Siyasət

"Amerikanın səsi" və yeni niyyətlər

Media qurumları insanları yerli və beynəlxalq hadisələr haqqında məlumatlandırır, bir çox problemlərdən xəbərdar edir. Həmçinin düzgün və qərəzsiz məlumat vermək, müxtəlifliyi əks etdirmək və öz sosial öhdəliklərinə uyğun fəaliyyət göstərmək missiyası daşıyır. Media etikası və keyfiyyəti cəmiyyətdə inam və hörməti qorumaq üçün çox vacibdir. Bir çox ölkələrdə yerli KİV-lə yanaşı, xarici xəbər saytlarının filialları mövcuddur. Bu, həm də ölkədə söz azadlığından, dövlətin şəffaf siyasətindən xəbər verir. Hazırda Azərbaycanda bir neçə xarici media qurumu fəaliyyət göstərir. Bunlardan biri də "Amerikanın səsi"dir. Adından da bəlli olduğu kimi, ABŞ hökumətinin xarici auditoriya üçün nəzərdə tutulmuş xəbər yayımlama təşkilatıdır. "Amerikanın səsi"nin nizamnaməsinə əsasən yayımların məqsədi: Amerika və dünya haqda xaricdəki auditoriyaya multimedia formatında səhih, obyektiv və balanslı məlumat verməklə azadlıq və demokratiyanı təşviq etməkdir.

Öz avazını bütün ölkələrdə eşitmək istəyən ABŞ, son vaxtlar geniş nümayiş etdirdiyi anti-Azərbaycan siyasətini təşkilatın vasitəsilə dünyaya çatdırır. Lakin bəlli məsələdir ki, rəsmi Vaşinqtonun oynadığı siyasi oyunların tək məqsədi hər hansı regionda və ya ölkədə Amerikanın maraqlarını təmin etmək, həmin ərazinin sərvətlərini mənimsəmək və istismar etməkdir. Bəlli məsələdir ki, ABŞ-ı heç bir kənar ölkənin rifahı, ümumiyyətlə nə demokratiya, nə insan hüquqları, nə sülh, nə də sabitlik maraqlandırmır. Buna görə də Cənubi Amerika, Afrika, Asiyanın böyük bir hissəsi rəsmi Vaşinqtonun siyasi oyunları üçün poliqona çevrilib. Görünən budur ki, ABŞ indi də özü üçün Cənubi Qafqazda yeni poliqon yaratmaq niyyətindədir. Bu məqsədlə Ağ Ev ən güclü vasitə olan mediadan istifadə edərək bunu reallaşdırmağa çalışır. Lakin bu, heç də asan başa gələcək məsələ deyil.

Yalan, heç bir əsası olmayan xəbərləri olduğu kimi, heç sorğulamadan yayımlayan "Amerikanın səsi" bu dəfə də Azərbaycanda terror aktları törədən iranyönümlü hərəkatı dəstəkləyib. Belə ki, təşkilat qətl və kütləvi iğtişaşlar törətməkdə təqsirli bilinən, "Müsəlman birliyi" adlı qeyri-qanuni hərəkatın rəhbəri Taleh Bağırzadənin həyat yoldaşı haqqında süjet paylaşıb. Bu hal ilk dəfədir ki, baş vermir. Bundan qabaq da yayımlanan sujetlərdə həmin şəxs "yazıq" formada qələmə verilib. Lakin xatırlatmaq lazımdır ki, Taleh Bağırzadə təşkil etdiyi tədbirlərdəki çıxışlarında dini maarifləndirmədən daha çox ancaq dövlət və ayrı-ayrı şəxsləri tənqid etməklə məşğul olub. Bundan başqa, onun ABŞ və Qərbyönümlü şəxslərlə yaxınlığı, onlara dəstək verməsi məsələyə az da olsa, aydınlıq gətirir. Təşkilatın yayımladığı yazılarda həmin şəxsin aclıq aksiyaları keçirdiyi və vəziyyətinin pis olduğu üçün həyat yoldaşının narahatçılığı qeyd edilib. Lakin Amerikanın haqq carçısı nədənsə, məhbusun həyat yoldaşının qanunsuz əməllərindən yazmayıb. Ötən illərdə xanım övladları ilə birgə həyat yoldaşı məhkum T.Bağırzadə ilə görüşlərinin birində cəzaçəkmə müəssisələrində istifadəsi qadağan olunmuş mobil telefonu qanunsuz olaraq ərinə ötürməyə cəhd edib. Nəticədə faktla bağlı ibtidai istintaq aparılaraq onun əməlində cinayət tərkibinin olduğu müəyyən edilib. Buna baxmayaraq, bu əməlin böyük ictimai təhlükə törətmədiyi, himayəsində dörd azyaşlı uşağının olması, mövcud ailə vəziyyəti nəzərə alınaraq səmimi peşman olduğu halda, barəsində cinayət təqibinə xitam verilməsinin mümkünlüyü nəzərdən keçirilib. Bundan sonra məhbusun həyat yoldaşı əməlindən səmimi peşmanlığını bildirərək təqsirindən keçilməsini xahiş edib. Bu əsaslarla istintaq tərəfindən prosessual qaydalara uyğun olaraq onun barəsində humanist qərar çıxarılıb, cinayət təqibinə Baş Prokurorluğun razılığı ilə xitam verilib. Lakin buna baxmayaraq, məsələ həmin dönəmdə süni şişirdilib və anti-Azərbaycan qüvvələri tərəfindən şəxsin guya məhkəmə məsuliyyətinə verilməsi barədə məlumatlar yayılıb. Azərbaycanın müxalif qüvvələrin bu kimi addımlarının sübutlara əsaslanaraq qarşısını alır.

Bundan başqa, Amerika KİV-i əvvəl də belə paylaşımlar edib. Belə ki, ötən illərdə qurum ciddi mənbəyə əsaslanmayaraq, Azərbaycan Ordusunun guya Qarabağdakı mülki əhaliyə zərbə endirməsilə bağlı yazını oxucuları ilə bölüşmüşdü. Həmçinin saxta məlumatı yaymaqla kifayətlənməyərək, Gəncədə ermənilərin raket zərbəsi nəticəsində dağılan evlərin fotosunu paylaşıb. Saxta məlumat və səhv foto paylaşan media orqanı ciddi etirazlarla qarşılaşıb. Bundan sonra o, foto və xəbəri silib.

"Amerikanın səsi" televiziya və radiosunun ixtişaş yaratmaq məqsədilə yaydığı bu kimi xəbərlər ABŞ-ın "parçalara bölüb idarə etmək" siyasətindən xəbər verir. Lakin Ağ Ev mediasının anti-Azərbaycan hərəkətləri elə öz rəsmiləri tərəfindən də pislənilir. Belə ki, "Naval postgraduate school"un (ABŞ) professoru və Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer öz rəsmi sosial media hesabında paylaşım edərək media qurumunu tənqid edib: "ABŞ vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən "Amerikanın səsi" televiziya və radiostansiyası Azərbaycanda terror aktları törətmiş, İranın himayə etdiyi hərəkatı dəstəkləyir".

Amerikanın səs salaraq vətəndaşlarımızı çaşdırmaq, qarışıqlıq yaratmaq niyyəti bu dəfə də alınmadı. Bu kimi yalan xəbərlərin paylaşılması qəbuledilməzdir.

Töhfə SƏMƏDOVA,

"Respublika".