ölkəmizin Türkiyədəki səfirliyində, İstanbul və Qars şəhərlərindəki baş konsulluqlarda seçki məntəqələri yaradılıb. Məntəqələrdə seçki komissiyasının üzvləri, katibləri və sədrləri təyin olunub.

Türkiyədə qeydiyyatda olan vətəndaşlarımızın prezident seçkiləri ilə əlaqədar maarifləndirilməsi üçün bütün zəruri işlər görülür. Belə ki, səsvermədə iştirakla əlaqədar qeydiyyatda olan vətəndaşlarımız daima məlumatlandırılırlar. Bundan başqa, səfirliyin və konsulluqların rəsmi internet səhifələrində, sosial şəbəkə hesablarında elanlar yerləşdirilib.

Artıq Azərbaycanın Türkiyədəki səfirliyində 46 və 47, İstanbuldakı baş konsulluqda 53 və 54, Qarsdakı baş konsulluqda isə 55 saylı seçki məntəqələri yaradılıb.

Türkiyədə daimi və ya müvəqqəti yaşayan, uzunmüddətli ezamiyyətdə, seçki günü bu ölkədə olacaq 18 yaşını tamamlamış, seçki hüququna malik Azərbaycan vətəndaşları yerli vaxtla saat 8:00-dan 19:00-dək ölkəmizin ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə seçki məntəqələrinə gələrək səsvermə hüququnu həyata keçirə biləcəklər.

Onu da qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə yaradılan Türkiyə İnternet Media Assosiasiyası (TİMBİR) Azərbaycanda 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı dəstək bəyanatı yayıb. Türkiyədə fəaliyyət göstərən 53 beynəlxalq statuslu qeyri-hökumət təşkilatlarından biri olan birliyin Türkiyənin 81 vilayətində və 10 ölkədə təmsilçiliyi var.

Dəstək Bəyanatında seçkilərin erməni işğalı altında olan torpaqların azad edilməsi fonunda keçirilməsinin xüsusi önəm kəsb etdiyi vurğulanıb:

"Bu seçkilər 1991-ci il oktyabrın 18-də müstəqillik əldə etmiş Azərbaycanın çağdaş tarixində xüsusi iz qoyacaqdır. Azərbaycanda son 35 ildə keçirilən bütün seçkilərdən fərqli olaraq, fevralın 7-də keçiriləcək seçkinin qardaş ölkənin bütün ərazisini əhatə etməsi onu xüsusi edir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə aparılan antiterror əməliyyatları nəticəsində Azərbaycan 30 ildən artıq işğal altında olan torpaqlarını azad edib, ərazi bütövlüyünü və suverenliyini təmin edib. Bu tarixi uğur, Azərbaycanın qlobal nüfuzunu xeyli artırmaqla yanaşı, dünyanın ən mürəkkəb regionlarından biri olan Cənubi Qafqazda yeni reallıqlar yaratmışdır".

Bundan başqa, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin Avropada ölkəmizə qarşı ciddi şəkildə qərəzli siyasətin yürüdülməsinə təsir etdiyinə də diqqət çəkilib:

"Azərbaycanın Cənubi Qafqazda uzun illər davam edən işğala son qoyaraq, yeni reallıqlar yaratmaqla ərazi bütövlüyünü bərpa etməsi bəzi Qərb dövlətləri və qondarma demokratik dəyərlərin daşıyıcısı olduğunu iddia edən bir sıra beynəlxalq təşkilatlar tərəfindən anlaşılmaz təzyiqlərlə qarşılandı. Anti-Azərbaycan kampaniyasında xüsusi fəallığı ilə seçilən Fransa, bütün "qırmızı xətləri" keçərək Cənubi Qafqazda yeni müharibənin alovlanması üçün əlindən gələni edir. Təəssüf ki, bu kampaniyada Fransanın diktəsi ilə fəaliyyət göstərən kollektiv Qərb, Avropa Parlamenti, Avropa Şurası kimi strukturlar sözün əsl mənasında Azərbaycana qarşı "səlib yürüşü"nə çıxıblar. Bu kontekstdə sanki Azərbaycana qarşı əsassız ittihamların güclənməsi yetərli deyilmiş kimi, Avropa Şurası Parlament Assambleyasının yenidən anti-Azərbaycan platformasına çevrilməsi sübut edir ki, Qərbin əsl niyyəti bölgədə sülhü təmin etmək deyil. Lakin son dərəcə sevindirici haldır ki, Azərbaycan dövləti bu əsassız hücumları qətiyyətlə dəf edir və öz milli maraqlarından bir addım belə geri çəkilmir. İnanırıq ki, fevralın 7-də keçiriləcək seçkilər Azərbaycan üçün faydalı olacaq və xalq öz iradəsini seçki qutularında əks etdirəcək".

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.