ANAMA ilə ABŞ-ın Marşal İrsi İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Digər xəbərlər

ANAMA ilə ABŞ-ın Marşal İrsi İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) idarə heyətinin sədri Vüqar Süleymanov ABŞ-ın Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimor, İnstitutun əməliyyatlar üzrə vitse-prezidenti Eliz Beyker və ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov ilə görüşüb.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ANAMA ilə Marşal İrsi İnstitutunun arasında minaaxtaran itlərlə bağlı bu günədək görülən işlər və əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb. ANAMA-nın idarə heyətinin sədri Vüqar Süleymanov Agentliyin qarşısında duran mühüm məsələlər haqqında məlumat verib. Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlarla yüksək dərəcədə çirkləndirildiyi qonaqların diqqətinə çatdırılıb. Qeyd olunub ki, hazırda ANAMA bu torpaqların ümumi tədqiqatı istiqamətində işləri davam etdirir.

ANAMA-nın idarə heyətinin sədri Marşal İrsi İnstitutu ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin tarixindən danışıb. Bildirib ki, 2005-ci ildən bu günədək Marşal İrsi İnstitutu tərəfindən Azərbaycanın minatəmizləmə proqramına 50 minaaxtaran və partlayıcı axtaran it hədiyyə edilib. İtlər müvafiq təlim və akkreditasiyadan keçirildikdən sonra işğaldan azad edilmiş torpaqların təmizlənməsi əməliyyatlarına cəlb olunur.

Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimor Azərbaycanda keçirilən minatəmizləmə əməliyyatlarına töhfə verməklə fəxr etdiyini deyib. O, ANAMA-nın bütün beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini vurğulayıb, Agentliyin xüsusi təlim proqramının və itlərin saxlanma şəraitini yüksək dəyərləndirib. Bildirib ki, dördayaqlı minaaxtaranlar müsabiqələrdə ilk yerləri qazanırlar. Marşal İrsi İnstitutunun prezidenti avqustun 23-də gətirilən ilk 10 minaaxtaran itin əməliyyatlara qoşulmasının minatəmizləmə əməliyyatlarına müsbət təsirini göstərəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Marşal İrsi İnstitutunun nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində avqustun 26-da ANAMA-nın idarə heyətinin sədri Vüqar Süleymanov və Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimor iki qurum arasında anlaşma memorandumu və müqavilə imzalayacaqlar.

AZƏRTAC